RU

Xəzəri kim qurudur? - Əliyev hələ 3 il əvvəl detallı müzakirə açmaq fikrində idi...


Təbriz Musayev: “Xəzərin qurumasında əsas məsuliyyət Rusiyanın üzərinə düşür”

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib ki, Xəzər dənizinin sürətlə kiçilməsinin əsas səbəbi iqlim dəyişmələri deyil:

“2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır”.

Maraqlıdır, Prezident “əsas səbəb iqlim dəyişməsi deyil” deməklə əslində bununla nəyə eyham vurdu?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, burada söhbət ondan gedir ki, Xəzərin qurumasında əsas məsuliyyət Rusiyanın üzərinə düşür: “Burada hansısa siyasi məqsəd yoxdur ki, biz məhz buna görə Rusiyanı ittiham edək. Söhbət ortada olan faktdan gedir. Fakt ondan ibarətdir ki, dənizin su balansı dəyişib. Məsələ ondadır ki, Xəzərə daxil olan suların əsas hissəsini çay suları təşkil edir. Xəzər dənizinə tökülən əsas çaylar arasında Volqa, Ural, Kür, Terek və Sulak çayları yer alır. Xəzərə tökülən suyun 80 faizindən çoxu xüsusilə Volqa çayının payına düşür. Problem ondadır ki, son 20 ildə Volqa çayının suyunda da kəskin azalma müşahidə olunur. Bunun nəticəsində də Xəzərin səviyyəsi azalıb. Ona görə ki, Rusiyanın Xəzərsahili ovalıqda suvarmaya ehtiyacı olan böyük əraziləri var. Ölkənin əsas sənaye potensialı da məhz Volqa çayı boyunca toplanıb. Volqa Rusiyanın ən böyük su arteriyalarından biridir. Rusiya bu, çay boyunca 9 böyük su anbarı tikib. Son illər Rusiyada əhalinin böyük hissəsi Volqa hövzəsində yaşayır. Orada çoxsaylı sənaye, kənd təsərrüfatı sahələri cəmləşib. Bu da istər-istəməz Volqadan Xəzərə tökülən suların azalmasına öz təsirini göstərir. Əgər Xəzərə tökülən suyun 80 faizindən çoxu Volqa çayının payına düşürsə, o zaman dənizdə suyun kəskin azalması məhz bu çayla bağlıdır. Düzdür, ortada digər amillər də var. Xəzərdə istiləşmə ilə bağlı buxarlanma səviyyəsi artıb. Digər tərəfdən dənizin suyunun bir hissəsi Türkmənistan ərazisində yerləşən Qara-Boğaz-Göl körfəzinə axıdılır. Ancaq körfəzdə suyun buxarlanması daha çoxdur. Son illərdə havanın quraq keçməsi suyun dəniz səthindən illik yağıntının miqdarından çox buxarlanmasına səbəb olur. Ancaq əsas səbəb, Volqa çayından Xəzərə tökülən suyun kəskin azalması ilə bağlıdır”.

Vidadi ORDAHALLI

Избранный
62
baki-xeber.com

1Источники