RU

Paşinyanın diplomatik marafonu

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İrəvan həm Rusiya, həm də Qərb dairələrində möhkəmlənməyə cəhd edir

Ermənistan baş naziri Nikol Paşinyanın son günlər diplomatik fəallığı diqqəti cəlb edir. Paşinyan bu fəaliyyəti ilə həm regional miqyasda, həm də beynəlxalq arenada diqqət mərkəzinə düşüb. Nikol əvvəlcə Moskvada oldu, burada Rusiya rəhbərliyi ilə ikitərəfli münasibətləri müzakirə etdi. Ardınca Rusiya paytaxtından birbaşa Nyu-Yorka uçaraq BMT Baş Assambleyasının 80-ci sessiyasına qatıldı. Yeri gəlmişkən, qeyd edək ki, Paşinyan bu beynəlxalq platformadakı çıxışı ilə Ermənistanın sülh gündəminə dair mövqeyini ortaya qoydu. İndi isə məlum olur ki, Paşinyan Baş Assambleyada iştirakını yekunlaşdıraraq Nyu-Yorkdan Fransanın Strasburq şəhərinə yola düşüb.

Hayastan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, N.Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən 30-dək Strasburqda işgüzar səfərdə olacaq. Səfər çərçivəsində Paşinyan sentyabrın 29-da AŞPA prezidenti Teodoros Rusopulos ilə görüşüb. Tərəflər Ermənistan və Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Paşinyan görüş zamanı Ermənistan hökumətinin Avropa Şurası strukturları ilə səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Həmsöhbətlər vurğulayıblar ki, Ermənistan–Avropa Şurası tərəfdaşlığının dərinləşdirilməsi həm institusional dayanıqlılıq, həm də Avropa hüquq məkanı ilə inteqrasiya prosesləri üçün vacibdir. Görüş zamanı Ermənistan baş naziri və AŞPA prezidenti regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflandığını vurğulayaraq sülhün bərqərar olunmasının əməkdaşlığın inkişafına və regionda sabitliyin təmin olunmasına yeni və əhəmiyyətli təkan verəcəyinə əminlik ifadə ediblər.

Bundan əlavə, Paşinyan Avropa Şurasının baş katibi Alen Berse, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Mieda Mattias Qiyomarla görüşüb. O, günün sonuna yaxın jurnalistlərin suallarını cavablandırıb. Nikol bildirib ki, TRIPP (Zəngəzur dəhlizi) məsələsi həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin gündəmində qalmaqda davam edir: “Amerika nümayəndə heyəti bu yaxınlarda Ermənistana səfər edib, müzakirələr başlayıb və davam edəcək. Hazırda konkret razılaşma yoxdur. Məncə, problem Tramp administrasiyasının qlobal gündəliyinə malik olmasındadır. Lakin əmin olun ki, TRIPP həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqda davam edir, ona böyük maraq var. Biz hazırda yavaş-yavaş, amma fasiləsiz işləyirik”.

Paşinyanın səfər çərçivəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti ilə də görüşü planlaşdırılıb. Sentyabrın 30-da Paşinyanın AŞPA-nın payız sessiyasının plenar iclasında çıxış etməsi nəzərdə tutulub.

* * *

Qeyd etdiyimiz kimi, Ermənistan Baş nazirinin son günlərdə nümayiş etdirdiyi diplomatik fəallıq həm regionda, həm də beynəlxalq miqyasda diqqət mərkəzinə düşüb. Son bir həftə ərzində ardıcıl olaraq Moskva, Nyu-York və Strasburqa səfər edən Paşinyan təkcə Ermənistanın xarici siyasət prioritetlərini ortaya qoymaqla kifayətlənmir, həm də ölkəsinin geosiyasi mövqeyində mümkün dönüşlərə işarə edir. Bu marşrutun özü belə İrəvanın hazırkı vəziyyətində balans axtarışının nə qədər çətin və mürəkkəb olduğunu göstərir. Baş nazirin diplomatik marafonu Moskvadan başladı. Paşinyanın Rusiya rəhbərliyi ilə görüşü bir tərəfdən Ermənistan–Rusiya münasibətlərində son dövrlərdəki gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilə bilər. Moskva səfəri, həmçinin İrəvanın hələ də ənənəvi təhlükəsizlik tərəfdaşını tamamilə itirmək istəmədiyini göstərdi. Lakin bu görüşlərdə diqqətçəkən məqam Paşinyanın Rusiya ilə münasibətlərdə əvvəlki illərin asılılıq ritorikasını deyil, daha çox praqmatik mövqeyi qabartması idi.

Nyu-Yorkdakı çıxışında Paşinyan Ermənistanın sülh gündəliyini vurğulayaraq beynəlxalq platformada ölkəsinin mövqeyini mümkün qədər açıq şəkildə təqdim etməyə çalışdı. Bu, həm avqustun 8-də Vaşinqtonda paraflanmış Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişlə bağlı prosesə beynəlxalq dəstək toplamaq cəhdi, həm də Qərb tərəfdaşları ilə siyasi yaxınlaşma mesajı kimi dəyərləndirilə bilər.

Lakin Paşinyan bununla kifayətlənmədi. BMT sessiyasından sonra onun Strasburqa – Avropa Şurası Parlament Assambleyasının payız sessiyasına üz tutması diplomatik fəallığın növbəti mərhələsi oldu. Buradakı görüşlərdə Paşinyan Ermənistan–Avropa Şurası əməkdaşlığını dərinləşdirməyin vacibliyini önə çəkdi və xüsusilə institusional dayanıqlığın artırılması, Avropa hüquq məkanına inteqrasiya kimi məsələləri qabartdı. Bu, İrəvanın Avropa strukturları ilə yaxınlaşmağa maraqlı olduğuna dair açıq mesaj idi.

Paşinyanın Strasburqdakı çıxışları və görüşləri, həmçinin Ermənistanın beynəlxalq hüquqi və demokratik institutlarla münasibətlərini möhkəmləndirmək cəhdi kimi görünür. Bu, təkcə xarici siyasət jesti deyil, həm də daxili legitimlik qazanmaq və hakimiyyətin sabitliyini təmin etmək üçün atılan addım hesab edilə bilər. Baş nazirin AŞPA prezidenti Teodoros Rusopulos və Avropa Şurasının baş katibi Alen Berse ilə görüşlərində Ermənistan–Azərbaycan sülh sazişinin Vaşinqtonda paraflanmasını xüsusi qeyd etməsi təsadüfi deyildi. Bu vurğular, əslində, Ermənistan hökumətinin sülh gündəliyinə bağlılığını beynəlxalq tərəfdaşlara göstərmək niyyətindən xəbər verir.

Paşinyanın diplomatik fəallığının intensivləşməsi həm də Ermənistanın geosiyasi mövqeyində yeni reallıqların qəbuluna yönəlmiş addımlar kimi qiymətləndirilir. Moskva–Nyu-York–Strasburq xətti, əslində, Ermənistanın hələ də Rusiya ilə münasibətləri qorumağa çalışsa da, Qərb strukturları ilə əməkdaşlığı genişləndirməyə can atdığını göstərir. Bu siyasət balans axtarışı kimi görünür, lakin əslində, Paşinyanın ölkəsini regional təcriddən çıxarmaq və beynəlxalq hüquq və təhlükəsizlik mühitinə daha sıx bağlamaq cəhdidir.

N.Paşinyanın diplomatik marafonu həm də Ermənistanın daxili siyasi sabitliyinə hesablanmış mesajdır. O, beynəlxalq platformalarda fəallığı ilə həm ölkə daxilindəki tənqidçilərə, həm də xarici tərəfdaşlara göstərmək istəyir ki, Ermənistan müharibədən sonrakı mərhələdə təcrid olunmayıb və tərəfdaşlıq əlaqələri qurmaqda davam edir. Bu yanaşma Paşinyanın liderlik mövqeyini gücləndirmək və ölkəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün atılmış strateji addım kimi görünür. Nəticə etibarilə, Paşinyanın ardıcıl diplomatik səfərləri təkcə Ermənistanın xarici siyasətinin dəyişən prioritetlərini deyil, həm də regionda yeni siyasi reallıqların formalaşmasına təsir etmək cəhdini göstərir.

Ramiyə MƏMMƏDOVA,politoloq

Nikol Paşinyanın son günlərdəki intensiv diplomatik fəaliyyəti Ermənistanın geosiyasi axtarışlarının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Moskva, Nyu-York və Strasburq səfərləri yalnız protokol ziyarətləri deyil, həm də ölkənin xarici siyasət kursunda balans yaratmaq cəhdlərinin ifadəsidir. Analitiklər qeyd edirlər ki, Paşinyan Rusiya ilə münasibətləri tamamilə kəsmədən Qərb platformalarında möhkəmlənmək istəyir. Bu, xüsusilə sülh sazişinin paraflandığı Vaşinqton görüşündən sonra Ermənistan üçün aktuallaşıb.

Strasburqdakı danışıqlarda Avropa Şurası ilə institusional dayanıqlığın gücləndirilməsi və hüquqi islahatların vurğulanması Ermənistanın Qərb dəyərlərinə yaxınlaşma niyyətini nümayiş etdirdi. Bu isə İrəvanın daxili siyasi legitimlik axtarışının da bir hissəsidir. Ekspertlər hesab edirlər ki, Paşinyanın diplomatik fəallığı həm də ölkənin təcriddən çıxması və beynəlxalq etimad qazanması üçün vacibdir.

Eyni zamanda, bu addımlar Ermənistanın təhlükəsizlik məsələlərindəki ikili asılılığını azaltmaq cəhdi kimi görünür. Paşinyanın diplomatik marşrutu göstərir ki, Ermənistan rəhbərliyi yeni regional balans axtarışındadır və bu istiqamətdə Qərb institutlarının dəstəyini vacib hesab edir. Beləliklə, baş nazirin son səfərləri yalnız xarici siyasət gedişi deyil, həm də ölkənin strateji seçimlərinə dair mesaj kimi qiymətləndirilir.

Səxavət HƏMİDXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
xalqqazeti.az

2Источники