RU

“Kreml təcavüzkar siyasətdən imtina əlaməti göstərmir” - Mübariz Göyüşlü

“Hesab edirəm ki, bu müharibə hələ bir neçə il də davam edəcək. Rusiyanın nə ordusunun döyüş qabiliyyəti tamamilə tükənib, nə də ölkə tam iqtisadi çöküş vəziyyətindədir. İqtisadi böhran var, amma bu, Moskvanın hərbi avantüradan əl çəkməsinə və Putinin masa arxasına əyləşərək sülh danışıqlarına razı olmasına kifayət etmir. Başqasının torpaqlarını işğal etmək və təcavüzkar siyasəti davam etdirmək niyyətindən imtina əlaməti görünmür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq ehtimalı beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir. Hərbi ekspert Yevgeni Dikiyin fikrincə, Moskva yalnız iki halda sülhə razı ola bilər: ordusunun döyüş qabiliyyəti tükəndikdə və ya ölkə ciddi iqtisadi çöküşlə üzləşdikdə.

Siyasi şərhçi bildirib ki, müharibə davam edir və yaxın perspektivdə onun dayanacağı gözlənilmir.

“Baxmayaraq ki, Rusiyanın döyüş qabiliyyəti onun iddia etdiyi qədər güclü və peşəkar deyil, iqtisadi baxımdan da sanksiyalar və blokadalar ölkəyə ciddi zərbə vurur, bütün bunlara rəğmən Moskva bu prosesi davam etdirir. Ona görə də yaxın zamanda müharibənin dayanacağını, Rusiyanın diplomatik həll yoluna üstünlük verəcəyini demək çətindir. Mövcud gedişat göstərir ki, Kreml bu müharibəni davam etdirmək niyyətindədir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
11
aznews.az

1Источники