Premyer Liqada "İmişli" nağılı davam edir.
Bölgə klubu liqanın arxada qalan 6 turunda hamını təəccübləndirməyi bacarıb.
Yalnız birinci turda "Turan Tovuz"a 98-ci dəqiqədə buraxdığı qolla məğlub olan aran təmsilçisi 5 matçdı məğlubiyyət tanımır.
Bərk müdafiə olunan Jorje Kaşkilyanın yetirmələri 6 görüşdə vur-tut 2 dəfə qapısında qol görüb.
"Sabah", "Zirə", "Neftçi" kimi iddialı rəqiblərə başağrısı ola bilib.
Qarşıdan isə "Araz-Naxçıvan"la görüş gəlir.
Maraqlıdır, yuxarıda sadaladığım faktlar Muxtar respublika təmsilçisinin oyunçularını qorxuya salırmı? Xal itirmək təhlükəsi narahatlıq yaradırmı?
Suallarımıza cavab olaraq komandanın təcrübəli siması Bəxtiyar Həsənalızadə bunları dedi:
"İmişli" öz çıxışı ilə ölkə futbolun izləyən hər kəsi təəccübləndirməyi bacarır.
Debütant olmasına baxmayaraq, həqiqətən yaxşı nəticələr əldə edirlər.
Çox təhlükəli komandadır. Bizi ağır görüş gözləyir.
Ciddi hazırlaşmalıyıq. Rəqibə hörmət etməliyik.
Bəlkə də "Şamaxı" ilə oxşar cəhətləri var. Standart vəziyyətlərdə və əks-hücumlarda təhlükəli olurlar. Yaxşı mübarizə aparıb qələbə qazanmaq istəyirik".
XANOĞLAN / SPORTİNFO.AZ