RU

“ƏVVƏLKİ DİNAMİKAYA QAYITMAQ MÜMKÜN DEYİL...” Bakı Moskva münasibətlərində yeni dönəm

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan və Rusiya münasibətlərində əvvəlki dinamikaya qayıtmaq artıq mümkün deyil”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiya - Azərbaycan münasibətlərinin indiki durumu və perspektivlərini şərh edərkən bildirirb.

Ekspert hesab edir ki,

AZAL təyyarəsinin vurulması və Moskvanın reaksiyası əlaqələrdə ciddi deqradasiyaya səbəb olub:

“Əvvəllər Azərbaycan və Rusiya liderləri ildə bir neçə dəfə görüşür, yüksək səviyyədə əlaqələri operativ şəkildə koordinasiya edirdilər.

Xarici siyasət baxışları bir-birinə uyğun idi, beynəlxalq arenada qarşılıqlı təzyiqlərdən qaçılırdı.

İqtisadi əlaqələr strateji layihələr (Şimal-Cənub dəhlizi, energetika) və qarşılıqlı investisiyalar üzərində qurulmuşdu. VTS əməkdaşlığı mövcud olsa da, 2022-ci ilin fevralından sonra praktiki olaraq dayandırıldı.

Humanitar sahə – rusların Azərbaycandakı mövcudluğu, azərbaycanlıların Rusiyadakı vəziyyəti və rus dilinin rolu – münasibətləri emosional baxımdan gücləndirirdi”.

Mövcud durum barədə danışan ekspert qeyd edib ki, hazırda yüksək səviyyəli siyasi dialoq yoxdur, son altı ayda liderlər yalnız bir dəfə təbrikləşiblər: “Yüksək səviyyəli dialoq yalnız vitse-prezidentlər və hökumətlərarası komissiyalar çərçivəsində baş verir.

Yeni normanın formalaşması bu səviyyədə gedir, yəni siyasi və humanitar sahələrdə avtonomiya yaradılmalıdır”.

Politoloq bildirib ki, 7 oktyabr – Rusiya Prezidentinin doğum günü Azərbaycan tərəfi üçün test olacaq, Prezident İlham Əliyev hər il adət üzrə zəng edir, bu il vəziyyət necə olacaq, görünəcək.

Gələcək perspektivlər barədə danışan Fərhad Məmmədov hesab edir ki, xarici siyasət baxışları artıq avtomatik uyğunlaşmayacaq. Onun sözlərinə görə, Şimal istiqamətinin rolu azalır, yeni əlaqələr əsasən Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə qurulacaq. “İqtisadiyyat əsas sahə olacaq, çünki burada həm Bakı, həm Moskva üçün maraqlar və qarşılıqlı fayda var”, - o əlavə edib.

Fərhad Məmmədov qeyd edib ki, humanitar sahə deqradasiyaya uğrayıb: “Burada müsbət dinamika yaratmaq çətindir. Rusiyada azərbaycanlılara qarşı təzyiqlər ticarət və investisiyalara mənfi təsir göstərə bilər”.

Fərhad Məmmədov heab edir ki, strateji layihələr - Şimal-Cənub dəhlizi və Zəngəzur koridoru həm Bakının, həm də Moskvanın marağındadır və onlar davam etdiriləcək.

Onun sözlərinə görə, AZAL təyyarəsinin vurulması məsələsində ilin sonuna qədər aydınlıq yaranacaq: “Moskva Bakının gözləntilərinə uyğun qərar qəbul edərsə, böhranın kökü aradan qalxacaq; əks halda beynəlxalq məhkəmə prosesləri gündəmə gələcək”.

Politoloq hesab edir ki, yeni norma iqtisadi əlaqələrin davam etməsi ilə, lakin siyasi dialoq və xarici siyasət sahəsində minimal uyğunlaşma ilə mümkün ola bilər. Onun sözlərinə görə, humanitar sahədəki risklər isə diqqətlə idarə edilməlidir.

O əlavə edib: “Profil strukturlar iqtisadiyyatın siyasətdən və humanitar təzyiqlərdən avtonomiyasını təmin edə bilsə, yeni normalar daha davamlı olacaq. Əsas odur ki, qarşılıqlı gözləntilər yeni çərçivədə möhkəmlənsin”.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
azpolitika.info

1Источники