RU

İşləmir, Zaur Axundovun 2 aylıq xəbərdarlığı üçün darıxıb…

Deyəsən, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov bizi 1 il əvvələ qaytaracaq.

2024-cü ilin yayında verdiyi müsahibə yadınızdaır da yəqin.

Demişdi ki, Elmar Baxşıyevə 2 ay vaxt verir, yaxşı nəticələr qazanmasa, yollar ayrılacaq.

Baxşıyev həmin bu açıqlamadan necə təsirlənmişdisə, «Araz-Naxçıvan» mövsümə əla start götürmüş, qış fasiləsinədək fırtına qoparmışdı. Komanda məhz həmin dövürdə qazandığı xalların hesabına tarixində ilk dəfə avrokuboklarda yarışmaq hüququ əldə etmişdi.

Bu gün yenə həmin xəbərdarlığa ehtiyac yaranıb.

Yeni sezonun «Araz»ı ondakından daha güclüdür. Zaur Axundov Azərbaycan miqyasında «qaymaq» oyunçular alıb Elmar Baxşıyevə.

Hərəsinin qiyməti bir ceyranın belindədir. Premyer Liqada yalnız «Qarabağ», «Neftçi» və «Sabah» onlara yaxın dura bilər, qalanları isə yalnız ağzının suyunu axıtmaqla kifayətlənmək məcburiyyətindədir.

Baxşıyev bu dəstəyin qədrini bilməlidir. Ona etimad göstərən, hər istəyini yerinə yetirən şəxsin üzünü güldürməlidir.

Bu, onun və köməkçilərinin borcudur. Bilmək çox vacibdir - baş məşqçi Şamaxı səfərində sərgilədikləri futbola görə bir balaca xəcalət çəkdimi?

Birinci hissədə meydanda «Şamaxı» var idi, «Araz»ı çox axtardıq, tapa bilmədik. Qonaqlar yalnız fasilədən sonra oyuna qayıtdı, o da ayrı-ayrı epizodlarda.

Neçə turdur ki, «Araz» komanda oyunu seyr etdirmir. Sadəcə, bəzi futbolçular fərdi ustalığı hesabına bir şeylər eləməyə çalışır, baş məşqçi isə müşahidəçi statusunda qalmaqdadır.

Lal-dinməz dayanıb orada. İşləmir.

ELNUR

Избранный
13
sportinfo.az

1Источники