RU

Beynəlxalq Müəllimlər Günü münasibətilə nümunəvi tədbir

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən rayonun təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edən, eyni zamanda yenilikçi və təşəbbüskar layihə həyata keçirilmişdir.

Təhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər üçün valideynlər arasında gizli səsvermə yolu ilə “Ən Yaxşı Müəllim” nominasiyası üzrə seçim təşkil olunmuşdur. Bu təşəbbüs rayon miqyasında ilk dəfə gerçəkləşdirilmiş və geniş müsbət rəğbət qazanmışdır. Səsvermədə valideynlərin fəal iştirakı, onların müəllimlərin fəaliyyətinə verdiyi dəyəri və təşəkkürünü əks etdirən nümunəvi bir addım kimi qarşılanmışdır. 

Seçim turu 3 saylı Xüsusi Təhsil Məktəbini, 10 nömrəli Tam Orta Məktəbi, 3 nömrəli İnternat Məktəbini, 272 saylı Tam Orta Məktəbi, 
3 nömrəli UGİM-i (Uşaq-Gənclər İdman Məktəbi), 13 nömrəli İOEUGİM-i (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi), həmçinin 172, 59 və 110 saylı Uşaq Bağçalarını əhatə edib.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Subut Əsədov tədbir iştirakçılarını və bütün müəllimləri komitə sədri Araz Paşayev adından təbrik edərək onların təhsil sahəsindəki əvəzolunmaz rolunu xüsusi vurğulamışdır. O qeyd edib ki, bu cür tədbirlər müəllim peşəsinin ictimai nüfuzunu artırmaqla yanaşı, onların əzmkar fəaliyyətinin dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Natiq qeyd edib ki, müəllim yalnız dərs deyən şəxs deyil, həm də vətənə, xalqa və gələcək nəsillərə xidmət edən fədakardır. Bu gün burada olan hər bir müəllim, öz zəhməti ilə gələcəyin vətəndaşını yetişdirən əsl qəhrəmandır. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məsul əməkdaşları Afaq Ramaldanova və Ağca Məmmədova da iştirak etmişlər.
Sonda səsvermə nəticəsində “Ən Yaxşı Müəllim” adına layiq görülmüş müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Qaliblərin sevinc dolu anları tədbirə xüsusi rəng qatmış həmkarları və valideynlər tərəfindən alqışlarla qarşılanmışdır. Subut Əsədov sonda qeyd edib ki, bu cür təşəbbüslərin gələcək illərdə də davam etdirilməsi planlaşdırılır. Məqsəd təkcə ən yaxşıları seçmək deyil, eyni zamanda müəllimlərin motivasiyasını artırmaq, onların fədakarlığını, zəhmətini və təhsil sistemindəki rolunu cəmiyyətə daha geniş miqyasda tanıtmaqdır.

Избранный
12
1
xalqqazeti.az

2Источники