Afrikada Kremlin təsir imkanları zəifləyir, Qərb isə mövqelərini bərpa etməyə çalışır...
The Wall Street Journal nəşri
Rusiyanın Afrikada son illərdə sürətlə artan təsiri indi ciddi şəkildə zəifləyib və Moskva kontinentdəki mövqelərini saxlamaqda çətinlik çəkir.
Kremlin yeni rəsmi muzdlu hərbi qüvvəsi “Afrika Korpusu” nə maliyyə uğurlarını, nə də siyasi nüfuzunu əvvəlki kimi qoruyub saxlaya bilib. Bir vaxtlar Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” qrupunun bəzi Afrika biznesləri isə 2023-cü ildən sonra onun ölümündən dərhal sonra dağılmağa başlayıb.
ABŞ-nin yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, son üç ildə Malidə, Nigerdə və Burkina-Fasoda hakimiyyətə gələn hərbi xuntalar Qərb qüvvələrini, amerikalı və fransız əsgərlərini ölkədən çıxarmaq qərarına peşman olublar. Moskvanın təklif etdiyi dəstəyin isə nə “Əl-Qaidə”, nə də İŞİD qruplaşmasına qarşı mübarizədə gözlənilən nəticələri vermədiyi qeyd edilir.
“Onlar artıq yardım istəməyə başlayıblar, xüsusilə malililər”, deyə ABŞ rəsmisi bildirib və əlavə edib ki, belə yardım əsasən təlim formasında ola bilər.
Pentagon strateqləri ABŞ qanunları və siyasəti ilə məhdudlaşdırılsa da, regionda yenidən mövqelərini bərpa etməyi planlaşdırır. ABŞ-ın düşündüyü variantlardan biri, üçüncü ölkələrin, xüsusilə də Mərakeşin yerli orduları ekstremistlərə qarşı mübarizəyə hazırlamasıdır. Paralel olaraq, ABŞ-ın tanınmış hərbi podratçısı Erik Prins də Afrika hökumətləri ilə təhlükəsizlik xidməti barədə danışıqlar aparır.
Bu dəyişikliklər göstərir ki, Rusiyanın Saheldəki (Mali, Burkina-Faso, Niger və digər ölkələri əhatə edən yarımsəhra zonası) təsiri xeyli zəifləyib. Priqojin illərlə regionda ən nüfuzlu fiqurlardan biri idi, lakin indi Moskvanın iştirakı əksinə, təhlükəsizlik böhranını daha da dərinləşdirib. Ekspertlər bildirirlər ki, Sahel bu gün islamçı qruplarla Qərbin və müttəfiqlərinin qlobal mübarizəsində ən qaynar döyüş meydanına çevrilib.
Pentagonun maliyyələşdirdiyi Afrika Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, təkcə son bir ildə islamçı üsyan nəticəsində təxminən 11 min insan həlak olub, onların yarısı birbaşa döyüşlərdə öldürülüb. Üsyan on il əvvəl Malidə başlayıb, hazırda isə əsas zərbələr Burkina-Fasoya yönəlib və döyüşçülər Atlantik okeanının Gvineya körfəzi sahillərində yerləşən ölkələrə doğru irəliləyirlər.
Avropa təhlükəsizlik rəsmilərinin fikrincə, Rusiyanın Afrikada uğursuzluğu onun imkanlarının məhdud olduğunu göstərir. Əsas döyüş hissələrinin Ukraynada müharibəyə cəlb olunması Moskvanın Afrikadakı fəaliyyətini daha da zəiflədir.
“Vaqner”in ilk muzdlu döyüşçüləri Malidə 2021-ci ilin sonunda peyda olmuşdu və hökumət onlara hər ay 10 milyon dollar ödəyirdi. Amma çox keçmədən missiya uğursuzluqla nəticələndi. Sentry adlı qrupun avqustda dərc etdiyi araşdırmada qeyd olunurdu ki, muzdlu qüvvələrin vəhşicəsinə apardığı reydlər yerli əhalini qorxutdu, informatorların əməkdaşlığını pozdu və islamçı qrupların yeni döyüşçülər toplamasına şərait yaratdı.
Üstəlik, “Vaqner”in planlaşdırdığı kimi, Malinin iri qızıl yataqlarına nəzarət də baş tutmadı – həmin bölgələrdə təhlükəsizlik zəif idi. Analitiklərin qənaətinə görə, “Vaqner” aylarla ödəniş ala bilmədi və bu fəaliyyət heç bir tərəf üçün sərfəli olmadı. 2024-cü ilin iyununda muzdlular Malini tərk etdilər, arxada isə uğursuzluq və mülki əhaliyə qarşı zorakılıq nüfuzlarını tamamilə məhv etdi.
“Afrika Korpusu” Maliyə yeni əməkdaşlıq təklif etsə də, iyunda onların kolonnası Tuareq döyüşçülərinin pusqusuna düşdü və 40 zirehli texnikanın yarısı məhv edildi. Onlarla döyüşçü öldürüldü.
Başqa ölkələrdə də vəziyyət fərqli deyil. Mərkəzi Afrika Respublikasında “Vaqner”in muzdlu döyüşçüləri həm qızıl mədənlərində, həm də prezidentin mühafizəsində iştirak edirdi. İndi Moskva burada Afrikan Korpusunun daha formal müqavilələrlə işləməsinə çalışır. Amma yeni qüvvələr əsasən kazarmalarda qalaraq təlimlə məşğul olur və effektivliyi aşağıdır.
Sudanda da Kreml möhkəmlənə bilməyib. Priqojinin dövründə “Vaqner” qızıl hasilatı ilə məşğul olurdu, lakin onun ölümündən sonra bölgəyə göndərilən rus mühafizəçilər də bir neçə aydan sonra geri çəkildilər. Yerli üsyançılar mədənlərə hücum edir, yanacaq tədarükünü kəsir, hətta Sudan hökumətinin hərbi aviasiyası da rusların işlədiyi obyektləri bombalayırdı.
2024-cü ildə Burkina-Fasoya göndərilən 300 nəfərlik rus muzdlu dəstəsi isə üç ay sonra Ukraynaya döyüş üçün geri çağırıldı. Bu ölkədə yalnız kiçik kontingent qalıb, o da əsasən dronların idarə olunması və xunta liderinin mühafizəsi ilə məşğuldur.
Beləliklə, Rusiyanın Afrikadakı problemləri Qərb dövlətlərinə yenidən bölgəyə qayıtmaq imkanı yaradır. ABŞ-nin tanınmış podratçısı Erik Prins və Tramp administrasiyasının məsləhətçisi Rudolf Atalla artıq Malidə və Nigerdə yeni əməkdaşlıq təklifləri irəli sürüblər. Fransa da Mərkəzi Afrika Respublikasında hərbi hazırlıq proqramlarını bərpa etməyə başlayıb.
Nəticədə, Kreml illərlə gücləndirməyə çalışdığı Afrikadakı mövqelərini itirir, ABŞ və Fransa isə yenidən regionda nüfuz qazanmaq üçün fürsət əldə edir.
Tərcümə Poliqon-a aiddir.
Poliqon.info