RU

Hamiləlik dövründə parasetamol döl üçün təhlükəli ola bilər

Son 25 ildə aparılmış ən genişmiqyaslı araşdırmalardan biri göstərib ki, hamiləlik zamanı ağrı və qızdırma üçün ən çox istifadə olunan parasetamol (asetaminofen) dərmanı ehtiyatla qəbul edilməlidir.

E-saglam.az xəbər verir ki, nəticələr “Nature Reviews Endocrinology” jurnalında dərc olunub.

Parasetamol uzun müddət hamiləlik dövründə ən təhlükəsiz qızdırmasalıcı və ağrıkəsici hesab olunub, lakin alimlər xəbərdarlıq edirlər ki, onu yalnız minimum dozada və həkim tövsiyəsinə uyğun istifadə etmək olar. Massaçusets Universitetinin tədqiqatçıları qeyd edirlər ki, bir çox hamilə qadın bu dərmandan müxtəlif ağrı növləri üçün tez-tez istifadə edir və tövsiyə olunan dozanı aşırlar. Bu isə döl üçün müxtəlif ağırlaşma riskləri yaradır.

Alimlər 1995–2020-ci illər arasında aparılmış 29 müşahidəvi araşdırmanı təhlil ediblər. Bu işlərdə 220 mindən çox hamilə qadın və onların uşaqları iştirak edib. Eyni zamanda heyvan sınaqlarının və laboratoriya təcrübələrinin nəticələri də nəzərdən keçirilib.

Nəticələr göstərib ki:

Hamiləlik dövründə parasetamolun qəbulu dölün sinir sisteminin inkişaf pozğunluqları ilə əlaqəli ola bilər. Bu, uşaqlarda diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DEHB) və davranış problemləri riskini artıra bilər.

Bəzi tədqiqatlar oğlan uşaqlarında parasetamol istifadəsinin cinsiyyət orqanı və reproduktiv sistem anomaliyaları ilə əlaqəli ola biləcəyini göstərib.

Dərmanın təkrar və uzunmüddətli istifadəsi inkişaf pozğunluqları riskini yüksəldir.

Qeyd edək ki, doğuşdan öncə asetaminofenə məruz qalmanın potensial inkişaf riskləri barədə narahatlıq üçün kifayətdir. Bu səbəbdən hamilə qadınlara ehtiyatlı davranmağı və yalnız həkim göstərişi ilə dərmandan istifadə etməyi tövsiyə edirik.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники