RU

Yod, brilant yaşılı və ya antibiotik? Ev şəraitində sıyrıqları necə müalicə etməli?

Uşaq vaxtı dirsəklərin və dizlərin tez-tez soyulması xoşbəxt uşaqlığın əlamətlərindən biri hesab olunur.

E-saglam.az xəbər verir ki, çox vaxt sıyrıqlar həyati təhlükə yaratmır, lakin onları düzgün şəkildə müalicə etmək və sağalması üçün şərait yaratmaq vacibdir. Əks halda, yara yoluxa bilər və infeksiya riski arta bilər.

Sıyrıq nədir?

Sıyrıq – dəri örtüyünün üst qatının mexaniki zədələnməsi nəticəsində yaranan xırda və ya dərin cızıqlardır. Adətən sərt və kobud səthə yıxılma zamanı meydana çıxır və daha çox dizlərdə və dirsəklərdə rast gəlinir.

Çox hallarda sıyrıqlar öz-özünə sağalır. Amma irinləmənin və bakteriyaların çoxalmasının qarşısını almaq üçün düzgün ilkin yardım lazımdır.

Evdə ilk yardım qaydaları:

🔹 Əllərinizi yuyun. Əvvəlcə əllərinizi sabunla yaxşıca yuyun və imkan varsa, antiseptiklə təmizləyin. Bu, yaranın yoluxmasının qarşısını alır.

🔹 Yaranı yuyun. Zədələnmiş nahiyəni ilıq axar suyun altında ehtiyatla yuyun. Çirki təmizləyin, amma sıyrığı sürtməyin – bu, dərini daha da zədələyə bilər.

🔹 Məhsul çəkin. Sıyrığın üstünə nazik qat vazelin və ya antibiotikli maz (məsələn, betadin) sürtün. Əgər qızartı və səpgilər yaranarsa, istifadəsini dayandırın.

🔹 Yod və ya brilant yaşıldan çəkinin. Onlar yalnız çox səthi və yüngül sıyrıqlarda istifadə edilə bilər. Əks halda, dərini yandıraraq ağrını artıra bilər.

🔹 Təmiz sarğı qoyun. Sıyrığın üstünü steril tənziflə örtün ki, yara təmiz qalsın və əlavə zədələnməsin.

🔹 Sarğını dəyişin. Gündə ən azı bir dəfə, həmçinin sarğı nəmləndikdə və ya kirləndikdə dəyişmək lazımdır. Əgər sarğı yara qabığına yapışıbsa, onu zorla qoparmayın. 1 litr suya 1/3 çay qaşığı duz əlavə edərək duzlu məhlul hazırlayın, sarğını isladın və sonra yavaşca çıxarın.

🔹 Qabığı qoparmayın. Yara üzərində yaranan qabıq qan və dəri hissəciklərindən ibarət qoruyucu təbəqədir. Onu qoparmaq infeksiya riskini artırır. Qabıq özü təbii şəkildə tökülməlidir.

Nə vaxt həkimə müraciət etməli?

Normalda sıyrıqlar bir neçə gün və ya həftə ərzində sağalır. Amma aşağıdakı hallarda mütləq həkimə müraciət edin:

Yara bir neçə gün keçməsinə baxmayaraq sağalma əlamətləri göstərmir

Ağrı güclənir

Zədələnmiş hissə isti, şişkin və ya qızarmış qalır

Bədən temperaturu yüksəlir

İrin və ya digər axıntılar müşahidə olunur

Bu əlamətlər yaranın iltihablaşmasından xəbər verir və antibiotik müalicəsi tələb oluna bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
9
e-saglam.az

1Источники