“Nissan“, “İnfiniti”, “Ford”, “Reno” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors”la bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Nurgün Motors”la bağlı işə sabah, 2 oktyabr tarixində Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Nurgün Motors” MMC 21 oktyabr 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Surxay Tofiq oğludur.
Gülşən Rəsul