16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında ikinci oyununa çıxıb.
Rekord.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.
Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.