Amerika Kosmik Agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd tikmək niyyətindədir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşadığı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
2026-cı ilin fevral ayında NASA 50 il sonra Aya ilk səfərə dörd astronavt göndərərək, Artemida II missiyasını həyata keçirməyi planlaşdırır. Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları qəbul edə biləcək və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.