RU

2016 cı ilin Konstitusiya islahatları 9 il sonra: Siyasi sistemin möhkəmləndirilməsi və vitse prezidentlik institutunun keçdiyi tarixi sınaqlar

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

Əl ilə toxunulması mümkün olan nəticələrə əsasən baxış

- Konstitusiya islahatları nəticəsində siyasi sitemin möhkəmləndirilməsi, yaradılmış vitse-prezidentlik institutu ən gərgin və həlledici tarixi mərhələdə siyasi sistemin dayanıqlığına əvəzolunmaz töhfə verdi;

- 2016-cı il Konstitusiya islahatları qlobal və regional gərginliklər dalğasının vura biləcəyi zərbələrin qarşısını almaq üçün siyasi sistemi möhkəmləndirmək zərurətindən meydana çıxmışdı;

- Qlobal təkanların regiona təsirlərinin 1) ölkələrin daxilində sabitliyin pozulması, 2) regional münqaişələrin oyadılması vasitəsilə olacağı proqnozlaşdırlırdı. Son 10 ilin prosesləri proqnozların doğruluğunu sübut etdi;

- İki və ya çoxqütblü dünya regional münaqişələrin yenidən alovlanmasına zəmin yaratdı, 2019-2024-cü illərdə dünyada dövlət çevrilişlərinin sayı və intensivliyi artaraq, 1945-ci ildən sonra dövlət çevrilişlərinin ən intensiv olduğu 1960-1970-ci illərin səviyyəsinə yaxınlaşdı.

***

2016-cı ilin Konstitusiya islahatlarından 9 il keçib. 9 il tam yuvarlaqtarix olmasa da, təsir dairəsi etibarilə geniş və məhiyyətcə dərin bir tarixi mərhələni əhatə edir: 2016-cı ilin aprel döyüşlərindən 2025-ci il Vaşinqton sammiti və Minsk Qrupunun ləğvinə qədər.

Bu 9 il ərzində Azərbaycan öz tarixinin ən gərgin dövrlərindən keçdi:

pandemiya təhlükəsini dəf etdi;

İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdırdı;

anti-terror əməliyyatını tamamladı;

regionda geosiyasi şərtləri dəyişdirdi;

beynəlxalq arenaya yeni statusla çıxdı.

Nəhayət, Vaşinqton sammitində sənədlərin imzalanması və Minsk Qrupunun ləğvi ilə bütöv bir tarixi dövr yekunlaşmış oldu.

Bu 9 ilin təhdidlərinin aradan qaldırılmasında və imkanların maksimum dərəcədə istifadə edilməsində Konstitusiya islahatı nəticəsində siyasi sistemə edilmiş dəyişikliklərin rolu çox böyükdür. Buna görə də keçmiş 9 ili, əldə olunan nəticələrə əsaslanaraq qiymətləndirmək doğru olardı.

Qlobal və regional sarsıntılara hazırlıq: siyasi sistemin möhkəmləndirilməsi

2016-cı ilin aprel ayında Azərbaycan 1994 -cü ildən, Goradiz əməliyyatından 22 il sonra, ilk dəfə Ermənistan işğalçı ordusuna qarşı döyüşə daxil oldu və:

düşmənin zəif və güclü tərəflərini real döyüş şəraitində müəyyən etdi;

düşməni məğlub edərək psixoloji üstünlük qazandı və bu Ermənistanın daxilində siyasi böhrana səbəb oldu.

2016-cı ildən etibarən Cənubi Qafqaz bütövlükdə genişmiqyaslı hərbi və siyasi dəyişikliklər mərhələsinə daxil oldu və 9 illik “təhlükəli turbulent” dövrünü 2025-ci ilin avqust ayının 8-də Vaşinqton sammitində sülh müqaviləsini paraflamaqla və Tramp marşrutu-Zəngəzur dəhlizinə dair razılaşma ilə tamamladı.

Bu tarixi dövr həm qlobal, həm də regional səviyyədə sarsıntılarla “zəngin” idi. Dünya dərin dəyişikliklər mərhələsində idi.

2008-2011-ci illərdə qlobal səviyyli iqtisadi-maliyyə böhranı zamanı dünya arenasına yeni qlobal gücün – Çinin çıxması xəbərdarlıq siqnalı oldu.

Bürqütblü dünyanın lider dövlətinin borclanmadan yaranmış böhranı bütün dünyanı sarsıtmış, birqütblü dünyanın sona çatmasının birinci şok edici təzahürü kimi meydana çıxmışdı.

Bundan sonra hər şey domino effekti prinsipi üzrə davam etməyə başladı:

Çin “Bir kəmər – bir yol” təşəbbüsü ilə qlobal iqtisadi güc mərkəzi statusunu elan etdi;

2014-cü ildə Krım Rusiyaya birləşdirildi;

Almaniya NATO və ABŞ-dan uzaqlaşaraq Rusiya ilə strateji yaxınlaşmaya getdi;

2016-cı ilin iyununda Böyük Britaniyanın Avropa İttifaqından çıxması Avropanın parçalanmasına dair potensial ziddiyyətlərini üzə çıxardı;

2016-cı ilin noyabrında ABŞ-da sərt və realist iqtisadi siyasət tərəfdarı olan Donald Tramp prezident seçildi.

Beləliklə, bütün daşlar yerindən tərpəndi. İkiqtblü dünyanın ağrıları görünməyə başladı... hələlik tarif müharibələri şəklində.

“Birqütblü dünya”nın fəsadları və “iki və ya çoxqütblü dünya”nın təhlükələri:

1960-70-ci illərin dövlət çevrilişləri və 2020-25-ci illərlə statistik müqayisəsi

Dünya “iki və ya çoxqütblülüy”ə doğru irəlilədi. Odur ki, artıq bir dəfə yaşadığımız ikiqütblülüyün tarixindən öyrənəcəyimiz və müqayisə etməli olduğumuz çox şey var. Son bir neçə ildə, elə 2025-ci ildə də strateji coğrafi əhəmiyyətə malik ölkələrdə həm də geosiyasi səbəblərdən daxili sabitliyin pozulması halları artnmaqdadır: 2022-ci ilin yanvarında Qazaxıstanda, 2025-ci ilin iyununda Ermənistanda dövlət çevrilişinə cəhdlər, Serbiyada hakimiyyətin dəyişdirilməsinə cəhd, Slovakiyada kütləvi etirazların, bu ilin yanvarında Monqolustanda etirazların geosiyasi səbəblərdən qaynaqlandığı görünürdü. BMT-nin Baş katibi A.Quterreş 2021-ci ildə çevrilişlərin artmasına 3 səbəb göstərmişdi: dövlətlər arasında güclü geosiyasi parçalanma; pandemiyanın ölkələrə mənfi iqtisadi və sosial təsirləri; nəhayət, BMT TŞ-nın çevrilişlərə cavab olaraq ciddi reksiya verə bilməməsi. Göründüyü kimi birinci səbəb olaraq geosiyasi qarşıdurma göstərilir. İkiqütblü və ya çox qütblü dünyada kiçik və orta miqyaslı dövlətlərdə çevrilişlərə cəhdlərin intensivləşməsi fərqli güc mərkəzlərinin bir-biri ilə geostrateji, xammal və ixracat bazarları uğrunda mübarizədə üçüncü dövlətlərin hakimiyyətlərinə təzyiqlərinin nəticəsidir. Birqütblü dünyada kiçik və orta dövlətlər lider güc mərkəzi ilə münasibətləri qura bildiyi halda, çoxqütblü dünya düzənində bütün qütblərlə eyni dərəcədə yaxşı əlaqələr qurmaq üçün resurslar kifayət etmədiyi üçün narazı qalan güc mərkəzlərindən təzyiqlərə start verilir.

Jonathan M Powell və Clayton L Thyne-ın araşdırmalarına görə 1950-1990-cı illər ikiqütblülük dövrü dünyada intensiv münaqişələr və o zamana xas qanlı dövlət çevrilişləri ilə xarakterizə olunub. Hesablamalara görə, qeyd olunan 40 ildə dünya təxminən 457 (yaxud başqa hesablamaya görə 492) dövlət çevrilişi və çevriliş cəhdinə şahid olmuşdu. Bu hər il 10-15 çevriliş və buna cəhd deməkdir.

ABŞ və SSRİ-nin “olum ya qalım” savaşına girdiyi 1960-1970-ci illəri əhatə edən 20 il isə dövlət çevrilişləri (həmçinin cəhdlər) və qlobal təsirli regional müharibələrin kulminasiya dövrü oldu. Bu dövrdə orta hesablama ilə ildə 20 çevriliş və çevrilişə cəhd olub. İkiqütblü dünyanın hərbi-siyasi güc qütbü olan SSRİ-nin zəifləməsi nəticəsində dövlət çevrilişləri və çevrilişə cəhdlərin sayı azalmağa başladı. 2008-2017-ci illərdə təxminən 28 çevriliş cəhdi baş verdi ki, bu da son 60 ilin ən aşağı göstəricisidir.

Lakin, digər göstəricilər artmağa başladı. Birqütblü dünyada birtərəfli qaydada Küveyt, İraq, keçmiş Yuqoslaviya, Əfqanistana hərbi müdaxilələrin artması müşahidə olundu.

Ölkə daxili dəyişikliklər isə seçkilərə etiraz, vaxtından əvvəl seçkilər və aksiyalar, çəhrayi inqilablar vasitəsilə həyata keçirilirdi. Bu isə birqütblü dünyanın qüsurlarıdır.

Dünya yenidən ikiqütblülük dövrünə daxil olduqca, regional müharibələrin, dövlət çevrilişlərinin və buna cəhdlərin sayının artması müşahdə olunmaqdadır. Məsələn, University of Illinois Cline Center Coup d'État Project-ə görə, 2021-ci ildən etibarən dünyada hər il 14-16 çevriliş, çevriliş cəhdi və ya dövlət çevrilişi planı qeyd olunur. Bu rəqəm 2008-2017-ci illərlə müqayisədə çox olsa da, 1960-70-ci illərin səviyyəsinə çatmayıb. Lakin, 2025-ci il hələ bitməsə də, artım tendensiyası görünür.

2020-2024-cü illərdə dövlət çevrilişləri və cəhdləri bütün regionlarda müşahidə olunsa da, ən çox, ikiqütblü dünyanın resurslar uğrunda mübarizə apardığı Afrika qitəsində qeydə alınıb.

1960-70-ci illərdə, Afrikadan başqa, dövlət çevrilişləri və çevrilişə cəhdlərinin ən çox baş verdiyi qitə Latın Amerikası idi. Əgər həmin dövrdə bütün çevrilişlərin 38%-i Afrikanın payına düşürdüsə, Latın Amerikasında bu 30% təşkil edirdi.

Kənardan müdaxilələr nəticəsində ölkədaxili sabitliyin pozulmasının tarixi alqoritmlərinin təhlili göstərir ki, dünyanın ikiqütblü olduğu dövründə xammal ehtiyatları və strateji coğrafi əhəmiyyətə malik kiçik və orta miqyaslı ölkələrin xüsusilə ehtiyatlı olması, preventiv tədbirlər üçün ciddi səbəblər var.

Təhlükələrin qabaqcadan müəyyən edilməsi və neytrallaşdırılması

Böyük geosiyasi savaşlara, regional konfliktlərə və daxil sabitliyin qorunmasına hazırlıq üç istiqaməti əhatə edir:

iqtisadi və maliyyə gücünün təmin edilməsi, ehtiyatların (rezervlərin) yaradılması;

ordunun və xüsusi xidmətlərin yüksək hazırlıq səviyyəsi;

siyasi sistemin möhkəmləndirilməsi və onun ekstremal vəziyyətlərdə dayanıqlı vəziyyətə gətirilməsi.

Əslində isə, kontekstdən asılı olaraq, siyasi sistemin möhkəmləndirilməsini prioritet hesab etmək olar. Çünki hər şey siyasi iradədən başlayır.

Təhlükələrlə və yeni imkanlarla zəngin olan tarixin bu mərhələsi ilk növbədə ölkədaxilində siyasi hakimiyyətin möhkəmləndirilməsini tələb edir. Çünki böyük proseslərin başlanğıcı - daxili qüvvələrin səfərbərliyindən başlayır.

Azərbaycan rəhbərliyi qlobal nizamın dəyişikliklərini vaxtında təhlil edərək “siyasi sədaqət və peşəkarlığın” sintezindən ibarət sistemə keçidi sürətləndirdi.

Azərbaycanda 2016-cı ildə keçirilmiş konstitusion və idarəetmə islahatları geosiyasi və strateji transformasiyalara cavab olaraq hazırlanmışdı.

Artıq bu gün, geriyə baxanda, demək olar ki, 2016-cı ilin konstitusiya islahatları Azərbaycanı genişmiqyaslı Vətən müharibəsinə və qlobal dəyişikliklərə hazırlayan, daxili siyasətə müdaxilələrin qarşısını alan strateji addım olmuşdur.

Bu islahatlar ölkənin siyasi arxitekturasını köklü şəkildə dəyişdi.

Aprel döyüşlərindən referenduma və Vətən müharibəsinə doğru:

təsadüf, yoxsa planlı ardıcıllıq?

2016-cı ilin aprelində Ermənistanın təxribatları və Azərbaycan ordusunun uğurlu əks-hücumu - Cənubi Qafqazda qlobal dəyişikliklərin ilk siqnalı oldu. Bundan əvvəl Azərbaycan sadəcə erməni ordusunun atəşinə cavab atəşi verirdi. Lakin, bu dəfə əks-hücuma keçdi. Həmin ilin sentyabrında konstitusiya islahatları üzrə referendum keçirildi:

prezidentin səlahiyyətləri genişləndi;

hakimiyyətin müxtəlif sahələri üzərində nəzarət gücləndirildi;

vitse-prezident institutu yaradıldı.

O dövrdə bunu dərk etmək çətin olsa da, artıq 2016-cı ilin aprelindəki döyüşlərlə konstitusiya islahatları arasındakı strateji əlaqə aydın görünür:

əks-hücumla hərbi-siyasi gücün yoxlanması;

Ermənistanda siyasi vəziyyətin dəyişməsi;

Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi;

və nəhayət, daha böyük hərbi konfliktə və ərazilərin azad olunmasına hazırlıq.

Qlobal dəyişikliklərin Cənubi Qafqaza iki formada təsir edəcəyi gözlənilirdi: birincisi, ölkələrdə siyasi sabitliyin pozulması; ikincisi, konfliktlərin yenidən alovlanması.

2018-ci ildə Ermənistanda növbədənkənar seçkilər və daha sonra Gürcistana siyasi müdaxilələr göstərdi ki, birqütblü dünya nizamının köhnə alqoritmləri işləməyə başlayıb. Yalnız 2017-ci ildə, 1 il ərzində Gürcistana ABŞ-nin vitse-prezidenti Mayk Pens, dövlət katibi Reks Tillerson və senator Con Makkeyn səfər etmişdi. Angela Merkel 2018-ci ildə Gürcistana səfərində Rusiyanın sərhəd xəttinə qədər yaxınlaşmışdı.

Cənubi Qafqazda ikiqütblü mübarizə qızğın fazaya daxil oldu. Azərbaycanı ardınca Gürcüstan da Konstitusiyasını yenilədi və öz reallıqlarına uyğun olaraq tamamilə parlament respublikasına çevrildi. 2023-2025-ci illərdə Gürcüstanda Qərbə inteqrasiya tərəfdarları etiraz aksiyaları keçirdi.

Digər Cənubi Qafqaz ölkəsi - Ermənistanda isə 2018-ci ildən başlayaraq 7 ildir ki, pro-qərb qüvvələrlə pro-rus qüvvələri arasında mübarizə davam edir.

Bu səbəbdən ordu hazırlığı ilə yanaşı, hakimiyyətin gücləndirilməsi fonunda daxildə siyasi konsolidasiya - ən vacib çağırışlardan biri olmuşdu.

Prezidentin səlahiyyətlərinin genişləndirilməsi - gələcəkdə genişmiqyaslı müharibəyə hazırlıq üçün hüquqi və siyasi bazanı təmin etdi:

qərarların operativ qəbulunu asanlaşdırdı;

parlament və digər institutlar üzərində nəzarəti gücləndirdi.

Vitse-prezident institutunun yaradılması:

müharibə və fövqəladə vəziyyət zamanı dayanıqlı idarəetməni təmin etdi;

Birinci vitse-prezident postuna Mehriban Əliyevanın təyinatı - ekstremal vəziyyətdə yeni siyasi müdafiə xətti yaratdı;

siyasi sistemin və hakimiyyətin dayanıqlığını möhkəmləndirdi;

siyasi sistemin potensial təhlükə yarada biləcək bütün sahələri nəzarət altına aldı;

siyasi sistemə xaricdən müdaxilə planlarını apriori uğursuz etdi, onların uğursuzluq faktoruna çevrildi;

müharibə zamanlarına xas olan siyasi riskləri minimuma endirdi.

Siyasi islahatların nəticələri

Vitse-prezident institutu: siyasi müdafiənin əsas xətti və şəxsiyyətin həlledici rolu

Əsas nəticə odur ki, ölkəmiz qlobal fırtınalar mərhələsinin bizim regiondakı təlatümlərindən uğurla keçdi və qalib çıxdı. Müharibədə iştirak edən Ali Baş Komandanın siyasi təhlükəsizliyinin təmin edilməsi, döyüşən ordunun gücü və peşəkarlığı qədər vacibdir.

Ordu - hərbi təhlükəsizliyi təmin edirsə, etibarlı siyasi komanda - siyasi təhlükəsizliyin qarantıdır.

Müharibə vəziyyətində olan ölkə üçün arxa cəbhədə siyasi təhlükəsizliyin nə qədər vacib olduğunu təsdiq edən çoxsaylı tarixi nümunələr mövcuddur.

1990-1993-cü illərdə Azərbaycanda siyasi təhlükəsizlik sahəsindəki boşluqlar nəticəsində, hökumətin dayanıqlığını təmin etmək mümkün deyildi və nəticədə döyüş meydanında problemlər yaranırdı. Siyasi təhlükəsizlik, müvafiq hüquqi və inzibati konfiqurasiyanın yaradılmasını, siyasi sistemdə balansın təmin olunmasını və əlbəttə ki, məhz etibarlı şəxslərin təyinatını tələb edir.

Məsələn, 1756-1763-cü illərdə Yeddillik müharibə zamanı Rusiyada saray çevrilişi və fikir ayrılıqları nəticəsində şərtlər Rusiyanın əleyhinə, Prussiyanın lehinə dəyişmişdi.

Birinci dünya müharibəsindən də misal gətirmək olar. Siyasi rəhbərliyin zəifliyi və etibarlı silahdaşların olmaması səbəbindən Rusiyada hakimiyyət böhranı yarandı və nəticədə ölkə müharibədən məğlub çıxdı və inqilaba yuvarlandı.

Azərbaycanda siyasi sistemdə həyata keçirilən islahatlar pandemiyada, 44 günlük müharibə zamanı və sonrakı geosiyasi transformasiyalar dövründə özünü doğrultdu. Nəticədə, hakimiyyət - təşkilati, inzibati və siyasi cəhətdən bütün qəsd planlarından qorunmuş oldu.

Bu istiqamətdə prezidentlik institutunun siyasi təhlükəsizliyini təmin etmək yükü, həmçinin hakimiyyətin dayanıqlığı və təhlükəsizliyi sahəsində əsas müdafiə xətti - vitse-prezidentlik institutunun, daha dəqiq desək, birinci vitse-prezidentin üzərinə düşdü.

Bu məsələdə vacib amil – şəxsiyyətdir. Çünki burada həlledici faktor - ekstremal şəraitdə prezidentlik institutunun siyasi müdafiəsini üzərinə götürmüş forposta kimin rəhbərlik etməsidir.

Dövlətin ikinci şəxsi başda olmaqla, əsas hakimiyyət qolları siyasi təhdidlərdən qorumaq missiyasını da daşıyır.

Əsas sığortalayacı dövlət institutları etibarsız olanda

Şəxsiyyətin kimliyindən asılı olaraq, fərqli şəraitdə isə vitse-prezident institutu ciddi təhdid mənbəyinə də çevrilə bilər. Məsələn, 1991-ci ildə qlobal geosiyasi dəyişikliklər zamanı, yəni avqust çevrilişində, Mixail Qorbaçova qarşı onun siyasi komandası fəal iştirak etmişdi. Elə vitse-prezident Gennadi Yanayevin siyasi çətiri altında hüquq-mühafizə orqanları belə cəhdə getmişdi.

Digər tərəfdən, əgər 1993-cü ildə Rusiyada anti-konstitusion qüvvələr Boris Yeltsinin arxasında vitse-ptezident postunu tutan Aleksandr Rutskoyun durduğuna əmin olsaydılar, 3-4 oktyabr hadisələri baş verməzdi. Yəni, siyasi-hüquqi çətir olmadan istənilən ölkədə destabilizasiya yaratmaq ideyası mənasızdır, məntiqsizdir və məğlubiyyətə məhkumdur. Çevrilişə cəhd edənlər isə mövcud siyasi boşluqlardan ruhlanaraq Rusiyanı uçurumun kənarına gətirdilər.

Başqa nümunə – Kamala Harrisin Joe Baydenin praymerizdə və seçki kampaniyasının başlanğıc mərhələsində uğursuzluğa məruz qalmasında maraqlı olması, komanda daxilində parçalanmaya səbəb oldu və demokratlara ictimai etimadı ciddi şəkildə zəiflətdi.

Buna görə də dövlətin ikinci postunun əsas missiyalarından biri - ekstremal vəziyyətlərdə bütövlükdə siyasi sistemi və silahdaşı olduğu ali hakimiyyəti sığorta etməkdir.

Əsas sığortalayacı dövlət institututları etibarlı olanda

Beləliklə, həlledici məsələ ən etibarlı və eyni zamanda siyasi nüfuza malik şəxsin seçilməsi və təyinatıdır. Tariximizin ən həssas dövründə, başqa seçimə yol vermək mümkün deyildi və nəticədə yalnız doğru qərarlar qəbul edildi.

Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməklə Prezident mövcud administrativ gücünü əlavə, daha bir mühüm administrativ dayaq nöqtəsi ilə təmin etdi. İndi, 9 ildən sonra görünür ki, birinci xanım həm Prezidenti, həm də ölkəni necə çətin mərhələlərdə, hansı potensial təhlükələrdən sığortalamaq üçün, nə qədər böyük riskə gedibmiş.

Gözlənildiyi kimi, birinci vitse-prezident, islahatların və xarici hücumların zərbələrini üzərinə götürərək prezidentlik institutunun siyasi təhlükəsizliyinin sığortaedici faktoru oldu. Artıq nəticələrə əsasən demək olar ki, bu missiya ən çətin sınaqlardan uğurla çıxdı və düşünülmüş nəticələrin əldə edilməsində mühüm rol oynadı.

Əgər vitse–prezidentliyin siyasi tarixdə necə qalacağına dair sual olarsa, ona belə cavab vermək lazımdır: Vitse-prezidentlik institutunun tarixi rolu Azərbaycanın siyasi tarixinin ən həlledici dövründə siyasi sistemin gücləndirməsi, dayanıqlığının artırılması və siyasi təhlükəsizliyə verdiyi töhfə ilə qeyd olunacaq.

Müharibə hər bir ölkənin tarixində siyasi təhdidlərə qarşı ən həssas, kövrək olduğu, hər kateqoriyadan olan düşmən elementlərin siyasi institutlara qarşı hərəkətə keçmək üçün həvəsləndiyi bir dövrdür.

Həssas dövrün təhlükələrini uğurla aşmaq, hər hansı arzuolunmaz hadisənin baş verməməsi, heç də onu planlayanların olmaması demək deyil, əksinə, onların əvvəlcədən qarşısı alınmış və islahatlar vasitəsilə istənilən cəhdin mənasız olduğu sübut edilmişdi.

Vitse-prezidentlik institutu, yeni siyasi sistemdəki rolu ilə daxili sabitliyi pozmaq, ölkənin beynəlxalq və hərbi gücünü zəiflətmək cəhdlərini qabaqcadan mümkünsüz etdi. Siyasi sistemdə hakimiyyəti zəiflətmək üçün hüquqi və inzibati boşluq qalmadı.

Prezidentlik institutunun ayrılıqda gücləndirilməsi, eyni zamanda daha bir müdafiə xəttinin yaradılması anti-konstitusion cəhdlərinin əvvəlcədən uğursuz olacağına şübhə yeri qoymadı. Siyasi sistemin konfiqurasiyası elə quruldu ki, ekstremal vəziyyətlərdə belə dövlət institutlarından istifadə etməklə istənilən antikonstitusion planları legitimləşdirmək cəhdi mümkünsüz oldu.

2016-cı ildə həyata keçirilən Konstitusiya və idarəetmə islahatlarının əsas nəticəsi odur ki, ölkə öz tarixinin ən həlledici dövrünə – pandemiya, Vətən müharibəsi və geosiyasi transformasiyalar, daxili işlərə xaricdən müdaxilələrin intensivləşdiyi dövrə möhkəmləndirilmiş siyasi sistem, güclü komanda ilə daxil oldu, onu uğurla başa çatdırdı və missiyasını davam etdirməkdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
azpolitika.info

2Источники