RU

Azərbaycan Cüdo Federasiyası “Özünü kəşf et” strategiyasına start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı üçün yeni strateji mərhələyə qədəm qoyur. Yeni mərhələ “Özünü kəşf et” sloqanı ilə təqdim olunur və cüdonu yalnız döyüş idmanı kimi deyil, həm də hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir vasitə kimi tanıtmağı hədəfləyir.

Doğru.az xəbər verir ki, federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər üçün əlçatan və maraqlı etmək, ölkədə cüdonun populyarlığını artırmaq və yeni istedadları üzə çıxarmaqdır. Strategiya həmçinin sağlam həyat tərzinin təşviqinə yönəlib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib:
“İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi “Özünü kəşf et” sloqanı ilə cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. Tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək”.

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanlar yaradılacaq, qızların idmana cəlb olunması üçün xüsusi proqramlar icra olunacaq, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlər təşkil ediləcək.

DOĞRU.AZ

Избранный
17
7
dogru.az

9Источники