Məşhur mesajlaşma tətbiqi “Snapchat” istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödəniş tələb edəcək.
Publika.az xəbər verir ki, 2016-cı ildən tətbiqdə mövcud olan “Memories” funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunu saxlamağa imkan verir. Lakin yeni dəyişikliklərə əsasən, 5 gigabaytdan (GB) artıq yaddaşa malik olan istifadəçilər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar.
Şirkətin bildirdiyinə görə, istifadəçilərə əvvəlcə 100 GB-lıq yaddaş planı təklif ediləcək, daha yüksək həcmli yaddaş isə “Snapchat+” və “Snapchat Premium” abunəçilərinə ödəniş qarşılığında təqdim olunacaq.
Şirkət dəyişikliklərin qiyməti barədə məlumat verməsə də, bunun qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını bildirib.