Ukraynada işlərin heç də Rusiyanın xeyrinə getmədiyini anlayanların sayı sürətlə çoxalır. Artıq Rusiyadakı beyni, qanı zəhərlənmiş qatı müharibə həvəskarlarının, millətçilərin, imperiyaçıların da “kürkünə birə düşməyə” başlayıb.
“Rusiya Ukraynanı məğlub edə bilmirsə, müharibədən çıxmaq barədə düşünməlidir”.
Bunu Donbas separatçılarının keçmiş komandiri, hazırda həbsxanada cəza çəkən tanınmış imperiyaçı, şovinist, hərbi cinayətkar İqor Strelkov (Qirkin) Telegram kanalında yazıb.
Qirkin(Ukraynada ona “Dırkin” deyənlər də var, rus dilini bilənlər bunun nə anlama gəldiyini başa düşür) Donald Trampın Rusiyanı “kağız pələng”ə bənzətməsi ilə razılaşdığını qeyd edib: “Trampın son bəyanatını (Rusiyaya qarşı son dərəcə sərt) oxudum, burada o, Ukraynanın Rusiyanı məğlub edə biləcəyini deyir, çünki Rusiyanın "kağız pələng" olduğu ortaya çıxıb. Təəssüf ki, bir sıra məsələlərdə onunla razılaşmaya bilmirəm.
Həqiqətən, hamının üç günə, ən uzağı üç həftəyə dağılacağını gözlədiyi bir ölkəyə qarşı üç il yarım müharibə aparmaq - bunu bacarmaq lazım idi. Xüsusilə də bu, belə böyük potensiala, bu qədər uzun hərbi tarixə, bu qədər əhəmiyyətli hərbi ənənəyə və kifayət qədər böyük orduya malik olan bir ölkədən gözlənilməzdi.
Artıq Qara dənizdəki şərq bazalarımıza zərbələr endirildiyini görürük. Üç il yarım əvvəl onun üzərində dənizə və havaya tam nəzarət edən Qara dəniz donanması haradadır? Düşmən pilotsuz katerlərlə Novorossiyskə hücum edirsə və donanma bunun qarşısını tam ala bilmirsə, o hara getdi?
Krımda nə baş verir? Qonşu bölgəyə - Perm bölgəsinə zərbələr endirilirsə və biz tamamilə cavab verə bilmiriksə və bunun qarşısını ala bilmiriksə, burada nə baş verir?
Müharibədə qalib gələ bilmiriksə, bəlkə, həqiqətən ondan çıxmalıyıq? Söhbət ondan gedir ki, “tərəfdaşlarımız” bizə imkan verməyəcək. Biz düşünməliyik ki, “tərəfdaşlarımızı” müharibədən çıxmağa necə məcbur edək, onları buna necə razı salaq. Əgər məcbur etməyi bacarmırlarsa, deməli, suallar hərbi rəhbərliyə aid olmalı deyil.
Ümumiyyətlə, mən vəziyyəti son dərəcə ağır və getdikcə pisləşən kimi qiymətləndirirəm. Təəssüf ki, mən Ukrayna üzərində tez qələbənin heç bir perspektivini görmürəm. Çünki bu qələbəni hazırlamaq üçün heç bir iş görülmür”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.