RU

Müharibədə evinə ziyan dəydiyini deyən vətəndaşa Rəsmi cavab

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“1992-ci ildə torpaq və kərpicdən tikilən evimə Vətən müharibəsi zamanı bir az da ziyan dəydi”.  

Bu şikayətlə “Qafqazinfo”ya Ağdam rayon Çəmənli kənd sakini Həcər Həsənova müraciət edib. 

O bildirib ki, evinin üzəri dağıntılara məruz qalıb: “2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı çökmələr oldu. Torpaqdan tikildiyi üçün evin üst hissəsi uçdu. Tavan demək olar ki, çöküb. Bura, ümumiyyətlə, baxımsız vəziyyətdədir, divarda çatlar yaranıb, imkanımız yoxdur ki, nəsə edək. Qış aylarında vəziyyətimiz daha da çətinləşir. Üzəri ağacdan olan bu evdə yaşamaq ağır vəziyyətdir”. 

Vətəndaşın sözlərinə görə, hələ 2016-cı ildə onun evinin bərpa olunması nəzərdə tutulub: “Belə bir qərar var idi ki, kərpicdən tikilən evlər bərpa olunacaq. O vaxt bizə dedilər ki, sizin eviniz də düzələcək. Bunun üçün dəfələrlə müvafiq qurumlara müraciət etdik. Ancaq nəticə olmadı. Müharibədən sonra daha bərbad vəziyyətə düşdü. Özüm xəstə qadınam, yoldaşım da rəhmətə gedib. Bu evdə hazırda yaşamaq mümkün deyil. Müvafiq qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərilsin”. 

Məsələni aydınlaşdırmaq üçün Ağdam Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Ağdam rayon Çəmənli kənd sakini  Həsənova Həcər Sabir qızının Vətən müharibəsi zamanı ziyan çəkmiş evinin bərpa edilməsi ilə bağlı etdiyi müraciət araşdırılıb: “Bildiririk ki, vətəndaş Həsənova Həcər Sabir qızı ilə ətraflı söhbətlər aparılıb. Söhbətlər zamanı vətəndaş Həcər Həsənova Vətən müharibəsi zamanı ziyan dəymiş evinin bərpa edilməsini xahiş edib.

Vətəndaş Həcər Həsənovaya izah olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1 bəndində nəzərdə tutulduğu qaydada dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində, 1.2 bəndində nəzərdə tutulmuş qaydada isə digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub.

2020-ci ilin dekabr ayında Çəmənli kəndi ərazisinə baxış keçirilən zaman İşçi Qrupu tərəfindən onun evinə də baxış keçirilib və evin ziyan çəkmədiyi müəyyən olunduğu üçün akt tərtib edilməyib. Bu səbəbdən də onun evinin təmir olunması mümkün olmayıb.

Əlavə olaraq bildiririk ki, dəfələrlə vətəndaş Həcər Həsənovaya evinin dam örtüyünün təmir olunması ilə bağlı köməklik edilməsi təklif olunsa da, o bu təklifdən imtina edərək yeni evin tikilməsini tələb edib. 10 sentyabr 2025-ci il tarixdə Həsənova Həcər Sabir qızının oğlu Həsənov Natiq Cahid oğlu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilib. Qəbul zamanı Natiq Həsənov da onlara yeni ev tikilməsinə köməklik olunmasını xahiş edib.

Vətəndaşa bir daha izah olunub ki, Rayon İcra Hakimiyyətinə vətəndaşlara ev tikilməsi üçün vəsait ayrılmadığından onlara yeni ev tikilməsi imkan xaricindədir. Vətəndaşa həmçinin bildirilib ki, onların ailə vəziyyətini nəzərə alaraq tikəcəkləri evin tam örtüyünün vurulmasına köməklik göstəriləcək. Sonda vətəndaş Həsənov Natiq Cahid oğlu bu təkliflə razılaşaraq öz minətdarlığını bildirib”.

Fidan Etibar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
qafqazinfo.az

1Источники