RU

NEFT 50 DOLLARA?! – Neftin ucuzlaşması qaçılmaz görünür, büdcə buna hazırdırmı?

Son günlər dünya neft bazarında, eləcə də bu bazara təsir edən geosiyasi arenada baş verənlər neftin qiymətinin enməsinə şərait yaratmaqdadır. Nəticədə sentyabrın 29-u səhərdən başlayaraq İraq neftinin Türkiyəyə ixracının bərpası və OPEC+ ölkələrinin neft hasilatında yeni artım gözləntiləri fonunda neftin qiyməti aşağı düşüb.

Sırf dünyadakı iqtisadi aktivlik və neft ehtiyatlarına dair durumdan çıxış edilsə, neftin ucuzlaşması qaçılmaz görünür. Lakin bu enişin qarşısını alan yeganə faktor kimi, bir çox mütəxəssislər Ukraynanın Rusiyaya qarşı PUA hücumlarını göstərirlər. Hansı ki, həmin hücumlar demək olar ara vermir və Rusiya HHM sistemləri öz neft email zavodlarını qorumaqda aciz görünürlər. Sentyabrın 27-də Ukrayna PUA-ları Rusiyanın Çuvaşiyadakı neft nasos stansiyasını vurub. Hücum nəticəsində bu nasos stansiyası ilə böyük ölçülü neft nəqli dayandırılıb.

Sentyabrın 26-na keçən gecə Rusiyanın Krasnodar vilayətində yerləşən Afipski Neft Emalı Zavoduna PUA zərbəsi endirilməsi nəticəsində zavodda yanğın baş verib.

Daha əvvəl də endirilən zərbələr nəticəsində Rusiya neft email sənayesinin 20 faizə yaxını sıradan çıxarılıb. Nəticədə ölkədən neft məhsulları ixracına, o cümlədən benzinlə yanaşı, dizel yanacağı ixracına da qadağa qoyulub. Çünki Rusiyanın özünü belə təmin edəcək yanacaq yoxdur, əksər YDM stansiyaları qarşısında böyük növbələr yaranıb, Krım başda olmaqla, bir çox bölgələrdə yanacaq ümumiyyətlə talonla verilir və sair.

Novorosiysk limanına endirilən zərbədən sonra isə Qara dəniz vasitəsilə xaricə neft nəqli dayanıb. Əlbəttə ki, bütün bunlar da dünya bazarında neftin kəskin ucuzlaşmasının qarşısını bir qədər alır. Buna baxmayaraq, neftin qiymətinin düşməsi davam edir. Məsələn, “Bloomberg” xəbər verir ki, sentyabrın 30-da səhər saatlarında İsrail və ABŞ Qəzzada müharibəyə son qoymaq planı ilə bağlı razılığa gəldikdən sonra neft qiymətləri düşməyə davam edib. Səhər saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 71 sent azalaraq 66,38 dollar təşkil edib. Amerikanın West Texas Intermediate (WTI) xam nefti 70 sent ucuzlaşaraq barreli 62,75 dollara düşüb. Hər iki qiymət avqustun 1-dən bəri ən aşağı qiymətdir.

OPEC+ ölkələrinin neft hasilatında gözlənilən növbəti artımı da qiymətlərin aşağı düşməsinə səbəb olur. Oktyabrın 5-də keçiriləcək iclasda kartel noyabrda hasilatı 137 min barrel artırmağı nəzərdən keçirəcək.

Bundan əlavə, ABŞ-də hökumətin bağlanması(“şatdaun”) riski neftə tələbatla bağlı narahatlıqları daha da artırır və bu da neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar hələ də müvəqqəti büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Oktyabrın 1-dək danışıqlar uğursuz olarsa, ABŞ-nin dövlət qurumları maliyyə çatışmazlığı səbəbindən bağlanacaq və onların yüz minlərlə işçisi məzuniyyətə buraxılacaq.

Bütün bunların fonunda bazarda həddindən artıq təklif və zəif tələblə xarakterizə olunan durum neftin ucuzlaşmasını daha aktual ssenari kimi göstərir. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, OPEC+-dan istifadə olunmamış barrellərin qaytarılması, eləcə də qrupa daxil olmayan istehsalçıların artan neft tədarükü 2026-cı ildə bazarda rekord neft profisiti, yəni, neft artıqlığı ilə nəticələnəcək. Nəticədə “Bloomberg”-in analitikləri də daxil olmaqla, bir çox ekspertlər Brent markalı neftin qiymətinin bir barrel üçün hətta 50 dollara düşəcəyini düşünürlər. Ən azından hazırkı ABŞ administrasiyası da bunun üçün əlindən gələni edir. Çünki onun fikrincə, məhz neftin kəskin ucuzlaşması Rusiyanı Ukraynaya qarşı işğalı dayandıra və danışıqlar stoluna oturda biləcək ən əsas faktorlardan biridir.

Xatırladaq ki, Nazirlər Kabinetinin təqdim etdiyi Azərbaycanın 2026-cı ilə aid ilkin büdcə layihəsində neftin bir barreli 65 dollardan götürülüb. Əgər yuxarıda qeyd edilən bədbin proqnozlar özünü doğrultsa, hər barreldə 15 dollar itirilə və büdcədə olduqca böyük kəsir yarana, bu da müxtəlif maliyyə-iqtisadi fəsadlara yol aça bilər. Təəssüf ki, hələ də Azərbaycan iqtisadiyyatının neftdən asılılığını zəiflədən ciddi və miqyaslı addımlar atılmadığından iqtisadiyyatımız və büdcəmiz olduqca həssas duruma gəlib. Bu səbəbdən dünyada Azərbaycanın iradəsindən kənarda baş verən hadisələr ölkəmiz üçün ciddi iqtisadi risklər daşımaqda davam edir…“AzPolitika.info”

Избранный
22
1
moderator.az

2Источники