ain.az, Modern.az portalına istinadən məlumat verir.
6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək.
TDT-nin rəsmi vebsaytında 12-ci Zirvə Toplantısının Qəbələdə keçiriləcəyi bildirilib. Sammit regional sülh və təhlükəsizliyə həsr olunub.
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti liderlər sammitinin ölkəmizdə keçirilməsi həm Azərbaycanın, həm də TDT-nin regional və beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu bir daha göstərəcək:
“Bu, TDT-nin yumşaq gücdən daha sərt gücə mərhələli keçidinin təzahürü kimi dəyərləndirilə bilər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir TDT-yə yeni diplomatik çəki qazandıracaq. Sammit təşkilatın mövqeyini BMT səviyyəsində, ATƏT kimi beynəlxalq struktur qarşısında, eləcə də NATO və digər qurumlarda daha da gücləndirə bilər. Dünyada geosiyasi qarşıdurmalar dərinləşir və TDT-yə üzv ölkələrin ortaq hərəkət etməsi olduqca mühüm məsələdir. TDT-nin qlobal güc kimi formalaşmasına ehtiyac var. Ona görə də belə bir konfransın keçirilməsi vacibdir”.
Komitə sədri müzakirə olunacaq məsələlərdən də bəhs edib:
"TDT-də təhlükəsizlik, nəqliyyat, enerji və digər strateji məsələlərdə inteqrasiya xətti güclənib. Regional sülh, təhlükəsizlik mövzusu yalnız TDT-nin iqtisadi, mədəni sahələrdə yox, həm də siyasi, kibertəhlükəsizlik və informasiya təhlükəsziliyinə qarşı fəaliyyətinin əsasını təşkil edəcək. Sammit üçün Qəbələnin seçilməsi də çox mühüm məsələdir. Qəbələ tarixi İpək Yolunun üzərində yerləşir və strateji-coğrafi məkandır. Sülh sazişinin təşəbbüskarı olaraq, Azərbaycan TDT platformasında müzakirələr aparacaq və regionda yeni təhlükəsizlik modelinin formalaşamasında özünün lider rolunu bir daha təsdiqləmiş olacaq. Cənubi Qafqazda post-müharibə dövründə təhlükəsizliyin yenidən təmin olunması, necə qurulması düşünürəm Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasətin bariz nümunəsi, təzahürüdür. Buna görə də konfransın Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin istər Vaşinqton, istərsə də BMT tribunasından çıxışından sonra bu konfransın da keçirilməsi çox müsbət dəyərləndirilir və dünyaya verilən çox ciddi mesajdır”.
Qeyd edək ki, Zirvə Toplantısında üzv və müşahidəçi ölkələrin liderlərinin iştirak edəcəyi qeyd olunur.
Toplantıya aşağıdakı liderlərin qatılacağı gözlənilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Qırğız Respublikasının Prezidenti Sadır Japarov
Macarıstanın Baş naziri Viktor Orban
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov (Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət edilib)
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev
Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.