RU

"Angry Birds" oyununun yaradıcısı Peter Vesterbaka SABAH.HUB-da gənc istedadlarla görüşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur "Angry Birds" oyununun yaradıcısı və "Rovio" şirkətinin həmtəsisçisi, tanınmış sahibkar və investor Peter Vesterbaka sentyabrın 27-də SABAH.HUB-ın xüsusi qonağı olub. Görüş SABAH.academy və SABAH.studio-nun təşkilatçılığı ilə ikihissəli formatda baş tutub.
İlk sessiyada Vesterbaka SABAH.academy-nin tələbə və məzunları ilə görüşərək sahibkarlıq təcrübəsini bölüşüb. O, biznesdə qarşılaşdığı çətinliklər, qazandığı uğurlar və innovasiya sahəsindəki qlobal trendlərin Azərbaycan startap ekosisteminə təqdim etdiyi imkanlar barədə danışıb. Çıxışında lokal ideyaların qlobal bazarlara çıxışının vacibliyini vurğulayan Vesterbaka bildirib:
"Azərbaycan innovasiya ekosistemi böyük potensiala malikdir. Əminəm ki, burada yaradılan startaplar yaxın illərdə təkcə regionda deyil, qlobal bazarda da uğur qazanacaq".
Görüş fəal sual-cavab sessiyası ilə davam edib və iştirakçılar üçün ilhamverici təcrübə olub.
İkinci sessiyada Vesterbaka SABAH.studio-nun təşəbbüsləri ilə tanış olub. Gənc startapçılar öz layihələrini təqdim edərək, beynəlxalq təcrübəyə əsaslanan rəy və tövsiyələr alıblar. Bu mərhələdə "2school", "Tredu" və "Dapti" kimi startap müəlliflərinin çıxışları xüsusi diqqət çəkib. Onların təqdimatları müzakirələrə dinamika qataraq həm ideyaların müxtəlifliyini nümayiş etdirib, həm də real problemlərə yönəlmiş yaradıcı həllərin mümkünlüyünü göstərib. Beləliklə, sessiya bir sıra startaplar üçün inkişaf istiqamətlərinin formalaşmasına zəmin yaradıb və startapçıların motivasiyasını daha da gücləndirib.
Sessiyalar çərçivəsində rəqabətə davamlı məhsullar yaratmaq üçün atılmalı olan addımlar, eləcə də Azərbaycanın "deep-tech" və "edtech" sahələrində inkişaf potensialı ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda keçirilən şəbəkələşmə sessiyasında startap komandaları Peter Vesterbaka ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüş SABAH.HUB-ın beynəlxalq əlaqələrinin gücləndirilməsi və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.
Qeyd edək ki, SABAH.HUB Azərbaycan startap ekosisteminin inkişafını dəstəkləyən innovasiya mərkəzidir. Mərkəz startapların ideyadan bazara çıxışadək bütün mərhələlərdə inkişafına dəstək göstərir, onları investorlar və beynəlxalq tərəfdaşlarla əlaqələndirir. SABAH.HUB-ın əsas məqsədi regionda güclü innovasiya ekosistemi formalaşdırmaq və yerli təşəbbüsləri qlobal miqyasda tanıtmaqdır.
Tədbirin əsas məqamları və foto materialları ilə tanış olmaq üçün SABAH.HUB-ın rəsmi "Instagram", "Linkedin" və "Facebook" səhifələrini izləyə bilərsiniz.
Избранный
9
oxu.az

1Источники