RU

Bu şəxslərin maaşından daha çox vergi tutulacaq – AÇIQLAMA

Son zamanlar qeyri-dövlət sektorunda çalışan işçilərə 2019-cu ildən tətbiq edilən vergi güzəştinin 2026-cı ildən etibarən davam etdirilməyəcəyi ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb.

Bu ehtimalın əsas səbəblərindən biri kimi 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisindən toplanacaq vəsaitin əvvəlki illə müqayisədə 30 faiz və ya 577,8 milyon manat artacağı göstərilir.

Maraqlıdır ki, bu artım fonunda həmin vergi güzəştindən faydalanan şəxslərin sayının əhəmiyyətli dərəcədə çoxalması, əslində dövlətdə bu sahədən daha böyük həcmdə vergi toplamaq potensialının olduğunu göstərir.

Belə ki, mövcud statistikaya əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrdə əmək müqaviləsi ilə çalışan şəxslərin sayı artıq 1 milyon nəfəri ötüb. Halbuki 2019-cu ilin əvvəllərində bu rəqəm cəmi 470 min nəfər idi.

Bundan əlavə, son illər ərzində minimum əməkhaqqının 130 manatdan 400 manata qədər artırılması da bu sahədəki ümumi gəlirlərin və nəticə etibarilə vergi bazasının genişləndiyini göstərir.

Bütün bu amillər fonunda isə 2026-cı ildən etibarən güzəştin davam edib-etməyəcəyi ilə bağlı qərarın verilməsi ciddi iqtisadi və fiskal mülahizələrə əsaslanacaq. Dövlətin bu artımı nəzərə alaraq vergi güzəştlərini dayandırması ehtimalı yüksək görünür.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, orta əmək haqqının səviyyəsi, yəni vergi bazasının genişlənməsi proqnozu gəlirlərin hesablanmasında öz əksini tapır:

“Digər əmək bazarının genişlənməsi muzdlu əmək müqavilələrinin sayının artması proqnozu və bu qədər həcmdə artımı şərtləndirən digər mühim faktorlardan biri də məhz qeyri-dövlət, qeyri-neft sektorunda çalışanlara münasibətdə əldə olunan muzdlu gəlirlərin 8 min manata qədər hissəsinin 14 faizinin vergiyə cəlb edilməsinin tətbiqi ilə əlaqədar olduğu ehtimalı çox yüksəkdir.

Belə görünür ki, güzəşt artırılmayacaq. Güzəşt müddətinin artırılmaması iqtisadiyyatın leqallaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri də gündəmə gətirir. Güzəşt müddətində əmək müqavilələrinin sayı ilə yanaşı məcburi sosial müdafiə haqları üzrə də yığımlar olub”.

Milli.az

Избранный
4
10
editor.az

10Источники