RU

Cənubi Qafqazda "dondurulmuş savaş" ssenarisi: Paşinyanın "de-fakto sülh" tezisi ilə gizlədilən "böyük planı" ifşa olunur

Erməni baş nazir ölkə daxilində konstitusiya və kilsə üzərində hakimiyyətini möhkəmləndirmək, xarici siyasətdə isə Qərblə yaxınlaşma siyasətini legitimləşdirmək istəyir... Ancaq “de-fakto sülh” yalnız müvəqqəti situasiya kimi qiymətləndirilə bilər, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün əsas şərt Azərbaycanla de-yure sülh sazişinin dərhal imzalanmasıdır...

Cənubi Qafqazda regional sülh prosesi taleyüklü mərhələyə keçid etmiş kimi görünür. Belə ki, Azərbaycan bu prosesin mümkün qədər tez bir zamanda pozitiv məzmunda yekunlaşmasında maraqlıdır. Paşinyan hakimiyyəti də Ermənistanın gələcək taleyi və inkişaf perspektivləri qazanması baxımından, bunu əsas prioritet hesab edir. Ancaq həm bəzi kənar güclər, Ermənistanda xarici agentura şəbəkəsinə bağlı radikal-revanşist qüvvələr sülh prosesini pozmağa cəhd göstərirlər. Və bu baxımdan, yaxın aylarda Ermənistanda ölkədaxili siyasi mübarizənin yekun nəticələri istənilən halda, regional sülh prosesinə də təsir göstərə bilər.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın “de-fakto sülh” açıqlaması Ermənistanın regional siyasətində yeni mərhələ hesab olunur. Belə ki, bir müddət əvvəl partiyasının qurultayında dilə gətirdiyi sülh tezislərini BMT-nin Baş Assosiasiyasındakı çıxışında da eynilə təkrarlayan erməni baş nazir həm ölkədaxili, həm də xarici siyasət müstəvisində rezonans doğurmağı bacarıb. O, Ermənistanla Azərbaycan arasında artıq uzun müddətdən bəri atəşkəsin qorunduğunu vurğulayaraq, “de-fakto sülh”ün mövcud olduğunu bildirib.

8e594558faa4de0f87dfc5a439d7c3d7.jpg

Baş nazir Nikol Paşinyanın bu bəyanatları bir tərəfdən Ermənistan tarixində uzunmüddətli sakitliyin simvolu kimi təqdim olunsa da, digər tərəfdən Azərbaycan və beynəlxalq siyasi dairələrdə fərqli şərhlərə yol açır. Belə ki, erməni baş nazir iki mühüm ölkədaxili siyasi xətti nəzərə almağa çalışır. O, tərəfdən, 2026-cı ildəki parlament seçkilərində hakimiyyət mandatının yenilənməsinə və yeni Konstitusiya təşəbbüsünü reallaşdırmağa cəhd göstərir. Digər tərəfdən isə erməni kilsəsi, oliqarxiya və radikal-revanşist düşərgəni birləşdirən, Rusiya kəşfiyyatının nəzarət etdiyi agentura şəbəkəsini sıradan çıxartmağa can atır.

Təbii ki, Paşinyan hakimiyyətinin bu manevrləri bir tərəfdən Ermənistanda ölkədaxili siyasi sistemi yenidən formatlaşdırmaq hədəfindən qaynaqlanır. Digər tərəfdən isə Cənubi Qafqazda geopolitik maraqları olan böyük güclər – Rusiya və Qərb arasında balans siyasətini hələ bir müddət davam etdirmək niyyətindən xəbər verir. Və bu, onu göstərir ki, Paşinyan hakimiyyətini qarşıda olduqca riskli bir siyasi mərhələ gözləyir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın vurğuladığı “uzun müddətdən bəri atəşkəsin qorunması və itkilərin olmaması” faktı onun daxili auditoriyaya ünvanladığı əsas mesajdır. Ermənistan tarixində buna qədər əvvəllər belə uzunmüddətli sakitliyin heç vaxt olmaması erməni baş nazir tərəfindən “sülhün real təzahürü” kimi təqdim olunur. Ancaq beynəlxalq münasibətlər nəzəriyyələrinə görə, sülh anlayışı yalnız zorakılığın olmaması demək deyil, eyni zamanda, bu, həm də etibarlı siyasi sistemin qurulması və qarşılıqlı hüquqi öhdəliklərlə möhkəmlənən “pozitiv sülh”ün təmin edilməsidir. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərində sülh anlayışının hüquqi çərçivə ilə təsbit olunmaması, Paşinyan hakimiyyətinin siyasi ritorikası ilə ziddiyyət təşkil edir.

0fb43174b85d09d7759ddd70b8d38996.jpg

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin 2026-cı ildən sonrakı siyasi planları Ermənistanın dövlət–kilsə münasibətlərində ciddi transformasiya potensialı daşıyır. Baş nazir Nikol Paşinyanın katolikosun istefasını açıq şəkildə tələb etməsi Ermənistan tarixində əvvəllər heç vaxt görünməmiş addımdır. Ermənistanda erməni kilsəsi yalnız dini deyil, həm də milli identiklik mexanizmi hesab olunur. Baş nazir Nikol Paşinyanın erməni kilsəsinə hücum cəhdinin arxasında əsasən üç önəmli motiv dayanır.

Birinci motiv siyasi legitimliyin gücləndirilməsi və seçkilərdə qalib gəldikdən sonra Konstitusiya islahatlarını həyata keçirmək niyyətidir. İkinci motiv erməni kilsənin cəmiyyətə mövcud təsirini zəiflətmək, dövlət idarəçiliyində keşişlərin rolunu məhdudlaşdırmaqdır. Və nəhayət, erməni baş nazir Qərbə inteqrasiyanın ideoloji bazası – sekulyar dövlətçilik modelini gücləndirmək niyyəti də güdür.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti son vaxtlar Rusiyanı Ermənistana qarşı hibrid müharibədə ittiham etməkdən ənənəsindən nisbətən geri çəkilməyə üstünlük verir. Bu, rəsmi İrəvanın Kreml ilə münasibətlərdə “siyasi ziqzaq” taktikasını davam etdirdiyini göstərir. Bir tərəfdən, rəsmi İrəvan Qərblə hərbi-siyasi əməkdaşlığı dərinləşdirir və Rusiyanın Ermənistan üzərindən reallaşdırmağa cəhd etdiyi regional rolunu azaltmağa çalışır. Digər tərəfdənsə, Paşinyan hakimiyyəti Ermənistanın Rusiya ilə tam qopmaduğunu açıq şəkildə elan etməkdən çəkinir. Və bu, o deməkdir ki, kiçik dövlət olan Ermənistan böyük güclər arasında balansı qorumaq üçün prinsipial ittifaqdan qaçır, amma münasibətləri tam pozmağa da cəsarət etmir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı üçün Paşinyan hakimiyyətinin “de-fakto sülh” ritorikası birmənalı qəbulolunmazdır. Çünki Azərbaycan yalnız de-yure sülh müqaviləsi imzalandıqdan, sərhədlər delimitasiya olunduqdan və qarşılıqlı ərazi bütövlüyü rəsmən tanındıqdan sonra uzunmüddətli sülhdən danışmağın mümkün olduğuna əmindir. Və bu səbəbdən də Paşinyan hakimiyyətinin indiki ritorikası hələlik rəsmi Bakı tərəfdən daha çox “danışıqları yubadan və daxili auditoriyaya siyasi mesajlar verən gediş” kimi qiymətləndirilir.

Qərb siyasi iradə mərkəzləri, xüsusilə də Avropa Birliyi və ABŞ, baş nazir Nikol Paşinyanın siyasi ritorikasını Ermənistanı “sülh tərəfdarı” olan dövlət kimi təqdim etmək üçün bir alət olaraq görür. Çünki Paşinyan hakimiyyətinin “de-fakto sülh” mesajları Qərb siyasi dairələrinin geopolitik narrativləri ilə böyük ölçüdə üst-üstə düşür. Və bu səbəbdən də Ermənistanı Qərbə inteqrasiya etməyə çalışan, sülh-sabitlik tərəfdarı olan dövlət kimi təqdim etməyə çalışırlar.

Beləliklə, baş nazir Nikol Paşinyanın son açıqlamaları onun həm ölkədaxili, həm də xarici siyasətdə yeni mərhələyə keçmək cəhdini göstərir. Erməni baş nazir ölkə daxilində konstitusiya və kilsə üzərində hakimiyyətini möhkəmləndirmək, xarici siyasətdə isə Qərblə yaxınlaşma siyasətini legitimləşdirmək istəyir. Ancaq “de-fakto sülh” yalnız müvəqqəti situasiya kimi qiymətləndirilə bilər. Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün əsas şərt Azərbaycanla de-yure sülh sazişinin dərhal imzalanmasıdır. Əks halda, regional sabitlik sadəcə, “dondurulmuş münaqişə” xarakteri daşıyacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
6
5
paytaxt.org

10Источники