Ukraynanın Odessa vilayəti və Odessa şəhərində güclü yağışlar nəticəsində daşqın baş verib. Nəticədə şəxsi evləri, zirzəmiləri və yolları su basıb, ictimai nəqliyyatın hərəkəti dayanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, Odessa vilayətində kəskin hava şəraiti səbəbindən biri uşaq olmaqla, 9 nəfər həyatını itirib. Bu gün səhər saatlarında isə itkin düşmüş hesab edilən qadın tapılıb.
Həmçinin Odessa meri Gennadi Truxanov özünün "Telegram" kanalında vəziyyətlə bağlı paylaşım edib.
Onun sözlərinə görə, oktyabrın 1-də əlverişsiz hava şəraiti və yağış davam edəcək.
Truxanov qeyd edib ki, sentyabrın 30-da Odessaya yeddi saat ərzində təxminən ikiaylıq yağıntı düşüb. Buna görə də şəhərin yağış kanalizasiya sistemi belə bir yükə tab gətirə bilməyib.
O vurğulayıb ki, Odessada hazırkı vəziyyət çətindir, lakin nəzarət altındadır. O bütün fövqəladə hallar xidmətlərinə təşəkkür edib.
Xilasedicilər maşınları sudan çıxarır və insanlara kömək edirlər. Şiddətli yağış zamanı yerli sakinlərdən evdə qalmaları xahiş olunub. Xilasetmə və təxliyə işləri davam edir.