RU

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Gənclərin İqlim Forumu işə başlayıb

BAKI, 30 sentyabr. TELEQRAF

Sentyabrın 30-da Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025) çərçivəsində Gənclərin İqlim Forumu işə başlayıb.

Azərbaycan və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirən Gənclərin İqlim Forumunda gün ərzində rəqəmsal transformasiya, təmiz enerji, şəhərsalma və iqlim diplomatiyası mövzularında keçirilən panellər gənclərin COP29 irsini davam etdirməklə yanaşı, iqlim fəaliyyəti üzrə innovativ yanaşmaları necə formalaşdırdıqlarını da nümayiş etdirdi.

Teleqraf xəbər verir ki, forumda çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin uşaqları və gəncləri bütün fəaliyyətlərin prioritetinə çevirdiyini deyib.

“Bu, onların ehtiyac və səslərinin hər bir müzakirədə və qərarda öz əksini tapması demək idi. Həmin yanaşmamızın nəticələrindən qürur duyuruq. Tarixi razılaşmamız olan “Bakı Maliyyə Çərçivəsi” bütün tərəfləri və vətəndaş cəmiyyətini uşaqlar və gənclərin iqlim maliyyəsi ilə dəstəklənməsinə çağırdı. Biz razılaşdıq ki, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada əldə olunan irəliləyişlər ölçülərkən gənclərin ehtiyacları mütləq nəzərə alınsın. Həmçinin ölkələrin yaşa uyğun iqlim planları hazırlamasını və bu prosesə gənclərin bilavasitə cəlb olunmasını təşviq etdik. Bu istiqamətdə “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü” təqdim etdik. Bu təşəbbüs beynəlxalq iqlim strategiyalarında təhsilin, potensialın artırılmasının və bacarıqların inkişafının vacibliyini vurğuladı. Paralel olaraq, ekoloji savadlılıq göstəricilərinin hazırlanması üçün “Yaşıl Təhsil Tərəfdaşlığı”nı təsis etdik. Bundan başqa, UNICEF-i “Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun yaradılmasında dəstəklədik. Bizim üçün xüsusi önəm daşıyırdı ki, Azərbaycan gəncləri COP prosesinə bilavasitə cəlb olunsun. Ölkəmizin müxtəlif bölgələrindən gənclər könüllü şəkildə konfransın təşkilinə qatıldılar, həmrəylik nümayiş etdirdilər, Azərbaycanın qonaqpərvərliyini bütün dünyaya göstərdilər və hər kəsə gənclərin enerjisini, qətiyyətini və iqlim həllərinə sadiqliyini sübut etdilər. COP29-un özündə isə biz “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsini” qəbul etdik. Həmin sənəd uşaqlara və gənclərə yönəlik iqlim siyasətlərinin sürətləndirilməsinə dair öhdəliyimizi təsdiqlədi. İndi isə Azərbaycan hökuməti bu vədləri yerinə yetirmək əzmindədir. Biz gənclərimizin yaşıl keçid dövründə uğurla irəliləməsi üçün lazım olan bilik, bacarıq və imkanlarla təmin olunmasını qarşımıza məqsəd qoymuşuq. Azərbaycan gəncləri həm də Braziliyanın növbəti sədrliyi və Gənclər üzrə İqlim Çempionu ilə sıx əməkdaşlıq edəcək, gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmasına dəstək göstərəcəklər", - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin sözlərinə görə, COP29 gənclərin baxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardan biri kimi tarixə düşdü: “Bizim fəaliyyətimiz yalnız danışıqlar masası ilə məhdudlaşmadı, həmçinin sədrliyimizin konsepsiyasında da gənclərin rolu nəzərə alındı. Bütövlükdə yanaşmamız, gənclərin qlobal miqyasda ehtiyac və prioritetlərini özündə əks etdirdi.

Bu gün biz çoxtərəfli diplomatiya və qlobal iqlim fəaliyyətində yeni və ümidverici mərhələyə qədəm qoyuruq. Həmin mərhələ təkcə beynəlxalq sistem üçün deyil, bütövlükdə iqlim gündəliyimiz üçün də böyük əhəmiyyət daşıyır. Əsas çağırışımız odur ki, gənclər qlobal iqlim fəaliyyətinə daha da sadiq olsun, bu prosesdə öz məsuliyyətlərini dərk etsin və gələcəyin peşəkar danışıqlar aparıcıları kimi formalaşsın”.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışı zamanı gənclərə müraciət edib. "Əziz gənclər, bir həqiqəti vurğulamaq istəyirəm. Bu tədbir sadəcə bir toplantı deyil, hərəkatdır. İqlim fəaliyyətini irəli aparan ən güclü qüvvə sizsiniz! Sizin enerjiniz, ideyalarınız və təciliyyət hissiniz. Bunlar sadəcə ruhlandırıcı deyil, həm də bu mübarizənin ayrılmaz əsas şərtidir. Azərbaycan COP29-a ev sahibliyi edəndə dünya ümid və qətiyyətlə Bakıda bir araya gəldi. Bu, bizim üçün qürur və məsuliyyət anı idi. Amma həmin prosesin əsl mirası yalnız imzalanmış sənədlərdə və ya verilmiş öhdəliklərdə deyil, ondan sonra görüləcək işlərdədir. Çünki iqlim dəyişikliyi uzaq gələcəyin deyil, bu günün reallığıdır. O, sizin gələcək həyatınıza çox təsir edəcək. Unutmayaq ki, heç bir yol xəritəsi, qlobal öhdəlik sizin liderliyiniz, israrınız və təzyiqiniz olmadan uğurla həyata keçirilə bilməz. Dünyanın hər yerində gənclər artıq öncüllük edirlər. Təmiz enerji startapları yaradır, ekoloji layihələrə rəhbərlik edir, maarifləndirmə aparır, ədalət tələb edir və həmyaşıdlarını cəsarətlə səfərbər edirlər. Elə burada Azərbaycanda da gənclər yaşıl həllər hazırlayır, plastik tullantılara qarşı mübarizə aparır, Xəzərdən dağ kəndlərinə qədər meşələrin bərpası və təbiəti mühafizə təşəbbüslərinə qoşulurlar. Siz göstərirsiniz ki, ambisiya yalnız sözlərlə ölçülmür, ambisiya insanları, icmaları və bütün sistemi dəyişdirən real hərəkətdir. Bu Forum sizin platformanızdır, innovasiya etmək, ideyalarınızı bölüşmək, siyasətlərin formalaşmasına təsir göstərmək üçün bir fürsətdir. Bizim mövqeyimiz açıqdır: gənclər bu prosesin mərkəzində olmalıdırlar. Azərbaycan olaraq biz gənclərin gücləndirilməsini yalnız düzgün deyil, həm də ağıllı seçim hesab edirik. Ölkəmiz iqtisadiyyatını şaxələndirərkən, bərpaolunan enerji sahəsini böyüdərkən və iqlim dayanıqlığını gücləndirərkən bu dönüşümün əsas hərəkətverici qüvvəsi məhz siz – sizin bacarıqlarınız, innovasiyanız və liderliyiniz olacaq. Əlbəttə, gələcək çətinliklərlə doludur: süni intellekt, rəqəmsallaşma və iqlim dəyişikliyi dünyanı yeni çağırışlarla üz-üzə qoyur. Lakin, eyni zamanda, böyük imkanlar da gətirir. Bu imkanlardan necə yararlanmaq, yeni bacarıqları necə qazanmaq və gələcəyinizi necə formalaşdırmaq isə artıq sizin əlinizdədir, əziz gənclər! Burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bilin ki, Azərbaycan və COP29-un sədrliyi olaraq biz həmişə yanınızdayıq və təşəbbüslərinizdə sizi dəstəkləməyə hazırıq. Gəlin birlikdə sözləri əmələ, əməli isə qalıcı dəyişikliklərə çevirək", - deyə o bildirib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva gənclərin insanlığın birgə hərəkətini təmin edən əsas qüvvəsi olduğunu qeyd edib. O, fikirlərinə belə davam edib: "Dünən eşitdiyim çox gözəl ifadəni bölüşmək istəyirəm: bir-birimizə qarşı məsuliyyətimiz var. Bu, yalnız yaşaya biləcəyimiz planet üçün deyil, həm də təmiz su və yaşıl gələcək üçün məsuliyyət deməkdir. Siz elə bir mənəvi aydınlıq gətirirsiniz ki, bu, bizləri hər zaman daha məsuliyyətli olmağa həvəsləndirir. Bugünkü Forum sizə üç əsas mövzunu müzakirə etmək imkanı verir. Birincisi, rəqəmsal alətlər – iqlim fəaliyyətində şəffaflıq, səmərəlilik və hesabatlılığı necə gücləndirə bilərlər.

İkincisi, şəhər inkişafı – gələn ilin mayında Bakı 13-cü Dünya Şəhər Forumuna ev sahibliyi edəcək. Gənclərin səsi şəhərləri iqlimə davamlı, dayanıqlı və təhlükəsiz etməkdə həlledici olacaq. Üçüncüsü, iqlim diplomatiyası - diplomatiya gündəlik bacarıqdır, lakin iqlim diplomatiyası xüsusilə vacibdir. Geosiyasi dəyişikliklər fonunda qarşımızda elmi arqumentlərə əsaslanmayan tərəflər də olacaq. Buna baxmayaraq, planetimiz ortaq evimizdir və gələcək nəsillər üçün ortaq razılıq və yol tapmaq bizim borcumuzdur. İqlim böhranı dövrümüzün ən böyük çağırışıdır. Lakin sizin yaradıcılığınız, əzminiz və vizyonunuz bu böhranı böyük bir transformasiya fürsətinə çevirə bilər. Birləşmiş Millətlər Təşkilatı, qlobal komanda və mənim həmkarlarım Azərbaycanda gənclərin yanındadır. Biz gənclərin liderliyini dəstəkləməyə, onların səsini gücləndirməyə və onları dayanıqlı, yaşıl və ədalətli gələcəyin formalaşmasında bərabərhüquqlu tərəfdaş etməyə sadiqik. Gəlin gələcəyimizi birlikdə quraq!”.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən ilk Gənclər Forumunun həm tarixi bir mərhələ, həm də gənclərin iqlim həllərində liderlik rolunu formalaşdıracaq güclü bir ənənənin başlanğıcı olduğunu diqqətə çatdırıb.

Leyla Həsənova vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi yalnız dəyirmi masa müzakirələri üçün deyil. Məqsəd bütün cəmiyyəti bu məsələyə cəlb etmək, böhranı həll etmək və iqlim mövzusunu hər kəsin gündəliyinə gətirməkdir. “Növbəti iki gün ərzində bu Forum gəncləri, siyasətçiləri, beynəlxalq təşkilatları və innovatorları bir araya gətirəcək. Məqsəd iqlim fəaliyyətini rəqəmsal transformasiya, təmiz enerji, dayanıqlı şəhərlər və iqlim diplomatiyası vasitəsilə irəli aparmaqdır. Sabah isə tematik qrup işləri ilə davam edəcəyik və iştirakçılar artıq öyrəndiklərini tətbiq edəcəklər. Burada əsas diqqət mesajların düzgün qurulmasına, gənclərin prioritetlərinin və həll yollarının aydın şəkildə eşidilməsinə yönələcək. Bu Forumdan kənarda isə builki Bakı İqlim Fəaliyyəti Həftəsi ən geniş gənclər proqramına sahibdir. Həftə boyunca "Sustainable Expo", "Planet üçün İncəsənət və İnnovasiya", kənd təsərrüfatı üzrə gənclər üçün seminar, ADA Universitetində iqlim dəyişikliyi üzrə ikinci tədbir və Dayanıqlı Karyera Yarmarkası da keçiriləcək. Bunların hamısı göstərir ki, gənclər elmdə, innovasiyada, incəsənətdə və təhsildə liderlik edirlər və karyera yollarını qururlar. Siz burada ideyaları irəli gətirmək üçün cəsarət, köhnə modelləri aşmaq üçün yaradıcılıq və uşaqların, gənclərin səsinin qərar qəbuletmənin mərkəzində olmasını təmin etmək üçün əlaqələr nümayiş etdirəcəksiniz", - deyə o diqqətə bildirib.

Tədbir "İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlı inkişafı necə təmin edir", "Baxışdan reallığa: daha yaşıl dünya üçün təmiz enerji və şəhər inkişafı","Danışıqlardan hərəkətə: iqlimə davamlılıq üçün diplomatiya" mövzularında panel müzakirələrlə davam edib.

"İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlı inkişafı necə təmin edir" panel müzakirəsinsə çıxış edən

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini Arzu Tairquliyeva-Nağıyeva iqtisadi idarəetmənin çevikləşdirilməsi, sosial sistemlərin səmərəliliyinin artırılması və ekoloji siyasətlərin gücləndirilməsinin bu gün prioritet məsələ olduğunu bildirib. Qeyd olunub ki, texnologiyanın sürətli inkişafı həyatımızı dəyişir və təhsil bu dəyişikliklərə cavab olaraq insanlara lazımi bacarıqlar qazandırır, cəmiyyətə və planetə fayda verir.

Onun sözlərinə görə, Azərbaycan 2022-ci ildən etibarən BMT və tərəfdaş qurumlarla birgə Davamlı İnkişaf Məqsədləri üzrə dialoqlar təşkil edir. Hər il ən azı iki belə dialoq keçirilir. Bu ilin iyununda keçirilən ilk dialoq təhsilə ömürboyu öyrənmə və gələcək bacarıqlara həsr olunub. İki həftə sonra isə yeni dialoq baş tutacaq və əsas mövzu yenə də Azərbaycanın davamlı inkişafı üçün təhsilə investisiya olacaq.

Rəqəmsallaşma əmək bazarını köklü şəkildə dəyişir.

Azərbaycanın “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” insan kapitalının inkişafını prioritetləşdirir. Bu istiqamətdə yeni təhsil məzmunu hazırlanır, mövcud kadrların bilikləri artırılır. İqtisadiyyat Nazirliyi əmək bazarını izləyir və rəqəmsal ixtisaslara xüsusi önəm verir.

Bu çərçivədə Dördüncü Sənaye İnqilabı Akademiyası artıq 10 min nəfərə ödənişsiz təhsil imkanı verib, 1800-dən çox kurs təqdim edib. Süni intellekt, data analitikası, blockchain, bulud texnologiyaları və yumşaq bacarıqlar əsas mövzulardır.

Dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarının sayı da artır. Hazırda qəbul olunan tələbələrin təxminən 90 faizi dövlət sifarişi ilə oxuyur, bu isə əvvəlki illərlə müqayisədə 50 faiz artım deməkdir.

O bildirib ki, təhsil hər bir transformasiyanın xüsusilə də rəqəmsal transformasiyanın mərkəzində dayanır. Əgər biz gəncləri düzgün bacarıq və dəyərlərlə təmin etsək, texnologiya dayanıqlılıq, bərabərlik və innovasiyanın ən güclü alətinə çevriləcək.

Hazırda qlobal e-tullantı monitorinqinə rəhbərlik etdiklərini bildirən Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçu son hesabatlarına görə, dünyada ildə təxminən 62 milyon ton elektron tullantı yarandığını və bu rəqəmin 2030-cu ilə qədər 75 milyon tona çata biləcəyini diqqətə çatdırıb: "Bu, çox ciddi çağırışdır. Ona görə də gəncləri praktiki təşəbbüslərə qoşulmağa, startaplar yaratmağa, innovativ ideyalarla e-tullantıların azaldılmasına dəstək olmağa dəvət edirik. Çünki hər gün istifadə etdiyimiz telefon, kompüter və digər cihazlar köhnəldikdə tullantıya çevrilir, lakin onların iqlimə təsirini çox vaxt nəzərə almırıq. Halbuki məsuliyyətli yanaşma ilə biz həm təbiəti qoruya, həm də dayanıqlı rəqəmsal gələcək qura bilərik".

Qeyd edək ki, Gənclərin İqlim Forumunun işinə oktyabrın 1-də yekun vurulacaq.

Избранный
21
7
teleqraf.com

8Источники