Təkcə insanlar deyil, bitkilər də Böyük Qaydış proqramında olmalıdır.
Bütün şəhər və qəsəbələrin işğaldan əvvəlki mədəni florasında olmuş ağac və kol növləri yenidən əkilməlidir.
Xankəndindən gələrkən Xocalıda, Ağdamda yolların qırağında, kənd yerlərində ancaq yovşanlar qaldığını gördüm.
Füzulinin Alxanlı kəndini keçəndə elə bil cənnətdən cəhənnəmə keçirsən, boz səhralıq.
Ağac- kollar yoxdur.
Bəlkə o gecə Xocalı camaatı kimi bitkilər də məhv edildi, yollarda dondu, kökləri qazıldı, budaqları kəsildi, yarpaqları soldu, fidanları əzildi, qalanları isə insanlarla birgə qaçıb canını güclə qurtardı.
Qubadlının Mollu kəndində xaraba qalmış evlərin içindən Nəhəng aylantlar çıxmışdır.
Bilmədim onlara acığım tuta ki, erməni kimi evlərimizə soxulub, ya təşəkkür edəm ki, heç olmasa ocaqlarımızı boş qoymayıblar.
Aylant invaziv- yəni sürətlə yayılan, digər növlərin yerini tutub, onları sıxışdıran növdür.
Əvvələr mövcud olmuş ağac və kol növləri insanlarımızla birgə geri "qayıtmalıdır".
Əks halda təbiət bizə dostunu atıb gedən fərari kimi baxar...
Şuşadakı bu qarağac isə 30 ildən çox bizi kişi kimi dayanıb gözləmişdir.