RU

Bişkekdə Osmonalı Sıdıq oğlunun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Qırğızıstanın paytaxtında görkəmli maarifçi, alim və ictimai xadim Osmonalı Sıdıq oğlunun anadan olmasının 150 illiyi ilə bağlı “Osmonalı Sıdıq oğlunun irsi Türk dünyası maarifçilik hərəkatı kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Tədbir Qırğızıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan Təhsil Nazirliyi və Manas Milli Akademiyası ilə birgə təşkil olunub.

Konfransda Qırğızıstanın dövlət katibi Marat İmankulov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qırğızıstanın təhsil naziri Doqdurgul Kendirbayeva, elm, ali təhsil və innovasiyalar naziri Bəxtiyar Orozov, Qırğızıstan Prezidentinin müşaviri Arslan Koyçiyev, ölkə Prezidenti yanında Elmin İnkişafı Komissiyasının sədri Apas Jumaqulov, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpasan Ceylan, Manas Milli Akademiyasının prezidenti Aziz Biymırza oğlu, eləcə də aparıcı alimlər və ictimai xadimlər iştirak ediblər.

İştirakçıların təqdimatları Osmonalı Sıdıq oğlunun irsindən tutmuş 19-20-ci əsrlərin qovşağında türk xalqlarının intellektual həyatını formalaşdıran maarifçilik və islahat hərəkatlarının roluna qədər geniş mövzuları əhatə edib.

Konfransın açılışında çıxış edən Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Osmonalı Sıdıq oğlunun əsərlərinin tarix elminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Türk Akademiyasının prezidenti deyib: Osmonalı Sıdıq oğlunun yubileyi təkcə Qırğızıstan üçün deyil, bütün türk dünyası üçün mühüm hadisədir.  

Osmonalı Sıdıq oğlu ilk qırğız tarixçisi və dövrünün ən böyük maarifçilərindən biri kimi tarixə düşüb. Qırğız xalqının mənşəyi haqqında materiallar - geneoloji rəvayətlər, folklor və tarixi məlumatlar Osmonalı əsərlərinin əsasını təşkil edir.  Bişkekdə keçirilən konfrans tarixi və maarifləndirici irsin öyrənilməsi və populyarlaşdırılması üçün qüvvələri birləşdirən alimlər və ziyalılar arasında mühüm dialoq platformasına çevrilib.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Bişkek 

 

 

Избранный
4
xalqqazeti.az

1Источники