
Zaqatala rayonunda sel Tala çayının sahil bəndlərini aşırıb.
Reyting.az APA-ya istinadla xəbər verir ki, sentyabr ayının ikinci ongünlüyündən başlayaraq rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Rayonun dağlıq ərazilərinə yağan intensiv leysan yağışları səbəbindən bölgənin iri çaylarından sayılan Tala çayında suyun səviyyəsi kəskin artıb. Çaydan sel keçib və daşqın baş verib. Tala çayının sağ sahili, Zaqatala şəhəri Nizami küçəsi yaxınlığından keçən hissəsində isə su məcrasını dəyişərək sahilbərkitmə daş-beton bəndinə yaxınlaşıb və bəndin alt hissəsini yuyub.
Bu səbəbdən çayın 30 metrdən çox məsəfəsindəki daş-beton bəndi aşıb, çay yatağı ərazidəki 10-dan çox fərdi yaşayış evinə yaxınlaşaraq təhlükə yaradıb. Sahil bərkitmə bəndlərinin uçması ərazidənki üç yüksək gərginlikli elektrik dirəyinin aşmasına səbəb olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məlumatına görə, Tala çayının sağ sahilində yeni bəndin tikintisi ilə bağlı lahiyə hazırlanıb. Yaxın aylarda yeni bəndin tikintisinə başlanacaq.


