RU

MEDİA və Mətbuat Şurası TRT əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verdi

Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzak Qəzza zolağında həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.
 
Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir:
 
"Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.
 
Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır.
 
Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.
 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hisslərini ifadə edərkən dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbir və dözüm diləyirlər.
 
Allah rəhmət eləsin!" - deyə məlumatda bildirilir.
Medianın İnkişafı Agentliyi də Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalistin həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
 
Избранный
26
49
moderator.az

10Источники