RU

Sosial şəbəkələrdə manipulyasiya: Məqsəd Bakı-Ankara münasibətlərini zədələməkdir - ÖZƏL

Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı yeni qarayaxma kampaniyası başlayıb. Feysbuk və "X"də guya Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında Benyamin Netanyahunun çıxışına əl çaldığı iddia olunur. Halbuki görüntülər Prezident İlham Əliyevin çıxışı zamanı çəkilib. 
Bu cür saxta məlumatların sosial şəbəkələrdə tirajlanmasının əsas məqsədi nədirAzərbaycan belə qarayaxma kampaniyalarının qarşısını almaq üçün informasiya siyasətində hansı addımları gücləndirməlidir? Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Prinsipcə, bu yeni bir hadisə deyil. Hətta deyərəm ki, biz artıq Türkiyə ictimaiyyətinin, Türkiyə mediasının məsələlərə bu qədər qərəzli baxdığının şahidi oluruq. Hər şeydən öncə qeyd etmək lazımdır ki, bir müddət öncə SOCAR-ın İstanbuldakı ofisinin qarşısında Fələstinə dəstək aksiyası keçirildi və burada SOCAR-ın Fələstinliləri qətlə yetirən İsrailə neft-qaz satışı etdiyi bəhanəsi ilə həm Azərbaycan, həm də SOCAR boykot edilməyə çalışıldı. İkinci bir insident kimi qeyd edilə bilər ki, 2025-ci ildə Azərbaycanın Avroviziya müsabiqəsində İsrailə xal verməsi kəskin şəkildə tənqid atəşinə tutuldu. Bu yaxınlarda isə Azərbaycanın İsrailin Avroviziyadan kənarlaşdırılması yönündə məsələyə etiraz edəcəyi barədə saxta bir informasiya yayıldı.
İndi isə BMT-də guya çıxış edərkən Azərbaycanı alçaldıblar. Bilirsiniz, bütün bunlardan görünür ki, konkret bir mərkəz var və bu qüvvələr faktiki olaraq prosesləri izləyir, bundan istifadə etməyə çalışır. Halbuki ortada heç bir real proses də yoxdur.
Azərbaycan hər şeydən öncə qeyd etmək lazımdır ki, Fələstini müstəqil tanıyan ilk ölkələrdəndir. Türkiyə 1988-ci ildə tanıyıb, Azərbaycan isə hələ SSRİ tərkibində olarkən Fələstin hərəkatını dəstəkləyib. Bundan başqa, Azərbaycan müstəqillik əldə edəndən sonra ilk tanıdığı ölkələrdən biri də Fələstindir. Halbuki, Azərbaycanı ilk tanıyan ölkələrdən biri İsraildir. Azərbaycanı bu məsələdə günahlandıran qüvvələr,  Türkiyədəki kütlələr daha çox populist, hisslərlə hərəkət edən, daha cahil bir kütlədir. Çünki Türkiyədə kifayət qədər intellektual insanlar var və onlar başa düşürlər ki, Azərbaycan Fələstinə çox vaxt Türkiyədən də artıq yardım edir. Biz sadəcə bəyanatlarla kifayətlənmirik, humanitar yardım edirik. Azərbaycanda Fələstinin səfirliyi var, üstəlik Azərbaycanın da Fələstində nümayəndəliyi fəaliyyət göstərir. Bu, özü-özlüyündə rəsmi Bakının verdiyi böyük dəstəyin göstəricisidir. Bununla da kifayətlənməyən Azərbaycan hər il Fələstinə humanitar və iqtisadi yardımlar ayırır. Hətta Fələstinlə İsrail arasında danışıqlar prosesində vasitəçilik təklif edib. Yəni bir ölkə niyyətini bundan da açıq ifadə edə bilməz.
Azərbaycan hər zaman balans siyasəti yürüdüb və faktiki olaraq İsraillə Fələstin arasında seçim etmir. Ümumiyyətlə, ağıllı müsəlman ölkələri İsraillə Fələstin arasında seçim etməz. Əks təqdirdə bu, həm münasibətləri gərginləşdirər, həm də Fələstinə zərər verər. Türkiyənin dəstəklədiyi və tətbiq etdiyi model əslində çox ciddi yanlışdır. 
Azərbaycanı linç etməyə çalışan bu qüvvələr faktiki olaraq həm AKP iqtidarının içində, həm də müxalifətdə mövcuddur. Təəssüf ki, bu gün Türkiyə cəmiyyətində ciddi bir qütbləşmə var və həmin qütbləşmənin fəsadlarını bu tip məsələlərdə görürük. Bu qüvvələr Azərbaycanla Türkiyənin münasibətlərini pozmağa çalışırlar və təəssüf ki, Türkiyə hakimiyyəti də bununla bağlı lazımi tədbirlər görmür.Ola bilər, azad media var, buna sözümüz yoxdur. Amma strateji maraqlara zərbə vuracaq təxribatların qarşısı istənilən halda alınmalıdır. Azərbaycan hər zaman Türkiyə ilə münasibətlərində sadiq olub. Əgər biz müttəfiqiksə, qarşılıqlı öhdəliklər varsa, Türkiyə tərəfi bunu bir mənalı şəkildə başa düşməlidir. Türkiyə ciddi dövlət hesab olunur, bu ölkənin güclü kəşfiyyat strukturu var, bizimlə müttəfiqlik münasibətləri var. Bizim atdığımız addımlar da Türkiyəyə bəllidir. Amma Türkiyə mediasında bu cür şeylərin olması doğru deyil və bunun qarşısı Türkiyə hakimiyyəti tərəfindən alınmalıdır. Əks təqdirdə bu cür vəziyyət davam edərsə, münasibətlərə təsir göstərəcək qədər ciddi bir problem yarana bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники