RU

44 günlük İkinci Qarabağ müharibəsi dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

27 sentyabrda başlanan və zəfər ilə bitən ikinci Qarabağ müharibəsi təkcə xalqımız üçün anım günü deyil, həm də iki əsrlik müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir. Təqvimin bu günündə Azərbaycan xalqı qəhrəmanlığını, mücadilə əzmini dünyaya nümayiş etdirməklə bir daha bəyan etdi ki, bizim üçün Vətən məhəbbəti sıradan bir hiss deyil, biz Vətənimizi sevə və uğrunda şərəflə ölə bilərik! Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq dövlət başçısı cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Sentyabrın 27-si tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı oldu. Beş il bundan öncə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən amillər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir çıxışında əsaslı şəkildə diqqətə çatdırılır. Bu baxımdan dövlətimizin başçısının “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. 44 gün davam edən Vətən müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. 44 günün hər anını tariximizə Zəfər günü kimi yazan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır, tarixinə, torpaqlarına hər zaman sahib çıxan xalqdır. Tarixi ədalətin bərpasının böyük səylər, qətiyyət tələb etdiyini Azərbaycan dövləti, xalqı 44 günlük müharibədə sübuta yetirdi. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız erməni vəhşiliklərinin, vandalizminin şahidi olmaqla yanaşı, əyilməzliyin simvoluna çevrildi. Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi və əmin idi ki, qovuşacaq.

27 sentyabr bizim üçün həm də dünyanın görməzdən gəldiyi ədalətin təmin olunduğu günün başlanğıcıdır. 20 faiz torpağı işğal olunan ölkəmizin, övladının qanı axıdılan, terrora məruz qalan, evindən didərgin salınmış xalqımızın cavab haqqı 2020-ci ilin sentyabrında gəldi. Biz halal torpaqlarımızın 30 illik işğal dönəmində dövlət, xalq olaraq düşmənlə ləyaqətlə davrandıq, onlara, himayadarlarına anlatmağa çalışdıq ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir, biz müharibə istəmirik. Amma düşmən bunu anlayışla qəbul etmədi, əksinə təmas xəttində böyük güclərin, anti-Azərbaycan qüvvələrin himayədarlığı ilə təxribata əl atdılar. Halbuki, böyük güclər, dediyimiz həmin o qüvvələr beynəlxalq hüququn norma və prinsipinə uygun olaraq Qarabağ problemini ədalətli şəkildə həll etməyi öhdəlik kimi üzərinə götürmüşdülər. ATƏT və digər beynəlxalq qurumların fəaliyyətsizliyi onu deməyə əsas verirdi ki, onlar ədalətə, sülhə deyil, əslində, şərə xidmət edirlər. Bu, ölü doğulmuş, indiki vəziyyətdə tarixin arxivində olan keçmiş Minsk qrupunun fəaliyyətində aydın şəkildə özünü göstərirdi.

Bundan ilhamlanan Ermənistanın yeni rəhbərliyinin qəbulolunmaz davranışları, “Qarabağ Ermənistandır və nöqtə” kimi populist xarakterli məsuliyyətsiz bəyanatları, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatçı hərəkətlərinə qəhrəman ordumuzun cavabı öldürücü oldu. Diplomatik masalarda, beynəlxalq forumlarda erməni yalanlarını ifşa edərək qarşı tərəfə tarix dərsi keçən Prezident İlham Əliyev bu dəfə Ali Baş Komandan kimi cəbhə xəttində düşmənə hərbi dərs verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli ordumuz 44 gün ərzində pərən-pərən olan düşmənin silahlı qüvvələrini ağ bayraq qaldırmağa və Ermənistan rəhbərliyini rəzil təslimçilik aktına imza atmağa məcbur etdi.

Məhz bundan sonra biz tarixi yurd yerimizə sahib olduq. Prezident İlham Əliyev iki əsrlik tariximizdə Vətəni bütövləşdirən lider kimi qəhrəmanlıq səhifəsi yaradaraq fenomen kimi ilkə imza atdı. 44 günlük münaqişə dövründə düşmənlə ideoloji, diplomatik, hərbi savaşlardan qalib ayrılaraq ümumxalq sevgisi qazandı və mütləq qəhrəman oldu. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə bu savaşda Azərbaycan ordusu müharibə qaydalarına tam əməl etməklə qarşı tərəfə həm də ləyaqət dərsi keçdi. 44 günlük Qarabağ müharibəsində hərbi əsirlərə qarşı qeyri-insani rəftar, vəhşilik, zorakılıqla dünyanı heyrətləndirən Ermənistan ordusundan fərqli olaraq Silahlı Qüvvələrimiz mülki şəxsləri hədəf götürmədi. Beynəlxalq hüquqa hörmətlə yanaşan ölkəmiz əsir götürülən hərbçilərə insani münasibət göstərdi. Ölkələrinə təhvil verilən hərbi əsirlər bu həqiqəti vətənlərində belə etiraf etmək məcburiyyətində qaldılar. Çünki öldürmək, baş kəsmək erməni işi, erməni xislətidir. Hər zaman qan tökməyin əleyhinə olan Azərbaycan illərdir ki, regionda sülhün bərqərar olmasına çalışır, öz tarixi torpaqlarında xoşbəxt bir ömür yaşamaq istəyirdi. Bu tarixi xoşbəxtliyi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yaşadı.

Bu gün bütövləşən Azərbaycanın hər yerində-işğaldan azad edilmiş Qarabağımızda müqəddəs bayrağımız dalğalanır. Bir vətəndaş üçün bundan böyük xoşbəxtlikmi var? Bizə bu sevinci yaşadan şəhidlərimizi, qazilərimizi qürurla anır, hüzurlarında baş əyirik.Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
sesqazeti.az

2Источники