RU

Yaşıl iqtisadiyyat üçün zəruri bacarıqlara malik işçi qüvvəsinin yaradılması sahəsində mühüm addımlar atılır

Nazir Anar Əliyev: “Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, rəqəmsal transformasiya və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi yaşıl keçid üçün mühüm baza yaradıb”.

Yaşıl keçid yalnız enerji və sənaye sahələrində texnoloji yeniliklərlə məhdudlaşmır, eyni zamanda əhalinin məşğulluğuna birbaşa təsir göstərir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2025” çərçivəsində “Beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təmiz və dayanıqlı enerjinin sürətləndirilməsi, eləcə də ədalətli keçid” mövzusunda  keçirilən tədbirdəki çıxışında bildirib.

Nazir yaşıl iqtisadiyyatın yeni iş yerlərinin yaradılmasını, işçi qüvvəsinin yenidən ixtisaslaşması və əmək bazarında rəqabət qabiliyyətinin artırılmasını tələb etdiyini diqqətə çatdırıb. Bu prosesin uğurla həyata keçirilməsində sosial müdafiə və peşə hazırlığı mexanizmlərinin gücləndirilməsinin önəmini vurğulayıb.

O, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq, 2018-2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin uğurlarını, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Son illər əmək və sosial müdafiə sahəsində rəqəmsal transformasiyanın uğurla həyata keçirildiyini vurğulayan Anar Əliyev məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində aparılan işləri qeyd edib.

Bildirib ki, Azərbaycanda yaşıl iqtisadiyyat üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu məqsədlə peşə hazırlığı mərkəzlərində işsiz və iş axtaran şəxslərə alternativ enerji qurğularının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması, eləcə də külək turbinlərinin quraşdırılması kimi yaşıl bacarıqlar üzrə müasir təlim proqramları təqdim olunur. Həmçinin, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Yaşıl peşələr” üzrə bir çox peşə və kvalifikasiya standartlarının hazırlanması, eləcə də həmin bacarıqlar üzrə peşə hazırlığının təşkili (robotlar və robototexniki sistemlər, süni intellekt, dron texnologiyaları və s. sahələr üzrə mütəxəssislərin hazırlanması) istiqamətində tədbirlər həyata keçiriləcək.

Nazir ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, rəqəmsal transformasiya və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinin yaşıl keçid üçün mühüm baza yaratdığını vurğulayıb.

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2025” çərçivəsində “Ədalətli keçid: heç kim kənarda qalmasın” mövzusunda sessiya da keçirilib. Sessiyanın açılışında çıxış  edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev yaşıl keçidin əmək bazarına təsirlərini və yaşıl iqtisadiyyata ədalətli keçid prosesi üçün vacib prinsipləri diqqətə çatdırıb.

Bu prosesdə işçilərin əmək hüquqlarının müdafiəsi, yaşıl bacarıqlara malik olmaları, əmək bazarının inklüzivliyinin təmin edilməsi, həssas qrupların dəstəklənməsi üçün aparılan işlər, prioritet istiqamətlər qeyd edilib və ədalətli keçid üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Mustafa Kamal
XQ

Избранный
9
1
xalqqazeti.az

2Источники