RU

İrəvanın “yol xəritəsi” Bakının razılığı ilə formalaşır

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın 30 ilə yaxın Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlaması ölkəni regionda təcrid vəziyyətinə salıb və beynəlxalq aləmlə münasibətlərinə mənfi təsir göstərib. Bəzi dövlətlər bu illər ərzində Ermənistanla diplomatik əlaqələr qurmayıb və ya onu dövlət olaraq tanımayıb. Xüsusilə, türk və müsəlman ölkələri Ermənistanın işğalçı siyasətinə görə diplomatik boykot tətbiq ediblər.

Bununla belə, son dövrlər İrəvanın Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı ilə münasibətlərində pozitiv dinamika yaranıb. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, eləcə də Vaşinqtonda sülh sazişinin paraflanması ilə əlaqədardır. Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin diplomatik əlaqələr sahəsində mühüm addım atdığını açıqlayıb. O, Ermənistanın artıq Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurduğunu vurğulayıb və bunu regional siyasətdə yeni mərhələ adlandırıb. Paşinyan, həmçinin qeyd edib ki, son illər Ermənistanla Türkiyə arasında görünməmiş dərəcədə pozitiv dialoq formalaşıb: “Prezident Ərdoğanla görüşlərim mütəmadi xarakter daşıyır, etimad səviyyəsi isə davamlı olaraq artır”.

Paşinyan adını çəkdiyi ölkələri ölkəsinin strateji tərəfdaşı və dostu sayır. Bu da göstərir ki, Ermənistanın diplomatik uğurları birbaşa rəsmi Bakının maraqları ilə bağlıdır. Yəni İrəvanın diplomatik “yol xəritəsi” Bakının razılığı ilə formalaşır.

Məlum olduğu kimi, Pakistan ötən dövr ərzində Ermənistanı dövlət olaraq tanımamışdı. Lakin avqustun 31-də iki ölkənin münasibətlərində yeni səhifə açıldı. Həmin gün Çinin Tiencin şəhərində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında kommunike imzalandı. Sənədi Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və pakistanlı nazir Məhəmməd İshaq Dar imzalayıb. Bəyanata görə, tərəflər BMT Nizamnaməsinə əsaslanaraq suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz etməmək, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutacaqlar. Pakistan Azərbaycanla məsləhətləşmələrdən sonra Ermənistanla diplomatik əlaqələr qurmağa başlayıb. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda baş tutan görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra təşəbbüs razılaşdırılıb.

Eyni zamanda, sentyabrın 26-da İrəvan və Ər-Riyad arasında siyasi məsləhətləşmələr haqqında sənəd imzalanıb. Ermənistan XİN-in yaydığı məlumatda bildirilir ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud “Ermənistan Respublikası Xarici İşlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında” Anlaşma Memorandumu imzalayıblar.

Diqqətə çatdıraq ki, Səudiyyə Ərəbistanının da Pakistan kimi Ermənistanla münasibətləri olmayıb. Bunun əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti idi. Səudiyyə Ərəbistanı Azərbaycanla dostluq münasibətlərini nəzərə alaraq, Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina etmişdi. Prezident İlham Əliyev bu barədə deyib: “Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”.

Qeyd etmək lazımdır ki, iki dövlət arasında diplomatik əlaqələrin yaradılmasında maraqlı məqamlar olub. 2020-ci ildə Livan vasitəsilə Ermənistan Səudiyyə Ərəbistanına yaxınlaşaraq diplomatik münasibətlər qurmaq niyyətində olub. Lakin o dövrdə qanunsuz erməni hərbi dəstələri Qarabağda qalmaqda davam edirdi. Bu səbəbdən Ər-Riyad daha üç il səbir etdi. ABŞ və Fransa bu məqsədlə Səudiyyə Ərəbistanına müraciət etmişdilər. 2023-cü ildən sonra Səudiyyə Ərəbistanı və Ermənistan arasında müəyyən yaxınlaşma barədə məlumatlar ortaya çıxmağa başladı. Ölkə mediasında yayılan xəbərlərə görə, Körfəz dövləti diplomatik əlaqələrin qurulması ilə bağlı dost və qardaş ölkə kimi bu barədə öncədən Azərbaycana məlumat verib. Bunun qarşılığında Azərbaycan Səudiyyə Ərəbistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Görünür, Cənubi Qafqazda yaranan yeni reallıqlar səbəbindən rəsmi Bakı buna etiraz etməyib. Krallıq İslamabad və Ankara kimi Bakının maraqlarını nəzərə alır, buna görə Ermənistanla münasibətlərin inkişafı çox ehtiyatla, Azərbaycanın maraqlarına zidd olmadan aparılır.

Uzun illər təcrid vəziyyətdə qalan Ermənistanın Səudiyyə Ərəbistanına yaxınlaşmaq istəməsinin bir neçə əsas səbəbi var. Səudiyyə Ərəbistanı regionda və dünyada nüfuzlu və təsirli dövlət olduğundan, onunla diplomatik əlaqələrin qurulması Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Körfəz ölkəsi Ermənistana ticarət və sərmayə baxımından geniş imkanlar təqdim edə bilər. Ermənistan məhz enerji, investisiya və biznes sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Səudiyyə Ərəbistanına yaxınlaşır. Bundan əlavə, bu əlaqələr İrəvan üçün Türkiyə və digər müsəlman ölkələri ilə münasibətlərdə balans yaratmağa da imkan verir.

Ermənistan Səudiyyə Ərəbistanına yaxınlaşmaqla diplomatik nüfuzunu artırmaq, iqtisadi imkanlar əldə etmək və regional balans yaratmaq istəyir. Bu əlaqələrin davamlılığı İrəvanın sülh prosesinə münasibətindən asılı olacaq. Və bu amil Türkiyə ilə münasibətlərə də aiddir. Son vaxtlar iki ölkə arasında siyasi dialoq intensivləşsə də, Türkiyə XİN rəhbəri son açıqlamasında bəyan edib ki, sülh sazişinə son imzalar atıldıqdan sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətlənəcək.

İlyas HÜSEYNOV,politoloq

Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq istiqamətində fəaliyyəti diqqət çəkir. Son vaxtlar bu proses genişlənməkdədir. Şübhəsiz, Azərbaycanın suverenliyinin təmin olunması milli maraqlarımızı gücləndirdi və işğal aradan qaldırıldıqdan sonra Ermənistanın Azərbaycanın mövqeyini dəstəkləyən iki böyük müsəlman dövləti – Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmasını Bakı izləyir. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında da təmasların artdığı məlumdur.

Bu proses kommunikasiya kanallarının açılması və diplomatik münasibətlərin inkişafı ilə müşahidə olunur. Baxmayaraq ki, Ermənistanla Pakistan və Səudiyyə Ərəbistanı arasındakı təmaslar genişlənir və bu, regional siyasətə müəyyən qədər təsir göstərir, amma hələ də Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yoxdur. Ermənistan hələ də Azərbaycanın tələblərini tam yerinə yetirməyib və konstitusiyasında zəruri dəyişikliyi aparmayıb.

Buna baxmayaraq, Azərbaycan Ermənistanın Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrinə etiraz etmir. Bu yanaşma regional sabitliyin möhkəmlənməsi, tərəfdaşlıq münasibətlərinin inkişafı və geniş coğrafiyada ticarət-iqtisadi əlaqələrin davamlı olmasına xidmət edir.

Musa BAĞIRLIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
xalqqazeti.az

2Источники