27 sentyabr Azərbaycan xalqının tarixinə həm kədər, həm də qürur dolu bir gün kimi həkk olunmuşdur. Bu gün biz yalnız Vətən uğrunda canını fəda etmiş şəhidlərimizi anmırıq, həm də onların müqəddəs amalını – torpaqlarımızın azadlığı, xalqımızın bütövlüyü və dövlətimizin gücü uğrunda göstərdikləri fədakarlığı xatırlayırıq.
2020-ci ilin məhz bu günündə, 27 sentyabrda ölkə Prezidenti cənab İlham Əliyevin bir çağırışı ilə Azərbaycan xalqı ayağa qalxdı. Xalq, onun igid oğulları Ali Baş Komandanın başçılığı ilə tarixinin ən şanlı səhifələrindən birini yazmağa başladı. Ermənistanın davamlı təxribatlarına cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına keçdi. 44 gün davam edən Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında iz qoydu. Qürur izi, Qələbə izi qoydu böyük Vətən uğrunda apardığımız şanlı müharibəmiz! Döyüş meydanında igid oğullarımız canlarını fəda etdilər, torpaqlarımız azad edildi, 32 ilə yaxın həsrətində olduğumuz Qarabağ işğaldan qurtarıldı.
Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr – Anım Günü elan edildi. Artıq beşinci ildir ki, biz ölkə olaraq, xalq olaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Onların qəhrəmanlığı əslində təkcə bir dövrün yox, gələcək nəsillərin də yoluna işıq saçır. Hər bir şəhid bu torpağın ölməz rəmzinə çevrilmişdir. Onlar bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillərə vətənpərvərliyin, mərdliyin, fədakarlığın ən uca nümunəsi kimi ötürüləcək.
27 sentyabr – Anım Günü həm də xalqımızın birliyinin və iradəsinin simvoludur. O günlərdə hər bir azərbaycanlı Ordunun və Dövlətinin yanında oldu, hər bir insan qələbəyə inandı. Şəhidlərimizin qanı ilə yazılmış Qələbə tariximizin ən parlaq səhifəsinə çevrildi. Biz həmin günlərdə gördük ki, Vətən sevgisi, birlik və əzmkarlıq qarşısında heç bir qüvvə dayana bilməz.
Elə həmin sevgi və əzmkarlıqla bu gün Qarabağımızı yenidən qururuq. O torpaqlara nəfəs gəlib, səs gəlib! O torpaqlara onun əzəli sakinləri olan insanlar- azərbaycanlılar gəlib! Bəli! Biz qayıtmışıq! Biz Qarabağdayıq! Biz Böyük Vətənin ayrılmaz parçasındayıq!
Anım Günü bizə bir daha xatırladır ki, Vətən sevgisi ən böyük dəyərdir. Şəhidlərimizin ruhu qarşısında borcumuz onların qanı bahasına qazanılmış Qələbəni qorumaq, bu torpaqları daha da inkişaf etdirmək və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaqdır.
Biz qalibik! Biz güclüyük! Bizlərə bu qalibliyin, bu gücün iftixarını yaşadan Azərbaycanımızla, Prezidentimizlə fəxr edirik!
Anım günündə müqəddəs Şəhidlərimizi bir daha ehtiramla yad edir, ruhları qarşısısında baş əyirik!
Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini