RU

İsveçin Höteborq şəhərində Anım Günü ilə əlaqədar tədbir keçirilib

İsveçin Höteborq şəhərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

“İki sahil” xəbər verir ki, Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Unutmayaq və unutdurmayaq” adlı tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənc fəal Məsumə Rüstəmlinin aparıcılığı ilə keçirilən Anım Günü üç hissədən ibarət olub. Birinci hissədə şəhidlərimizin qəhrəmanlıq hekayələri, Vətən uğrunda fədakarlıqları xatırlanıb və onların ruhuna dərin ehtiram ifadə olunub.

İkinci hissədə Avropada yaşayan azərbaycanlılar olaraq gələcək nəsillərə milli kimliyin, tariximizin və şəhidlərimizin qəhrəmanlığının necə ötürülməsi müzakirə edilib. Diaspora üzvü Eldar Qaradağlı və Ana dili müəllimi Bəyim Rəhimova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşərək, İsveç ictimaiyyətində Azərbaycanın sülhsevər və haqq uğrunda mübarizə aparan xalq kimi tanıdılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Höteborq üzrə koordinatoru Ülviyyə Nəcəfova isə Birinci Qarabağ müharibəsinin canlı şahidi kimi hər iki müharibədən söz açaraq şəxsi duyğu və xatirələrini bölüşüb.

Tədbirin üçüncü hissəsi uşaqlara həsr olunub. Onlara Anım Gününün mahiyyəti, “şəhid” və “vətən” anlayışları Ana dili müəllimi Aynur Xudiyeva tərəfindən izah edilib. Daha sonra uşaqlar üçün rəsm müsabiqəsi təşkil olunub. Onlar öyrəndiklərini və Vətənə olan sevgilərini rəsmlərində ifadə ediblər.

Избранный
19
ikisahil.az

1Источники