Almaniya kansleri hava məkanının pozulmasına diqqət çəkib…
Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bir daha Avropada sülhün olmadığını bəyan edib. Onun sözlərinə görə, qitə müharibə vəziyyətində olmasa da, sülh şəraitində də yaşamır. Kansler xüsusilə Avropa İttifaqı ölkələrinin hava məkanının ardıcıl pozulmasına diqqət çəkib.
“Biz bir neçə həftədir hava məkanının pozulmasını müşahidə edirik və bu vəziyyət getdikcə daha da pisləşir”, — deyə Merts “Rheinische Post” nəşrinə açıqlamasında bildirib. O qeyd edib ki, dünya fundamental dəyişikliklər dövrünü yaşayır və mövcud beynəlxalq nizam siyasi güc münasibətləri ilə əvəz olunur.
Merts xatırladıb ki, yaxınlarda Almaniyanın Şlezviq-Holşteyn əyalətində pilotsuz uçuş aparatının (PUA) hərəkəti qeydə alınıb. “Sıx məskunlaşmış bir ölkədə səkkiz metrlik dronu havaya qaldırmaq asan deyil”, — deyə kansler əlavə edib. Onun sözlərinə görə, bu cür PUA-ların mənbəyi ehtimal ki, Rusiyadır.
Qeyd edək ki, sentyabrın 27-də Berlində keçirilən konfransda çıxış edən Merts artıq bir dəfə oxşar açıqlama verərək Almaniyanın “sülh şəraitində olmadığını” vurğulamışdı. Həmin tədbirdə o, iştirakçılara müraciət edərək bildirib ki, “ehtimal ki, hər iki nəfərdən biri ən azı bir dəfə məlumat şəbəkəsinə və ya infrastrukturuna edilən hücumu hiss edib”.
Poliqon.info