RU

Premyer Liqa klubu çoxsaylı şikayətlərə "Sportinfo"da nöqtə qoydu!

"Sumqayıt" mövsümdə ilk məğlubiyyətini "Neftçi"dən aldı - 0:2.

Matçı izləyən yerli azarkeşlərin isə tək narazı qaldığı nəticə yox, həm də təşkilatçılıq oldu.

Sosial şəbəkələrdə yazılan iradlar arasında kassada bir pəncərənin aktiv olması, stadionun qapılarının yalnız birinin açılması, oturacaqların üzərinin toz-torpaq basması xüsusi yer alırdı.

Biz də məsələyə aydınlıq gətirmək üçün "Kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə danışdıq.

Klub rəsmisi bütün detalları ilə problemlərə aydınlıq gətirdi:

Əvvəlcə, fikrimi öyrəndiyiniz üçün təşəkkür edirəm. Təbii ki, iş varsa, orda müəyyən narazılıqlar, iradlar, çatışmazlıqlar da olacaq. Biz də çalışırıq ki, bu kimi iradları, narazılıqları nəzərə alıb ona uyğun tədbirlər görək və aradan qaldırmağa cəhd edək. Çünki azarkeş hər zaman haqlıdır. Futbolu da məhz onlar üçün oynayırıq. Əminliklə deyə bilərəm ki, azarkeşlər bizim ən böyük kapitalımızdır.

Gələk konkret narazılıqlara. Birinci məsələ çirki oturacaqlar məsələsi idi. Bununla tamamilə razıyam. Məlumunuzdur ki, "Neftçi" ilə oyundan bir neçə gün qabaqcadan hava şəraiti qeyri-sabit və yağmurlu, həmçinin Abşeron yarımadasına xas olan küləkli idi. Bu şəraitdə biz çalışdıq ki, oturacaqların təmizlik işlərini maksimum gecikdirək. Amma elə oldu ki, ən sonuncu dəfə təmizlik şənbə günü baş tutdu. Həmin axşam yağan yağış və qeyd etdiyim küləkli hava şəraiti oyun günü belə demək olarsa, bizim bütün zəhmətimizi hədər etdi. Həmin gün isə daha çevik reaksiya verib növbəti təmizliyi edə bilmədik. Ancaq azarkeşlərimiz narahat olmasınlar, növbəti ev oyunlarımızda bu nüansı mütləq nəzərə alacağıq və çalışacağıq ki, onları daha təmiz oturacaqlarla qarşılayaq. Təbii ki, oyun ərzində, oyundan bir neçə saat öncəyə qədər yağış yağarsa, artıq bu zaman əlimizdən nəsə gəlmir, çünki stadionun azarkeşlər oturan hissəsi örtülü olsa da, qeyd etdiyim kimi, külək olanda yağış birbaşa sektorların üzərinə yağır. İstənilən halda, əmin ola bilərsiniz ki, biz "Sumqayıt" Futbol Klubu olaraq Mehdi Hüseynzadə adına Stadionun rəhbərliyi ilə birlikdə bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq.

Qapı məsələsi də haqlı iradlardan biri idi. Amma məhz "Neftçi" ilə oyundan söhbət gedirsə, o matç üçün 10 sektora bilet satışa çıxarılmışdı ki, bura rəqib komandanın azarkeşlərinin oturduğu sektorlar da daxildir. Biz isə həmin sektor da daxil olmaqla ümumilikdə 6 qapı açmışdıq ki, onların bir çoxunun iki sektora çıxışı var. Bəlkə də azarkeşlərə maraqlı gələ bilər, soruşa bilərlər ki, bu açılan qapıların sayı hansı meyarlar üzrə müəyyənləşir. Mən onu da izah edə bilərəm. Matç günü, oyundan öncə təhlükəsizlik məqsədilə bizdən soruşulur ki, neçə azarkeş bilet alıb. Biz də faktiki bilet satışını və oyun saatına olan proqnozumuzu bildiririk ki, bu qədər azarkeş gözlənilir. Ona uyğun da polis nəfərləri ayrılır ki, stadionda təhlükəsizlik təmin olunsun. Əgər mən oyun günü günorta saatlarında cəmi 800-900 bilet satıldığını görürəmsə və düşünürəmsə ki, oyun saatına qədər də maksimum əlavə 500 bilet sataram işlərimi ona uyğun qururam. Bildirirəm ki, mənim maksimum 1500-2000 nəfər azarkeşim olacaq. Qapıların sayı da ona uyğun açılır. "Neftçi" ilə oyun günü isə, bu həm də sevindirici haldır ki, tələbat oyun saatına yaxınlaşdıqca artmağa başladı. Biz də bunu gördük və klub olaraq sosial şəbəkə səhifələrimizdən elan verdik ki, qapıları matçın startından 1 saat öncə açacağıq ki, sıxlıq olmasın. Amma təəssüf ki, azarkeşlərimi həftənin bazar günü və 19:30 kimi uyğun bir saat olmasına baxmayaraq matça məhz start fiti ərəfəsində gəlməyi üstün tutdular. Bu isə aydın məsələdir ki, sıxlığa səbəb oldu.

Yuxarıda qeyd etdiyim hal, azarkeşlərin ən çox narazılıq etdiyi digər məsələdə, kassadakı sıxlıqda da özünü büruzə verdi. Oyunun biletləri bir həftə öncədən satışa çıxarılmışdı və həftə boyunca həm iTicket platformasından onlayn, həm 2 saylı Asan Xidmətdən, həm də Stadionun yanındakı kassadan hər gün satışa çıxdı. Təəssüf ki, düz şənbə gününə qədər biz stadiondakı kassadan 1 ədəd belə bilet sata bilmədik. Buna baxmayaraq kassanı hər gün açıq saxladıq. Amma oyun günü, xüsusilə də oyuna 1-2 saat qalmış birdən axın oldu və bu da dediyim kimi, sıxlıq yaratdı.

Qeyd etdiyim kimi, biz mümkün qədər çalışırıq ki, bu kimi fors-major halları planlaşdıraq, proqnozlaşdıraq, nəzərə alaq ki, yekunda narazılıq olmasın. Gələn ev oyununda da əlimizdən gələni edəcəyik. Amma azarkeşlərdən də xüsusi olaraq xahiş edirik ki, biletlərini öncədən əldə etsinlər, oyuna start fitindən heç olmasa 1 saat, 40 dəqiqə öncə gəlsinlər, əmin olun ki, o zaman heç bir sıxlıq olmayacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
19
sportinfo.az

1Источники