RU

Venesuela ABŞ-a qarşı müharibəyə hazırlaşır?

Venesuela prezidenti Nikolas Maduro, ABŞ-ın mümkün silahlı hücumu halında ölkədə fövqəladə vəziyyət elan olunmasını nəzərdə tutan fərmanı imzalayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Milli Suverenlik və Sülh Şurası ilə diplomatik korpusun iclası zamanı Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodrigez verib.

Rodrigez dövlət televiziyası “Venezolana de Televisión”-a açıqlamasında bildirib:

“Fövqəladə vəziyyət fərmanı respublikamızın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji maraqlarını qorumağa yönəlib. Birləşmiş Ştatlar Venesuelaya qarşı hərbi təcavüzə cəhd edərsə, bu sənəd dərhal qüvvəyə minəcək.”

O, əlavə edib ki, bu fərman prezident Maduroya ölkə üzrə infrastruktur, ictimai xidmətlər, neft-qaz sənayesi və digər strateji sahələr üzərində hərbi nəzarəti ələ almaq, habelə Milli Bolivar Silahlı Qüvvələrini tam səfərbər etmək üçün xüsusi səlahiyyətlər verir:

“Prezident xarici təhlükə ilə bağlı fərman imzalayıb. Bu, Konstitusiyanın 236-cı maddəsinə əsaslanır və Venesuelanı müdafiə etmək üçün geniş səlahiyyətlər verir.”

Rodrigez vurğulayıb ki, ABŞ-ın hərbi müdaxiləsi belə bir fövqəladə mexanizmin işə düşməsi üçün “tətik” hesab olunacaq.

Sentyabrın 2-də ABŞ prezidenti Donald Tramp, ABŞ dəniz qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinə aid 11 nəfərin zərərsizləşdirildiyini açıqlayıb. Tramp, Karakası narkotik ticarəti ilə lazımi mübarizə aparmamaqda və bu cinayətkar qruplaşmanın birbaşa Maduro tərəfindən idarə olunduğunu bildirməklə ittiham edib.

Venesuela prezidenti Maduro isə bu hadisəni son 100 ildə ABŞ-ın ən ciddi müdaxilə təhlükəsi adlandırıb və bunun III Dünya Müharibəsinin başlanğıcı ola biləcəyini söyləyib. O, ABŞ-ın məqsədinin Venesuela rejimini hərbi yolla dəyişmək olduğunu bəyan edib.

Bundan əvvəl, avqust ayında Maduro “Amerika imperializmi”nin təhdidlərinə cavab olaraq Bolivar Milli Milislərinin xalq səfərbərliyini elan edib və vətəndaşları ölkənin suverenliyini qorumağa çağırıb. Prezidentin sözlərinə görə, bu çağırış Vaşinqtonun təsirini rədd etmək və sülhə öz şərtləri ilə nail olmaq niyyətini göstərir.

Избранный
20
veteninfo.az

1Источники