RU

HAVELSAN-ın milli proqram təminatları SANCAR SİDA-ya inteqrasiya olunub

HAVELSAN şirkəti, “Yonca Teknik Tersanesi” ilə birgə hazırladığı SANCAR silahlı insansız dəniz aparatına (SİDA) avtonom insansız dəniz platformaları üçün xüsusi olaraq inkişaf etdirdiyi milli proqram təminatlarını inteqrasiya edib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, sentyabrın 9-da keçirilən atış sınaqlarını uğurla tamamlayan və son qəbul mərhələsindən də keçən SANCAR SİDA-da şirkət tərəfindən hazırlanan beş fərqli milli sistem və proqram təminatı yer alır.

Onlardan ən vacibi, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadə etdiyi ADVENT döyüş idarəetmə sistemi (DİS) ailəsinin insansız platformalara uyğunlaşdırılmış yeni üzvü – ADVENT ROTA komanda-idarəetmə və döyüş idarəetmə proqram təminatıdır.

Digəri isə HAVELSAN tərəfindən Türkiyə HDQ-nin suüstü və sualtı platformaları üçün hazırlanmış gəmi məlumat paylama sistemidir. Suüstü platformalarda istifadə edilən FLEETSTAR gəmi məlumat paylama sistemi, gəmilərdə olduğu kimi insansız dəniz aparatlarında da əsas rol oynayacaq.

HAVELSAN-ın NAUTIS sistemi insansız platformada faydalı yüklərin idarə və nəzarətini təmin edir. Digər platformalarda da istifadə oluna bilən NAUTIS vasitəsilə SANCAR-da quraşdırılmış sonarların suya buraxılması və toplanması üçün lazım olan vinç idarə edilir.

Şirkətin dənizdə avtonom naviqasiya üçün istifadə etdiyi BLUEVISION məhsulu süni intellekt əsaslı görüntü emal modulu olaraq platformanın situasiya məlumatlılığını təmin edir.

İlk dəfə TÜBİTAK adından alimlərin Antarktida missiyası zamanı uğurla istifadə olunan HAVELSAN GNSS qlobal mövqe təyinetmə sistemi də SANCAR SİDA-da tətbiq ediləcək milli texnologiyalar arasında yer alır.

Избранный
19
poliqon.az

1Источники