RU

McDonald s restoranlarındakı HALAL MAL ƏTİ AzProtein Food s Group a aid müəssisədə hazırlanır

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Dünyanın məşhur restoran şəbəkələrindən olan "McDonald's"ın əməkdaşlıq etdiyi "AzProtein Food's Group" şirkətinin ət emalı müəssisəsinə mediatur təşkil edilib.

BAKU.WS xəbər verir ki, Buzovnadakı mediatur zamanı jurnalistlər, heyvanın kəsilməsindən tutmuş, halal mal ətinin emal olunaraq sobada bişməsinə qədər keçdiyi bütün proseslərlə əyani formada tanış olublar.

Burada "McDonald's" burgerləri üçün nəzərdə tutulan ətlər, yüksək standartlara cavab verən müasir aparat və texnologiyalar vasitəsilə emal olunur.

Mediaturda jurnalistlər ilkin olaraq məhsulların saxlanılma şəraiti ilə tanış olublar. Bunun üçün media nümayəndələri əvvəl steril geyimlərlə təmin ediliblər. Daha sonra onlar bir-bir mal ətinin emal olunduğu xüsusi bölmələrə yollanıblar.

"McDonald's Azərbaycanın" Təchizat zənciri üzrə baş direktoru Anar Osmanov və "AzProtein Food's Group" şirkətinin layihə üzrə direktoru Seymur Əhmədov jurnalistlərə ət emalı müəssisəsindəki proseslərlə bağlı geniş və ətraflı məlumat veriblər.

Bildirilib ki, burada ətindən istifadə edilən heyvanlar yerlidir və Xaçmaz rayonunun Yalama qəsəbəsində yetişdirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytar həkimi heyvanları bir-bir yoxlayır və identifikalaşdırır. Yəni hər bir heyvanın özünün identifikasiya nömrəsi olur ki, onun köməyi ilə heyvanın həyat dövrü tam olaraq nəzarət altında olur.

Mediaturda jurnalistlərə o da bildirilib ki, müəssisədə halal mal əti kəsilir, çəkilir, qeydiyyata alınır, vakumla qablaşdırılır və müvəqqəti anbara göndərilir. Daha sonra "McDonald's" restoranlar şəbəkəsinə göndərilir.

Mediatur zamanı o da qeyd edilib ki, burada təzə ət 2,4 millimetr ölçüdə doğranılaraq, "-37" dərəcədə dondurulur. Hazır məhsullarda ətin yağlığı yoxlanılır. Bu müayinə zülal, su, duz miqdarı yağlılıq kalorisini göstərən "FoodsScan pro" aparatında həyata keçirilir. Daha sonra sobadan çıxan bişmiş ətlərin daxili dərəcəsi xüsusi aparatla ölçülür. Əgər ətin temperaturu 70 dərəcədən yüksəkdirsə, məhsul təhlükəsiz hesab edilir.

Sobadan bişmiş formada qatqısız, duzsuz, tam təbii və təmiz mal əti çıxır. Mediatur zamanı jurnalistlər bişmiş mal ətinin dadına baxıblar.

"AzProtein Food's Group" şirkəti McDonald's Korporasiyasının tələblərinə uyğun olaraq, qida təhlükəsizliyi, heyvan sağlamlığı və bu kimi beynəlxalq auditlərdən mütəmadi qaydada keçir.

Məlumat üçün bildirək ki, "McDonald's Azərbaycan" "AzProtein Food"s Group" şirkəti ilə 2025-ci ilin əvvəlindən əməkdaşlıq edir.

Şirkətə aid ət emalı müəssisəsinin bir hissəsi "McDonald's"ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalq keyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
baku.ws

1Источники