RU

Budberq: Ermənistanla nizamlanma prosesindən sonra Rusiya-Azərbaycan əlaqələri daha bir dəyişikliyə uğrayacaq - MÜSAHİBƏ

Diaspora təzyiq Azərbaycanı siyasi xəttini dəyişməyə məcbur edə bilməz

“Moskovskiy Komsomolets” qəzetinin siyasi şərhçisi, tanınmış rusiyalı jurnalist Aleksandr Budberqin APA-nın Moskva müxbiri Fərid Əkbərova müsahibəsi

Aleksandr Petroviç, Rusiya-Azərbaycan münasibətlərində nə baş verir? Azal təyyarəsinin Qroznı üzərində vurulmasından sonra yaşanan gərginlik bu ilin iyun ayında Yekaterinburq hadisələri ilə pik həddə çatdı. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

Mənə elə gəlir ki, bir neçə ay bundan qabaq iki ölkə arasındakı yaşanan gərginlik hazırda bir qədər səngiyib. Özü də hər iki tərəfdən səngiyib. Münasibətlərin normallaşmasını, sakitləşməsini gözləmək olar. Yəqin ki, bu, əvvəlki kimi, yəni, təyyarə qəzasına və Yekaterinburqdakı hadisələrə qədərki kimi strateji müttəfiqlik münasibətləri olmayacaq. Lakin bu münasibətlər mehriban qonşuluq, işgüzar, hətta deyərdim ki, müttəfiqlik olacaq.

Təyyarə qəzasından sonra Rusiya dərhal üzr istəsə, kompensasiya ödəsəydi, o zaman bu mövzu dərhal bağlanardı

Belə görünür ki, Rusiya təyyarə qəzasına görə məsuliyyətdən yayınır. Azərbaycan tərəfinin təqdim etdiyi sübutlara baxmayaraq, Rusiya adi bir rəsmi üzr istəmək və kompensasiyanı ödəmək belə istəmir. Sizcə bunun səbəbi nədir?

Mənə elə gəlir ki, iki ölkə arasında ziddiyyətlər yığılıb qalmışdı. Hər bir tərəfin fəaliyyəti qarşı tərəfdə qıcıq doğururdu. Söhbət müəyyən proseslərə tərəflərin fərqli yanaşmasından gedir. Fikrimcə, faciəvi hadisə baş verdi. Bu hadisə qəsdən, bilərəkdən törədilməmişdi. Böyük ehtimalla, Azərbaycan Hava yollarına məxsus təyyarə Qroznı şəhərinə enərkən Rusiya Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən atəşə tutulub. Bundan sonra pilotlar qəhrəmanlıq göstərərək Xəzərin Qazaxıstan sahilinə uçublar. Orada təyyarəni endirməyə cəhd ediblər. Əlbəttə ki, bu, böyük faciədir. Bunu, başqa heç cür şərh etmək mümkün deyil. Bu, qəsdən törədilmiş hadisə deyildi. Ona görə də, düşünürəm ki, dərhal üzr istəmək, kompensasiya ödəmək düzgün olardı. O zaman bu mövzu dərhal bağlanardı. Lakin mənə elə gəlir ki, Rusiya daxilindəki qüvvələr hansısa səbəblə başqa yolu seçdilər. Həmin qüvvələr açıq-aşkar olanı etiraf etmək istəmədilər. Bu, sözsüz ki, Azərbaycan tərəfində qıcıq doğurdu. Hansısa məqamda Azərbaycan tərəfinin məlum reaksiyası bizim “ultravətənpərvərlərdə” qıcıq doğurmağa başladı. Həmin “ultravətənpərvərlər” hansısa şəkildə dırnaq içində Azərbaycana “öz yerini göstərmək” istədilər. Onlar göstərmək istəyirdilər ki, biz bərabərhüquqlu ölkələr deyilik. Kiçik tərəfdaş böyük tərəfdaşdan, Rusiya kimi nəhəng ölkədən üzrxahlıq edilməsini tələb edə bilməz. Bu da Bakıda böyük hiddət doğurdu. Üstəlik, Bakıda hesab edirdilər ki, Moskva əslində nəyin baş verdiyini yaxşı anlayır. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 9 May paradında iştirak etməməsi… və sonra baş verən hadisələr.

Azərbaycanla münasibətlərdə baş verənlər Rusiyada Moskva ilə Bakı arasında münasibətlərə cavabdeh vahid mərkəzin olmamasının nəticəsidir

Təyyarə hadisəsindən sonra Rusiyada Azərbaycana qarşı kampaniya başlayıb. Ölkədəki Azərbaycan diasporu hücuma məruz qalıb. Sizcə bunun arxasında kim dayanır? Ümumiyyətlə, bu hərəkətin məqsədi nədir?

Rusiya Azərbaycana göstərmək istəyirdi ki, onun əlində təzyiq rıçaqları var, xüsusilə də Rusiyadakı Azərbaycan diasporuna qarşı… Bu, əslində mürəkkəb mövzudur. Mövzunun mürəkkəbliyi ondadır ki, həmin vətəndaşlar hamısı Rusiya vətəndaşlarıdır. Biz, Rusiya vətəndaşlarını milliyyətinə görə ayıra bilmərik. Bu, qanuna, konstitusiya, sağlam məntiqə ziddir. Buna baxmayaraq, Moskva bu mövzuda təzyiq göstərməyə cəhd etdi. Fikrimcə, bu çox kobud addım idi. Azərbaycan da öz növbəsində buna çox sərt reaksiya verdi. Lakin sonra vəziyyət hansısa mənada sakitləşməyə başladı. Ola bilsin ki, bu, Bakıda Azərbaycan-Rusiya münasibətlərinə kimin cavabdeh olması ilə əlaqədardır. Azərbaycanda məlumdur ki, Rusiya ilə münasibətlərdə strateji xətti Prezident İlham Əliyev müəyyən edir. Moskvada isə bu məqam fərqlidir. Rusiyada Azərbaycanla münasibətlərə fərqli qurumlar, müxtəlif şəxslər cavabdehdir. Onların müxtəlif mövqeləri var. Biz bunu bir gün ərzində baş verən proseslərdə də müşahidə etdik. Əvvəl bir qərar qəbul olundu, daha sonra həmin qərar ləğv olundu. Anlaşılandır ki, Azərbaycanla münasibətlərlə bağlı Rusiyada bir mövqe yoxdur, fərqli mövqelər var.

Rusiya anlamalıdır ki, tərəfdaşa kobud şəkildə “bunu etməlisən, bunu yox” göstərişi vermək olmaz

Hansı qərardan söhbət gedir?

Permdə azərbaycanlı Nailə Allahverdiyeva adlı sənətşünas var. O, Permdə Müasir İncəsənət muzeyində çalışırdı. Onun orada “müasir incəsənət”lə bağlı “problemi” yaranmışdı. O, ölkədən getmişdi. Bir gün ərzində Perm məhkəməsi onu beynəlxalq axtarışa vermişdi. Sonra vilayət məhkəməsi elə həmin gün axtarış qərarını ləğv etmişdi. Görünürdü ki, bir məsələ daxilində müxtəlif mövqelər var. Düşünürəm ki, Azərbaycanla münasibətlərdə baş verənlər Rusiyada Moskva ilə Bakı arasında münasibətlərə cavabdeh vahid mərkəzin olmamasının nəticəsidir. Mənə elə gəlir ki, indi belə bir mərkəzin yaranmış olması, iki ölkə arasındakı gərginliyin azalmasına gətirib çıxaracaq. Tərəflər bu və ya digər fəaliyyətləri kollektiv şəkildə müzakirə etməli olacaqlar. Fərqli mövqeləri qəbul etməli olacaqlar. Fikrimcə, anlamaq lazımdır ki, heç də hər zaman güc strukturları siyasi xətti müəyyən edə bilməzlər. Bu mənada düşünürəm ki, gərginlik azalacaq. Çünki iki ölkə arasında çoxlu qarşılıqlı sərfəli iqtisadi, siyasi və digər amillər var ki, Rusiya və Azərbaycana kənara çəkilməyə imkan verməyəcək. Çünki, bu, hər iki tərəf üçün itki olacaq. Nə Azərbaycan aya uçacaq, nə də Rusiya… Biz qonşuyuq. Bizim hər zaman yaxşı münasibətlərimiz olub. Bakıda bütün MDB paytaxtlarından daha yaxşı rus dilində danışırlar. Ona görə də, bizim qarşılıqlı sərfəli, mehriban qonşuluq münasibətləri qurmaqdan başqa yolumuz yoxdur. Sadəcə Rusiya anlamalıdır ki, tərəfdaşa kobud şəkildə “bunu etməlisən, bunu yox” göstərişi vermək olmaz.

Moskvada oturub özünü heç nə olmamış kimi aparmaq uzaqgörənlik deyil

Ölkələr arasında, hətta müttəfiq ölkələr arasında hər zaman problemlər olur. O cümlədən Rusiya ilə Azərbaycan arasında hər zaman problemlər olub. Sözsüz ki, təyyarə qəzası bu münasibətlərin korlanmasında vacib, emosional trigger oldu. Mən özüm şəxsən Bakıda insanların bu faciəyə necə yanaşdığını gördüm. Bu, çox vacib məqamdır, bunu unutmaq olmaz. Moskvada oturub təsəvvür etmək ki, heç nə baş verməyib, bu axmaqlıqdır. Azərbaycan balaca ölkədir. Təyyarə qəzaya uğrayıb, onların insanları həlak olub. Onu da deyək ki, pilotlar milliyyətcə Azərbaycan rusu idilər. Azərbaycan rəhbərliyinin təyyarə qəzasında həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı çox vacib idi. Bütün bunlar Azərbaycan kimi ölkə üçün əhəmiyyəti məqamlardır. Ona görə də, Moskvada oturub özünü heç nə olmamış kimi aparmaq uzaqgörənlik deyil.

Ermənistanla münaqişənin bitməsinin və nəqliyyat dəhlizinin açılmasının müəllifi Prezident İlham Əliyevdir

Ola bilərmi ki, münasibətlərin korlanmasına başqa amillər də səbəb olub?

Əlbəttə ki, Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətin fundamentində başqa problemlər də mövcuddur. Fikrimcə, başlıca problem Azərbaycanla Ermənistan arasında tam sülhə və Cənubi Qafqazda nəqliyyat dəhlizinin açılması ilə bağlı razılaşmaya nail olunmasıdır. Əgər biz 2020-ci 9 noyabr tarixli razılaşmanı xatırlasaq, görərik ki, orada Zəngəzur dəhlizinin açılması və bu dəhlizə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcəyi qeyd olunub. Bu müqavilə bütün tərəfləri qane edirdi. Lakin müqavilənin imzalanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, heç nə edilmədi. Ona görə də, Azərbaycan rəhbərliyində beynəlxalq vəziyyətin dəyişməsindən istifadə etmək istəyi yarandı. ABŞ administrasiyası dəyişdi, yeni administrasiyanın müxtəlif problemlərin, o cümlədən Cənubi Qafqazdakı problemlərin nizamlanmasına, yanaşması dəyişdi. ABŞ-a bununla bağlı sorğu göndərildi. Fikrimcə, amerikalılar həmin sorğuya müsbət cavab verdilər. Artıq Rusiyanın yox, ABŞ-ın himayəsi ilə Ermənistanla Azərbaycan arasında nəqliyyat dəhlizlərinin açılması və sülh müqaviləsinin imzalanmasına cəhd etmək mümkün oldu.

Ermənistanla sülhün və Naxçıvana dəhlizin, şərti olaraq Avropaya yolun açılmasının dəyəri Azərbaycan üçün qiymətsizdir

Bu, Moskvada kimisə qıcıqlandıra bilərmi?

Əlbəttə, qıcıqlandıra bilər. Fikrimcə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından sonra Rusiya-Azərbaycan münasibətləri daha bir dəyişikliyə uğrayacaq. Məsələ onda deyil ki, bu münasibətlər yaxşılaşacaq və ya pisləşəcək. Sadəcə münasibətlərdəki mühit kökündən dəyişəcək və bu prosesin bütün iştirakçılarının münasibətləri dəyişəcək. Sözsüz ki, Ermənistanla münaqişənin hüquqi öhdəliyi olan sənədlərin imzalanması ilə bitməsinin və nəqliyyat dəhlizinin açılmasının müəllifi Prezident İlham Əliyevdir. Anlaşılandır ki, Naxçıvana dəhlizin açılması Azərbaycan üçün çox vacib aspektdir. Ermənistanla hüquqi cəhətdən təsbit olunmuş sülh razılaşması çox vacib məqamdır. Düşünürəm və əminəm ki, İlham Əliyev ölkəsinin bir il, il yarım sonra harada olduğunu görmək istəyir. Ona görə də, ehtimal etsək ki, kimsə, Yekaterinburqda qırğınlar törətmək yolu ilə Bakıya təzyiq göstərmək istəyib, bu, çox yanlış mövqedir. Çünki məsələlərin dəyəri bir-birinə uyğun gəlmir. Ermənistanla sülhün qiyməti və Naxçıvana dəhlizin, şərti olaraq Avropaya yolun açılmasının dəyəri Azərbaycan üçün qiymətsizdir. Mən Azərbaycanın bundan imtina etməsi üçün ona heç bir təzyiqin nəticə verməyəcəyini düşünürəm.

Amerika tərəfinin Ermənistan-Azərbaycan sülh prosesinə cəlb edilməsini Prezident İlham Əliyevdən başqa heç kim bacara bilməz

Fikrimcə, Zəngəzur dəhlizinin ABŞ-ın idarəçiliyinə verilməsi də məhz Azərbaycanın təşəbbüsüdür. Əlbəttə ki, mən səhv də edə bilərəm. Mən bunu dəqiq bilmirəm. Cənubi Qafqazda sülh prosesinə resursları olan nəhəng oyunçunu cəlb etmək lazım idi. Nəhəng oyunçunu bu problemə diqqət yetirməyə razı salmaq lazım idi. ABŞ-ın başı hər zaman qarışıq olur. Bir tərəfdən İsrail, Avropa, digər tərəfdə Rusiya-Ukrayna münaqişəsi… Tramp buna vaxt və resurs sərf etməli idi. Ona görə də, düşünürəm ki, Amerika tərəfinin bu prosesə cəlb edilməsini Prezident İlham Əliyevdən başqa heç kim bacara bilməz.

Rusiya Zəngəzur dəhlizini açmaq, ona nəzarət etmək, Azərbaycan və Ermənistan arasındakı yeni reallıqda yeni mövqe tutmaq şansını itirib

Onda belə çıxır ki, Rusiya Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsinə görə, Ermənistanı deyil, Azərbaycanı günahlandırır?

Rusiyada bəzi qüvvələr düşünürlər ki, Azərbaycan çox müstəqillik, həddən artıq sərbəstlik nümayiş etdirir. Əgər Rusiya Zəngəzur dəhlizinin açılmasını istəsəydi, onun buna hər cür imkanı vardı, razılaşma əldə olunmuşdu. Əgər Rusiyanın istəyi olsaydı ki, bu dəhliz reallaşsın, bunu beş il ərzində edərdi. Məsələ, Rusiyanın Azərbaycanı bu məsələdə günahlandırmasında deyil. Məsələ ondadır ki, iki ölkə arasındakı emosional gərginlik xarici faktorlar toplusu ilə bağlı olub. Hər iki tərəf də gözəl anlayır ki, münasibətlər beynəlxalq vəziyyətdəki dəyişikliyinə uyğun yenidən qurulur. Hesab etmirəm ki, Rusiya Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Hesab edirəm ki, Rusiyanın Zəngəzur dəhlizini açmaq, ona nəzarət etmək, Azərbaycan və Ermənistan arasındakı yeni reallıqda yeni mövqe tutmaq üçün yaxşı tarixi şansı olub. Lakin hansısa səbəbdən Rusiya bunu etmədi, bu tarixi şansı itirdi. Ola bilsin ki, Moskvanın buna resursu kifayət etməyib. Bilirik ki, Rusiyanın Ukrayna münaqişəsinə başı qarışıb. Rusiya 2020-ci ilin noyabrında imzalanmış razılaşma əsasında ona imkan verən şansdan istifadə etmədi. Bu, artıq baş verib. Mən deyə bilmərəm ki, Rusiya niyə bu imkandan istifadə etmək istəməyib. Lakin onun bu şansdan istifadə etməməsi göz önündədir. Biz bunu nəticəyə baxanda görürük. Heç nə baş vermədi.

Ola bilərmi ki, bunu Ermənistan istəməyib? Rəsmi İrəvan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinin əleyhinə olub?

Mən bunu deməyə hazır deyiləm. Çünki mən Rusiya-Ermənistan münasibətləri üzrə ekspert deyiləm. Digər tərəfdən isə, deyə bilərəm ki, Zəngəzur dəhlizi ilə bağlı Amerika administrasiyasının başqa mövqeyi olub. Biz bilmirik. Trampın yenidən prezident seçilməsi ilə vəziyyət kəskin şəkildə dəyişdi. Aydın oldu ki, bir çox məsələlər artıq arxada qalıb və artıq nəsə yeni bir şey etməyə cəhd etmək olar.

Azərbaycanın milli maraqları naminə hətta Rusiya ilə münasibətləri kəsməsini də təsəvvür etmək olar, amma Bakının təzyiq qarşısında siyasi xəttindən geri çəkilməsi mümkün deyil

Rusiyada azərbaycanlılara qarşı aparılan kampaniya mövzusuna qayıtmaq istəyirəm. Doğrudanmı rəsmi Moskva bu yolla Azərbaycan hakimiyyətinə təzyiq edə biləcəyini düşünür?

Yəqin ki, Rusiya Azərbaycan diasporuna qarşı təzyiqlərə başlayanda, hansı ki, bu açıq-aydın kampaniya xarakteri daşıyır, 2008-ci ildə Gürcüstanla müharibə zamanı Rusiyadakı gürcülərə qarşı aparılan təzyiq kampaniyası kimi olacağını düşünürdülər. Mənə elə gəlir ki, Rusiyadakı Azərbaycan icması ilə gürcü icmasının mahiyyətində fərqlilik var. Hətta biz cinayətkarlıqdan danışanda belə, bu icmalar tamamilə fərqlidir. Ona görə də, azərbaycanlılara qarşı münasibətdə də eyni fəndi tətbiq etmək səhv idi. Bəs nə baş verdi? Sözsüz ki, Moskva Azərbaycan rəhbərliyinə göstərmək istəyirdi ki, onun əlində Azərbaycana qarşı böyük rıçaqları var, Azərbaycana təzyiq edə bilər. Rusiyada çoxlu sayda azərbaycanlıların yaşaması, onların Azərbaycandakı qohumlarına pul göndərməsi və s. Moskva düşünürdü ki, hətta müharibəsiz, iqtisadi blokadasız Azərbaycana təzyiq edə bilər. Düşünürəm ki, bu, indi mümkün deyil. 90-cı illərdə bunu etməyə cəhd etdilər, alınmadı. Qaldı indiyə, bu, alınmayacaq. Ona görə də, düşünürəm ki, Azərbaycan rəhbərliyinin strateji xəttinin özülündə Azərbaycan Respublikasının, dövlətin gələcəyi dayanır. Azərbaycan rəhbərliyi iki il sonra ölkənin hansı geosiyasi vəziyyətdə olacağı haqqında düşünür. Azərbaycan rəhbərliyi üçün bu o qədər vacib strateji əhəmiyyət daşıyır ki, bunu Rusiyadakı Azərbaycan diasporuna təzyiqə qurban vermək olmaz. Diaspora təzyiq Azərbaycanı siyasi xəttini dəyişməyə məcbur edə bilməz. Azərbaycanın milli maraqları naminə hətta Rusiya ilə münasibətləri kəsməsini də təsəvvür etmək olar, amma Bakının təzyiq qarşısında siyasi xəttindən geri çəkilməsi mümkün deyil. Dövlətin milli maraqları Azərbaycan rəhbərliyi üçün ən yüksəkdə dayanır. Burada başqa şərhə ehtiyac yoxdur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bu sülhün Vaşinqtonun vasitəçiliyi ilə imzalanması Moskva-Bakı münasibətlərinin daha da pisləşməsinə gətirib çıxara bilər?

Düşünürəm ki, yox. Baxın, yeni dövrə qədəm qoyuruq. Ermənistanla Azərbaycan arasındakı müharibə bitib. Bilirəm ki, güləcəksiniz, amma əminəm ki, yaxın beş il ərzində, bəlkə də daha tez birgə Ermənistan-Azərbaycan biznesi yaranacaq. Ticarət olacaq. Buna əminəm. Bu, mənim proqnozumdur. Zaman dəyişir, müharibə təkcə Ermənistanın, Azərbaycanın deyil, bütün qonşuların, İranın, Türkiyənin, Rusiyanın siyasətində təsiredici faktor olmaq imkanını itirir. Sadəcə, müharibə şərti olaraq münasibətlərdə vacib element kimi ortadan qalxır, təzyiq, təsir aləti kimi əhəmiyyətini itirir. Artıq Naxçıvana İran ərazisindən getmək lazım olmayacaq. Türkiyə Ermənistan ilə sərhədləri açacaq. Əminəm ki, Azərbaycan-Ermənistan sərhədi də açılacaq. Gürcüstan da azad nəfəs alacaq. Bir çox şeylər dəyişəcək. Bu, başqa bir reallıq olacaq və müharibə bu reallıqda, siyasi münasibətlərdə daha alət olmayacaq.

Rusiyanın dövlət marağı baxımından Azərbaycanla sülh və mehriban qonşuluq şəraitində yaşamağa alternativ yoxdur

O zaman Moskva bu reallıqla barışmağa məcbur olacaq, elədir?

Hamı bu reallıqla barışmağa məcbur olacaq. İlk növbədə İrəvan bununla barışmalı olacaq. Çünki İrəvan bu tarixi kəsimdə heç də istədiyini qazanmadı. O cümlədən İran barışmalı olacaq. Yeni dövrə, yeni zamana qədəm qoyuruq, hamı bununla barışmalı olacaq. Bu, kimdənsə incimək üçün səbəb deyil. Bu, başqa şərtlərdə münasibətləri qurmaq üçün səbəbdir. Münasibətləri qurmaq lazım gələcək. Bu gün Bakı ilə İrəvan arasında sülh də belə görünür. Amerikalılar burada pul qanacaqlar, dəhlizə nəzarət edəcəklər, sülh razılaşmasının zəmanətçisi olacaqlar.

Azərbaycanla münaqişəyə, müharibəyə çağıranlar Rusiyanın düşmənləridir

Hesab edirəm ki, əgər Rusiyanın maraqları, dövlət marağı nöqteyi-nəzərindən fikirləşsək, Azərbaycanla sülh içində, mehriban qonşuluq, qarşılıqlı sərfəli ticarət şəraitində olan münasibətlərə alternativ mövcud deyil. Münaqişəyə istiqamətlənən hər şey antirus, antiRusiya mövqeyidir. Televizorda hörmətli insanlar bağırırlar ki, bizim nəslin həyatında bu sonuncu “Xüsusi Hərbi Əməliyyat” olmayacaq. Onun nəslinin həyatında bilmirəm, amma bilirəm ki, Azərbaycanla münaqişəyə, müharibəyə çağıranlar Rusiyanın düşmənləridir. Ümid edirəm ki, sağlam məntiq, sülh içində yaşamaq və pul qazanmaq arzusu şeytanlığa qalib gələcək. Ümid edirəm ki, bunun üçün böyük şans var. İndi münasibətlərdə müşahidə olunan sakitlik bunu deməyə əsas verir.

Избранный
32
2
apa.az

3Источники