Milli Məclis bazar ertəsi keçirilən plenar iclasda “Bakı Gəmiqayırma Zavodu” MMC-nin mənfəət, əmlak və torpaq vergilərindən azad olunması müddətinin daha 6 il – 2030-cu ilin sonunadək – uzadılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliklər zavodun Qaradağ Sənaye Parkının rezidenti kimi mövcud güzəştlərinin müddətinin başa çatması ilə əlaqədardır.
Sənəddə qeyd olunur ki, Xəzər regionunun ən iri sənaye müəssisələrindən olan zavod gəmiqayırma və təmir sahəsində fəaliyyət göstərir və Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının azaldılmasına, qeyri-neft sektorunun inkişafına və ixrac potensialının artırılmasına töhfə verir.
Qanun layihəsi qüvvəyə mindikdən sonra zavod həm vergi, həm də malların idxalı üzrə gömrük rüsumu güzəştlərindən 2030-cu ilin sonuna qədər yararlana biləcək.