Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.
Doğru.az xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə verdiyi dəstəyə görə isə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib. O, COP28 və COP29-un nəticələrinə diqqət çəkərək, Bakıda keçirilmiş COP29-un mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olduğunu vurğulayıb. Nazir həmçinin qəbul edilən Bakı Maliyyə Məqsədini qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.
Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq bildirib ki, sabah start götürəcək Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunacaq.
Nazir çıxışında Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları, eləcə də Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumların Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərdiyini diqqətə çatdırıb.
Sonda Adil Kərimli vurğulayıb:
“Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik.”
DOĞRU.AZ