RU

Azərbaycan gözəlliklər ölkəsidir

29 Sentyabr Turizm İşçilərinin Peşə Günüdür

Bütün fəsillərdə, eləcə də uzunmüddətli tətil günlərində insanlar istirahət haqqında fikirləşir. Ən əsası, bu, hər birimizi düşündürür: hara üz tutmalı. Müşahidələrimizə görə, paytaxt əhalisinin əksəriyyəti respublikamızın füsunkar təbiəti olan bölgələrimizə üstünlük verir. Gəncənin Hacıkəndini, “Cənub mirvarisi” adlandırılan Lənkəranı, Qubanın Xınalığını, İsmayıllının Lahıcını, Qəbələnin Vəndamını, Qaxın İlisu, Zaqatalanın qədim Car kəndini necə gedib görməyəsən? Cənnətməkanımız Azərbaycanın o qədər görməli-gəzməli yerləri var ki, bu yerlər insanın sanki ruhunu təzələyir, ilham verir.

Turizm dünyanın, o cümlədən ölkəmizin ən perspektivli sahələrindən biridir. Ölkə turizminin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib, bütün infrastruktur yaradılıb. Respublikamızın təbii sərvətləri, rəngarəng iqlimi turizm yaratmaq üçün geniş imkanlar açır.

2016-cı ildən başlayaraq ölkəmizdə sentyabrın 27-si “Turizm işçiləri günü” kimi qeyd olunurdusa, Prezident İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, turizm işçiləri hər il sentyabr ayının 29-nu peşə bayramı günü kimi qarşılayırlar.

Respublikamız öz təbiəti, tarixi abidələri ilə turizmin inkişafı üçün olduqca perspektivli məkandır və buna görə də ölkəmiz müstəqillik yoluna qədəm qoyduqdan sonra bu sahəyə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Əsrarəngiz təbiətimiz, gözəl iqlim şəraiti bu ölkəyə gələn turistləri əsl mənada heyran edir.

Azərbaycan turizmin müxtəlif növləri üçün əlverişli şəraitə və müvafiq infrastruktura malik ölkədir. Turizm hər zaman sosial, iqtisadi, mədəni və ekoloji əhəmiyyəti ilə seçilən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. Bu da onu dünyada ən sürətlə böyüyən və dinamik inkişaf edən sektorlardan birinə çevirmişdir. Bu sahənin inkişafı istər dövlətlərarası beynəlxalq əlaqələrin miqyasına, istər qarşılıqlı maliyyə axınına əsaslı təsir etmiş, istərsə də müxtəlif mədəni abidələrin, təbii gözəlliklərin kəşfinə və qorunmasına şərait yaratmışdır.

Təqdirəlayiq haldır ki, son illər ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Respublikamız turizmlə bağlı reytinq cədvəllərində də öndəgedən ölkələr sırasındadır. Digər bölgələrimizlə yanaşı, azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açdı. Bu mənada, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi daha cəlbedici görünür.

Bu gün bir tərəfdən Qarabağın tarixi görkəmi özünə qaytarılır, digər tərəfdən yaşayış üçün ən müasir infrastruktur qurulur, turizmin potensialı yaradılır. Azərbaycanın Qələbəsi xalqımızın qurub-yaratmaq əzmini də ortaya qoyub. Belə ki, Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu torpağın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və məşhur turizm mərkəzi olacağını deməyə əsas verir. Qarabağın və ətraf rayonların işğaldan azad olunması ölkənin turizm potensialını daha da artırıb. Əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb.

Bu baxımdan, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi daha cəlbedicidir. Sözsüz ki, dövlətimizin Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində ötən 5 ildə həyata keçirdiyi tədbirlər bu ərazidə turizm infrastrukturunun formalaşması və inkişafında mühüm rol oynayacaq. Bununla da Qarabağın turizm potensialı ilə bağlı dünyaya çatdırılan yeni reallıqlar ölkəmizə əlavə investisiyaların cəlb olunması yollarını açacaq.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Sözsüz ki, işğaldan azad edilmiş torpaqlarımız bölgənin turizm imkanlarının artırılmasında mühüm faktordur.

Cənnətməkan Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin bir çox növü - eko, dağ, qış, ov və sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Qarabağ bölgəsi turizm baxımından böyük əhəmiyyətə malik Azərbaycanın yaşıllıqlarla zəngin olan bir ərazisidir. Belə bir unikal təbii iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. Burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini şəhərli turistlər üçün sevimli istirahət məkanı edəcək. Düşmənin uzun illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonların infrastrukturunu məhv edərək dağıtmasına baxmayaraq, bu bölgə Azərbaycanın əsas turizm mərkəzinə çevriləcək. Sahə mütəxəssisləri də bu fikirdədirlər ki, yaxın gələcəkdə Qarabağ bölgəsinin turizm infrastrukturunun yaradılması və inkişafı üçün keçmiş ənənələr də əhəmiyyətli rol oynayacaq.

İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ sözsüz ki, yaxın illərdə bu bölgənin və ölkə turizminin inkişafına güclü təkan verəcək. Əzəli torpaqlarımız - şəhər və kəndlərimiz əsl cənnətə çevriləcək. Təbii ki, yaxın gələcəkdə bu yerlərə böyük turist axınına səbəb olacaq.

Müşfiq MİRZƏ
XQ

Избранный
18
1
xalqqazeti.az

2Источники