RU

Qoz ləpəsi qanda “pis” xolesterin səviyyəsini normallaşdırır

“Circulation” jurnalında dərc olunan yeni araşdırmada alimlər yaşlı insanların gündəlik qoz ləpəsi qəbulunun ürək-damar xəstəlikləri riskinə təsirini qiymətləndiriblər.

E-saglam.az Bitki əsaslı pəhrizlərin mühüm hissəsi sayılan qoz və digər çərəzlərin müntəzəm istifadəsi ürək-damar xəstəliklərinin riskini 15%, onlardan ölüm riskini isə 23% azaldır. Bu təsir onların omega-3 (alfa-linolen turşusu) baxımından zəngin olması ilə əlaqələndirilir. Kiçik tədqiqatlar əvvəllər göstərmişdi ki, qoz xolesterin səviyyəsini azalda bilər, lakin bu təsirin bir çox aspekti indiyədək tam aydın deyildi.

Barselonadakı Xəstəxana Klinikasının Endokrinologiya və Qidalanma Xidmətinin Lipid Klinikasının direktoru Emilio Ros bildirib:“Əvvəlki araşdırmalar göstərirdi ki, qoz ləpəsi ürək xəstəlikləri və insult riskini azaldır. Onun səbəblərindən biri də qanda aşağı sıxlıqlı lipoproteinlərin (LDL, “pis” xolesterin) səviyyəsini aşağı salmasıdır. İndi isə biz əlavə səbəb də tapmışıq – qoz LDL hissəciklərinin keyfiyyətini də dəyişir”.

Məlumdur ki, LDL hissəcikləri müxtəlif ölçüdə ola bilər. Daha kiçik və sıx hissəciklər aterosklerozla daha çox əlaqələndirilir. Yeni araşdırmada isə alimlər qoz qəbulunun qanda bütün lipoproteinlərin səviyyəsinə və quruluşuna təsirini araşdırıblar.

Tədqiqatın gedişi və nəticələr:

63–79 yaş arası 708 nəfər iki il ərzində izlənilib.

Bir qrup gündəlik rasionuna yarım fincan qoz (30–60 qram) əlavə edib, digər qrup isə etməyib.

Qoz yeyənlərin ümumi xolesterin və LDL səviyyəsi müvafiq olaraq 4,3 və 8,5 mq/dl azalıb.

Xüsusilə kiçik ölçülü LDL hissəciklərinin sayı azalıb.

Qoz həmçinin orta sıxlıqlı lipoproteinlərin də səviyyəsini aşağı salıb – bu da son illərdə ürək-damar xəstəliklərinin mühüm göstəricisi hesab olunur.

Effekt kişilərdə daha güclü olub: LDL səviyyəsi 9%, qadınlarda isə 2,6% azalıb.

Alimlər qeyd ediblər ki, bəzi insanlar bu azalmanı kiçik saya bilər. Lakin iştirakçıların yarısı artıq xolesterini normallaşdırmaq üçün dərman (statinlər) qəbul edirdi. Bu səbəbdən belə azalma əhəmiyyətli hesab olunur.

Emilio Ros əlavə edib:“Gündə bir ovuc qoz yemək ürək-damar sağlamlığını qorumağın sadə üsuludur. İnsanlar çox vaxt qozun kökəlməyə səbəb olacağından narahat olur. Amma araşdırmamız göstərdi ki, sağlam yağlar artıq çəkiyə səbəb olmur”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники