ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İrəliyə, Avropaya, yoxsa geriyə, Moskvanın orbitinə doğru?.."
Sentyabrın 28-də Moldovada keçirilən parlament seçkiləri ölkənin gələcək istiqamətini müəyyənləşdirəcək həlledici məqam kimi qiymətləndirilir.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Sandu xəbərdarlıq edir
Nəşr yazır ki, prezident Maya Sandu seçicilərə müraciətində xəbərdarlıq edib ki, əgər rusiyayönümlü qüvvələr qalib gələrsə, Moldova Avropadan uzaq düşə və Rusiyanın hərbi əməliyyatları üçün platsdarma çevrilə bilər. Sandu seçki məntəqəsində səsini verdikdən sonra xalqa çağırış edərək deyib:
"Moldova, bizim ortaq evimiz, təhlükədədir. Bu gün hər biriniz öz səsinizlə onu xilas edə bilərsiniz. Demokratiyamızı qorumalıyıq. Rusiyanın seçkilərə müdaxiləsini hamımız gördük - rüşvət, dezinformasiya, zorakılıq planları. Onların məqsədi Kiyevdə olduğu kimi Kişinyovu da idarə etməkdir". O, seçiciləri Avropa İttifaqına inteqrasiya yoluna sadiq qalmağa, səsini satmamağa və ölkənin gələcəyini "oğrulara və satqınlara buraxmamağa" çağırıb.
Seçkilərin gedişi və əsas rəqabət
Ölkədə 1973 seçki məntəqəsi fəaliyyət göstərir, həmçinin xaricdə yaşayan yüz minlərlə moldovalıya da səsvermə imkanı yaradılıb. 14 partiya, 4 blok və 4 müstəqil namizəd parlamentdəki 101 yeri bölüşmək uğrunda mübarizə aparır. Əsas rəqabət prezident Sandunun rəhbərlik etdiyi Avropayönlü PAS partiyası ilə İqor Dodonun başçılıq etdiyi rusiyayönümlü blokun arasında gedir. Bir gün əvvəl isə Mərkəzi Seçki Komissiyası Rusiya ilə əlaqələri olan "Böyük Moldova: partiyasını seçkilərdən kənarlaşdırıb.
"Qələbəmizi müdafiə edəcəyik"
Eks-prezident İqor Dodon isə seçicilərə müraciətində tamamilə fərqli mesaj verib. O, öz tərəfdarlarını seçkilərin ertəsi günü parlament binası qarşısında mitinqə çıxmağa çağırıb: "Bizim qələbəmizi ləğv etmək istəyə bilərlər. Buna imkan verməyəcəyik. Sabah hamınızı meydana gözləyirəm". Dodon həmçinin Rusiyanın müdaxiləsi barədə sualları rədd edərək, əksinə Qərbi günahlandırıv: "Biz Qərbdən müdaxiləni gördük - fondlar, QHT-lər, Soros vasitəsilə insanları qorxutmaq cəhdləri. Biz isə Şərqlə də, Qərblə də normal münasibətlər istəyirik".
Avropa kursunun sınağı
Moldova qonşu Ukrayna kimi Avropa İttifaqına üzvlük üçün namizəd ölkədir. Lakin onun taleyi bu seçkilərin nəticəsindən asılı olacaq. 2021-ci ildən parlament çoxluğunu əlində saxlayan PAS, sorğulara görə, indi bu üstünlüyü itirə bilər. Bu isə Sandunun hədəfi olan 2030-cu ilə qədər Avropa İttifaqına inteqrasiyanı çətinləşdirəcək. Seçkilərin nəticələri Moldova üçün sadəcə daxili siyasi mübarizə deyil, həm də ölkənin hansı dünyaya üz tutacağına veriləcək tarixi cavabdır: Avropa Birliyinə yaxınlaşmaq, yoxsa yenidən Moskvanın orbitinə qayıtmaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.