RU

Nigar Arpadarai: COP30 komandası ilə yaxından işləyirik

 

Bakı, 29 sentyabr, AZƏRTAC

Keçən il Azərbaycan COP29-a ev sahibliyi etdi və bu tədbir çox önəmli, tarixi qərarlarla yadda qaldı. Azərbaycan hələ də COP29-un Sədri olaraq fəaliyyətini davam etdirir və həmin qərarların icrası, ümumiyyətlə, qlobal aləmdə iqlim diplomatiyasının aparılması baxımından bizim komanda aktivlik göstərir. Keçən il COP29-dan öncə təşkil etdiyimiz tədbirlərdən biri Bakı İqlim Fəaliyyəti Həftəsi idi. Ümumiyyətlə dünyada İqlim Fəaliyyəti həftələrinin keçirilməsi ilə bağlı ənənə var. Ən böyük iqlim həftələri Londondadır. Nyu-Yorkda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının rəsmi olaraq təşkil etdiyi iqlim həftələri oldu. Panamada, Afrikada, Efiopiyada keçirildi və biz də COP-29 Sədrliyi olaraq orada aktiv iştirak etdik.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, keçən il Azərbaycanın keçirdiyi Bakı İqlim Fəaliyyəti Həftəsi çox uğurla təşkil edildiyinə görə, onun bu il də keçirilməsi haqqında qərar qəbul olunub: “Bu gün ikinci dəfə Bakı İqlim Fəaliyyəti Həftəsinə start verdik. Tədbirə ictimaiyyətdən və dövlət qurumlarından böyük maraq var. İqlim Fəaliyyəti Həftəsi ərzində 46-dan çox sessiya keçiriləcək, 30 sektoru, 30 mövzunu əhatə edəcək. Burada panel müzakirələri nəzərdə tutulub. Həmçinin əlavə tədbirlər və gənclərin proqramları var, özəl sektorun çox böyük aktivliyini görürük. Şirkətlərin təşkil etdikləri tədbirlər olacaq. Bu baxımdan ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi keçənilkindən də böyükdür. Müxtəlif dövlət qurumlarının qoşulduğu həftə müəyyən tematik günlərə bölünüb. Xaricdən çoxsaylı qonaqlar gəlib. BMT strukturlarından qonaqlarımız çoxdur. Gördüyünüz kimi, açılışda da xarici qonaqlarımız aktiv iştirak etdilər. Ümumilikdə bu, Azərbaycan üçün önəmlidir. Çünki bu, COP29 irsinin davamıdır və yenə də Azərbaycanın öz üzərinə götürdüyü bu rola məsuliyyətlə yanaşmasının göstəricisidir. Onu da bir daha qeyd etmək istərdim ki, COP29, sadəcə, bir tədbir deyil ki, oldu, keçdi. Bu, çox önəmli bir prosesdir və Azərbaycan onun Sədri olaraq artıq tamamilə yeni bir mərhələyə qalxıb. Yəni ölkəmiz çox nüfuzlu bir prosesin Sədrliyini öz üzərinə götürdü və ona görə biz təbii ki, bu işə çox məsuliyyətlə yanaşırıq və həmin prosesdə də çalışırıq ki, inklüzivlik olsun. Yəni tək dövlət siyasəti və danışıqlarla yanaşı, qeyri-dövlət strukturları aktiv olsun. Ona görə gördüyünüz kimi, Bakı İqlim Fəaliyyəti Həftəsi açıq formatda keçirilir. Yəni özəl sektor burada çox aktivdir, vətəndaş cəmiyyətini, gəncləri, bir çox təşkilatları görürük və çalışırıq ki, hər kəs bu müzakirələrə qoşulsun, bütün qərarlar və müzakirələr açıq olsun. Bu, bizim COP29-dan sonra ən böyük tədbirimizdir. Yəni bütün cəmiyyəti birləşdirən ən böyük iqlim tədbiridir. Artıq oktyabr ayında yeni bir çox səfərlər var. Bilirsiniz ki, preCOP tədbiri olacaq, bizim danışıqçılar, COP29-un Sədrliyi orada iştirak edəcək. Sonra isə artıq Belemdə olan tədbirlərə qoşulacağıq".

Nigar Arpadarainin sözlərinə görə, COP29-un əsas qərarlarından biri maliyyə ilə bağlıdır və burada 300 milyard dollardan söhbət gedir: "Lakin əsas məqsəd nədir? Bildiyiniz kimi, yaşıl iqtisadiyyata keçid çox bahalı bir prosesdir və qərarlardan biri də bu məbləği1,3 trilyon dollara çatdırmaqdır. Ona görə "Baku to Belem" yol xəritəsi adlı bir sənədin üzərində işləyirik. COP-30 komandası ilə COP-29 komandası birgə prosesin tərkib hissəsidir və burada da söhbət ondan gedir ki, lazım olan məbləği toplamaq üçün tək dövlətlərin verdiyi məbləğlər kifayət deyil. Bura özəl sektor və xeyriyyə təşkilatları qoşulmalı, bunun mexanizmi olmalıdır. Əsas önəmli məsələlərdən biri də budur ki, elə bir mexanizm olsun ki, bu məbləğlər doğrudan da ehtiyacı olan dövlətlərə, strukturlara, icmalara çatsın. Ona görə də, COP30 komandası ilə yaxından işləyirik".

Избранный
24
2
azertag.az

3Источники