RU

Paşinyan Zəngəzurun açılması üçün 2 çətin problemin üstündə durdu...


Əsas yükü Azərbaycan və müəyyən qədər Ermənistan, həmçinin beynəlxalq maliyyə institutları daşıya bilər

Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp Marşrutu üzrə Beynəlxalq Sülh və Rifah” (TRIPP) layihəsi ilə bağlı açıqlama verib. O bildirib ki, müzakirələr davam edir, lakin hələ yekun razılaşmalar əldə olunmayıb. Paşinyan prosesi vaxt və diqqətli yanaşma tələb edən bir iş kimi qiymətləndirib.

O əlavə edib ki, ABŞ nümayəndə heyəti son zamanlar Ermənistana səfər edib, hökumət və aidiyyəti qurumlarla görüşlər keçirib. Paşinyan vurğulayıb ki, 8 avqustda razılaşma imzalandıqdan sonra dərhal inşaat işlərinin başlamasını gözləyənlər var idi. Lakin bu, reallığa uyğun deyildi.

Zəngəzur dəhlizinin açılmasında Nikol Paşinyan iki ciddi məsələnin üstündə dayanır - layihələndirmə və maliyyələşdirmə. Bu işləri kim həyata keçirəcək?

Baki-xeber.com nəşrinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı olaraq, Nikol Paşinyanın qeyd etdiyi iki əsas məsələ – layihələndirmə və maliyyələşdirmə adətən aşağıdaki qaydada icra edilir.

Layihələndirmə mərhələsində dəhlizin texniki, infrastruktur və logistika detalları hazırlanır. Yolun marşrutu, körpülər, tunellər və digər mühəndislik qurğuları layihələndirilir.

Adətən bu işləri peşəkar inşaat və mühəndislik şirkətləri, həmçinin müvafiq dövlət qurumları həyata keçirir. Ermənistanda isə bu, Baş Nazirlik, Yol və Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət agentlikləri vasitəsilə koordinasiya olunur.

ABŞ və beynəlxalq tərəfdaşlar layihənin texniki standartlara uyğun olması üçün məsləhət və ekspert dəstəyi verə bilərlər.

Layihənin xərclərinin təmin olunması və investisiya axınının təşkili məsələsinə gəldikdə isə, burada əsas rol adətən xarici investorlara, beynəlxalq maliyyə institutlarına (məsələn, Dünya Bankı, Asiya İnkişaf Bankı) və ya konsorsiumlara aiddir. Paşinyan qeyd edib ki, ABŞ ərazini icarəyə verəcək və konsorsium bu infrastrukturun inşası və idarəsi ilə məşğul olacaq.

Qısaca, layihələndirməni texniki ekspertlər və dövlət qurumları, maliyyələşdirməni isə xarici investorlar və konsorsium həyata keçirəcək. Paşinyan bu prosesdə koordinator rolunu oynayır və tərəflər arasında razılaşmanın vaxtında və ardıcıl aparılmasını təmin edir.

Zəngəzur dəhlizinin açılması prosesi həm siyasi, həm iqtisadi, həm də texniki baxımdan bir sıra risq və problemlərlə üzləşə bilər. Siyasi risqlər ondan ibarət ola bilər ki, Ermənistan-Azərbaycan münasibətləri hələ normal məcraya düşməyib. Dəhliz Azərbaycanın nəqliyyat bağlantısı üçün strateji əhəmiyyət daşıdığından tərəflər arasında gərginlik yarana bilər.

Layihə regional siyasi risqlərdən də xali deyil. Rusiya, İran, Türkiyə və digər region dövlətlərinin mövqeyi layihənin irəliləməsinə təsir edə bilər.

Ermənistanda daxili siyasi sabitlik problemi də mövcuddur. Hətta ölkədə bu dəhlizin açılmasını arzulamayan qüvvələr də var. Baxmayaraq ki, bu dəhliz Ermənistan üçün həyati vacib layihədir.

Bu dəhlizin maliyyələşməsi ilə bağlı məsələ hələ də tam aydın deyil və bir neçə mümkün mexanizm müzakirə olunur.

Bakı dəhlizdən əsas istifadəçi və təşəbbüskar olduğu üçün infrastrukturun bir hissəsinin maliyyələşməsini öz üzərinə götürə bilər. Azərbaycan artıq Naxçıvana qədər dəmir yolu və avtomobil yollarının çəkilişinə böyük vəsait ayırıb.

Ermənistan ərazisindən keçəcək hissənin maliyyələşdirilməsi rəsmi İrəvan üçün həssas məsələdir. Onlar bunu öz suveren infrastruktur layihəsi kimi təqdim etmək istəyir. Ermənistan maliyyəni ya dövlət büdcəsindən, ya da xarici donorların (AB, beynəlxalq maliyyə institutları) vəsaitindən təmin etməyə çalışa bilər.

Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi qurumlar, əgər siyasi razılaşma olsa, layihəyə kredit və ya qrant ayıra bilərlər.

Türkiyə bu yolun açılmasında maraqlı tərəfdir, amma daha çox siyasi dəstək göstərir.

Rusiya isə 2020-ci il 10 noyabr bəyanatına əsasən dəhlizin təhlükəsizliyinə nəzarət etmək istəyirdi, amma maliyyələşmədə aktivlik göstərməyib. Yəni hazırda dəhlizin maliyyələşməsi məsələsi razılaşdırılmayıb. Əsas yükü Azərbaycan və müəyyən qədər Ermənistan, həmçinin beynəlxalq maliyyə institutları daşıya bilər.

Akif NƏSİRLİ

Избранный
21
baki-xeber.com

1Источники