RU

BMT-nin İrana qarşı sanksiyaları bərpa edilib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 2231 saylı qətnaməsinə əsasən, İranın nüvə proqramı ilə bağlı “snapback” mexanizmi işə düşüb.

Missiya.Az xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya (E3) tərəfindən avqustun 28-də aktivləşdirilən prosedur nəticəsində 2006–2010-cu illərdə qəbul edilən sanksiyalar avtomatik olaraq bərpa edilib.

Sanksiyalar çərçivəsində İrana qarşı silah embarqosu, uranın zənginləşdirilməsinə, ballistik raket proqramına, eləcə də maliyyə və səyahət məhdudiyyətlərinə dair qadağalar yenidən qüvvəyə minib.

ABŞ Dövlət katibi Marko Rubio BMT-yə üzv dövlətləri sanksiyaların dərhal icrasına çağırıb və Tehranın birbaşa danışıqlara “xoş niyyətlə” qoşulmasının vacibliyini vurğulayıb. E3 ölkələrinin birgə bəyanatında isə İranın 2015-ci il nüvə razılaşmasının şərtlərini pozduğu qeyd olunub və diplomatik həll yollarının hələ də mümkün olduğu bildirilib.

İran Xarici İşlər Nazirliyi qərarı "qanunsuz və əsassız" adlandıraraq, Avropa ölkələrinin “snapback” mexanizmini işə salmaq üçün hüquqi əsaslarının olmadığını bəyan edib. Tehran həmçinin, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq ehtimalını istisna etməyib.

Qeyd edək ki, ABŞ 2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxdıqdan sonra İran mərhələli şəkildə öhdəliklərini dayandırıb. Tehran bildirir ki, sanksiyalar ləğv olunacağı təqdirdə sazişə qayıtmağa hazırdır.

Seyranə Quliyeva Missiya.Az

Избранный
9
missiya.az

1Источники