RU

“ÇİN VƏ ABŞ RAZILIĞA GƏLMƏYİNCƏ MÜHARİBƏLƏR DAVAM EDƏCƏK” “Ərdoğan ABŞ də rəqiblərinə ustad dərsi verdi”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ramiz Yunus: “Əgər ABŞ və müttəfiqləri yeni “anakonda əməliyyatını” sistemli şəkildə təkrar etsələr, Rusiya çox sürətlə SSRİ-nin taleyini yaşaya bilər”

“Yaxın perspektivdə ABŞ–Azərbaycan münasibətləri həm forma, həm də məzmun baxımından daha konkret konturlara sahib olacaq”

ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus dünyada və regionda cərəyan edən hadisələrlə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

-Ramiz bəy, BMT Baş Assambleyasının toplantısında Rusiya–Ukrayna, İsrail–Fələstin münaqişəsi əsas gündəm mövzusu olmadı. Tramp isə daha çox BMT-nin özünü hədəfə aldı. Sizcə, beynəlxalq münasibətlər sistemindəki qeyri-müəyyənlik dünyanı hara aparır, qarşıda nələr gözlənilir?

- Burada qeyd etmək vacibdir ki, BMT indiki formada İkinci Dünya müharibəsindən dərhal sonra həmin müharibədə qalib gəlmiş dövlətlər tərəfindən yaradılıb. Eyni qaydada, Birinci Dünya müharibəsindən sonra da Millətlər Liqası qalib dövlətlər tərəfindən təsis edilmişdi. Hər iki halda qaliblər və məğlublar vardı. Qeyd edim ki, hər iki dünya müharibəsində məğlub tərəf Almaniya və onun müttəfiqləri olmuşdu. Həm Millətlər Liqası, həm də BMT o dövrdəki geosiyasi proseslər və siyasi konyuktura nəzərə alınaraq yeni müharibənin qarşısını almaq məqsədilə həm forma, həm də məzmun baxımından elə qurulmuşdu.

SSRİ-nin süqutundan sonra, yəni soyuq müharibədə qələbədən dərhal sonra, 1945–1991-ci illərdə mövcud olmuş dünya nizamı bir anda dağıldı. Təəssüf ki, yenisi yaradılmadı və nəticədə bu gün müşahidə etdiyimiz geosiyasi xaos meydana gəldi.

Hazırda ABŞ və Çin başda olmaqla bir neçə böyük siyasi mərkəz arasında, eyni zamanda müxtəlif ölkə və regionların yeni dünya nizamında öz yerini müəyyənləşdirmə uğrunda sərt mübarizə gedir.

Bu gün qaliblər və məğlublar yoxdur, eləcə də Üçüncü Dünya müharibəsi klassik mənada yoxdur. Amma onun başlama riski qalır, baxmayaraq ki, bu, mənim fikrimcə, az ehtimal olunur.

ABŞ və Çin bəşəriyyət üçün yeni qaydalar barədə fundamental razılığa gəlməyincə, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhran və dünyanın digər “isti nöqtələri” davam edəcək. Onlar regional xarakter daşıyacaq, qlobal miqyas almayacaq. Bu səbəbdən də İkinci Dünya müharibəsindən sonra yaradılmış BMT və onun siyasi institutları real təsir imkanına malik olmayacaq. Dünyaya həm forma, həm də məzmun baxımından yeni qaydalar lazımdır.

-Tramp–Zelenski görüşü bu dəfə fərqli atmosferdə keçdi, həm də ABŞ Prezidenti Rusiya rəhbərliyini hədəfə alaraq sərt tənqid etdi. Bunu Ağ Evin xarici siyasətində fundamental dəyişiklik hesab etmək olarmı? Bu istiqamətdə nə gözləyirsiniz?

- Hər hansı siyasətçinin, o cümlədən Trampın bəyanatlarını düzgün qiymətləndirmək üçün onun və komandasının məqsədlərini anlamaq vacibdir. Prezident Tramp ABŞ-ın maraqlarını öz təsəvvürünə uyğun olaraq bütün beynəlxalq siyasi münasibətlər sistemini sıfırlamağa yönəlir.

Hazırda dünya qaydalarla idarə olunmur. Qanunun gücü deyil, gücün qanunu işləyir. Tramp da bu “güc hüququndan” öz siyasətini həyata keçirmək üçün istifadə edir – siyasi, iqtisadi və lazım gələrsə, hərbi gücdən.

Təəssüf ki, Rusiya ilə bağlı hələlik yalnız siyasi ritorika müşahidə olunur. Tramp bir gün tərifləyir, bir gün tənqid edir və bununla bütün dünyanı gah bu, gah da digər istiqamətə yönəldir. Əgər o, həqiqətən nəticə əldə etmək istəsə, “güc vasitəsilə sülh” tezisinə uyğun olaraq sözlərdən əmələ keçməli olacaq. Hesab edirəm ki, yaxın vaxtlarda bu anlayışa gələcək və Kremlin, şəxsən Putinin üzərinə real təzyiq alətlərini tətbiq etməyə məcbur olacaq.

-Nyu-Yorkda Lavrov–Rubio görüşü də oldu. Hər iki tərəf müzakirələrin nəticəsini optimal hesab edir. Trampın dedikləri ilə bu “optimizm” arasında paradoks var. Yaxın günlərdə ABŞ–Rusiya dialoqu yenidən gündəmə gələ bilərmi?

- Bu sadəcə diplomatik ritorikadır. Belə görüşlər lazımi mesajları ötürmək üçün əhəmiyyətlidir. Amma Rusiya–Ukrayna müharibəsi həll edilmədən ABŞ–Rusiya münasibətləri ayrıca formatda formalaşdırıla bilməz.

Ukrayna cəbhədə qismən uğurlar əldə edir, həm də Rusiyanın enerji obyektlərinə intensiv zərbələr endirilir. Bu gedişat münaqişənin həllini yaxınlaşdırır, yoxsa eskalasiya daha da böyüyə bilər?

- Real danışıqların başlaması üçün tərəflərdən biri uduzmalı, digəri qazanmalıdır. Hazırda Rusiya–Ukrayna müharibəsində biz bunu görmürük. Yaxud tərəfləri atəşkəsə məcbur edib bütün cəbhə xətti boyunca mövqeləri dondurmaq lazımdır. Bu baş vermədikcə müharibə davam edəcək.

-Ramiz bəy, son vaxtlar Rusiya Avropa ölkələrinə qarşı müəyyən təxribatlara gedir. Burada məqsəd nədir, NATO-nun münaqişəyə cəlb edilməsi perspektivi varmı?

-Rusiya NATO ölkələrini bütün sərhədlər boyunca yoxlayır və biz görürük ki, bu, hələlik informasiya və ideoloji baxımdan işləyir – həm Rusiya üçün, həm də NATO ölkələrinin daxilində. NATO isə uzun illərdir dərin böhran yaşayan bir hərbi-siyasi institutdur. Qayda belədir: gücə güclə cavab vermək lazımdır. Təəssüf ki, Kreml bu vəziyyətdən məharətlə istifadə edir. Rusiyaya real güc təzyiqi göstərilməyənədək belə təxribatların səviyyəsi yalnız artacaq.

-Rusiya daxilində hansı proseslərin gedəcəyini proqnozlaşdırırsınız? Kritik hədd yaxınlaşırmı?

- Müasir Rusiya 1979-cu ildə SSRİ-nin Əfqanıstana təcavüzündən sonra tutduğu yolla gedir. Xatırladım ki, o zaman ABŞ və müttəfiqləri Moskvanı “anakonda əməliyyatı” ilə sistemli şəkildə tədricən boğub təcrid etdilər. Bu, siyasi, informasiya, ideoloji, iqtisadi və hərbi-texniki istiqamətlərdə həyata keçirilirdi və nəticədə SSRİ siyasi böhran yaşadı, 1989-cu ildə Əfqanıstandan qoşunlarını çıxardı, 1991-ci ildə isə dağıldı.

Kreml rejiminin üstünlüyü ondadır ki, Qorbaçov rəhbərliyinin bir çox səhvlərini nəzərə aldı və buna görə 25 ilə yaxındır hakimiyyəti saxlaya bilir. Amma “janrın qanunu” var – əgər ABŞ və müttəfiqləri yeni “anakonda əməliyyatını” sistemli şəkildə təkrar etsələr, Rusiya da çox sürətlə SSRİ-nin taleyini yaşaya bilər. Təəssüf ki, hələlik belə sistemli yanaşma yoxdur və bundan Putin rejimi bacarıqla istifadə edir.

-Türkiyə–ABŞ münasibətlərinin normallaşması üçün real addımlar atıldı, Ağ Evdə dövlətlərarası müqavilələr imzalandı. Daha əvvəl də razılaşmalar olmuşdu, amma proses ləng gedirdi. Nə gözləyirsiniz?

- Prezident Ərdoğan bir daha həm ölkə daxilində, həm də xaricdə rəqiblərinə siyasi ustad dərsi verdi. Onun Tramp ilə görüşü və ABŞ Prezidentinin həm ona, həm də komandası üzvlərinə hörmətlə yanaşması iki ölkə münasibətlərində “demokratlar dövründəki soyuqluğun” başa çatdığını və yeni səhifənin açıldığını göstərdi.

Çox mühüm bəyanatlar verildi, konkret qərarlar qəbul olundu. Tramp ilin sonuna qədər F-35-lə bağlı sanksiyaları aradan qaldıracaq. Bundan başqa, Türkiyə ABŞ-la yeni “nüvə sazişi” bağladı və atom modulları sifariş etdi. ABŞ 20 il ərzində Türkiyəyə hər il 4 milyard kubmetrə yaxın mayeləşdirilmiş qaz ixrac edəcək. Təxminən, 43 milyard dollar dəyərində. Həmçinin Türkiyə ABŞ-dan 200 ədəd yeni “Boeing” aldı.

Tramp, həmçinin, İsrailin İordan çayının Qərb sahilini Fələstin Administrasiyasının iştirakı olmadan ilhaq etməsinə imkan verməyəcəyini vəd etdi.

Bütün bunlar göstərir ki, Tramp administrasiyası Türkiyəni NATO çərçivəsində bölgədə əsas hərbi-siyasi tərəfdaş kimi görür. Bu isə şübhəsiz ki, Türkiyənin Yaxın Şərqdə, Cənubi Qafqazda və ümumən müsəlman dünyasında rolunu və nüfuzunu artıracaq.

-Ramiz bəy, ABŞ–Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz? Yaxın perspektivdə hansı addımlar atılacaq?

- Xatırlayıram, ötən il ABŞ-da prezident seçkilərindən əvvəl Şuşada keçirilən beynəlxalq Media Forumunda prezident İlham Əliyev mənim sualıma cavab olaraq həm respublikaçılar, həm də demokratlarla bağlı təcrübəsini bölüşdü. Bu il ADA-da keçirilən beynəlxalq forumda prezidentlə yenidən görüşdükdə ona gözləntilərinin nə dərəcədə doğrulduğunu soruşdum. O, qətiyyətlə bildirdi ki, Vaşinqton–Bakı münasibətləri sürətlə pozitiv məcraya qədəm qoyub və bu, konkret nəticələr verir.

Bunun nəticəsi olaraq, 8 avqustda Ağ Evdə Azərbaycan–ABŞ–Ermənistan tarixi görüşü keçirildi. BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ və Azərbaycan Prezidentlərinin şəxsi, səmimi ünsiyyəti və bunu dünya liderlərinin şahidlik etməsi çox şeydən xəbər verir.

Əminəm ki, yaxın perspektivdə ABŞ–Azərbaycan münasibətləri həm forma, həm də məzmun baxımından daha konkret konturlara sahib olacaq. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi, ərazi bütövlüyü və suverenliyinin bərpası Cənubi Qafqazda status-kvonu tamamilə dəyişdi və bu gün bölgənin lideri şübhəsiz ki, Azərbaycandır. Sevindiricidir ki, Vaşinqton bunu artıq yaxşı anlayır.

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
azpolitika.info

1Источники